Quba Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərmiş dram teatrlarından biri.

Abbasqulu ağa Bakıxanovun adını daşımış Quba Dövlət Dram Teatrı 1940-cı illərin əvvəllərindən 1962-ci ilə qədər Azərbaycanın Quba rayonunda fəaliyyət göstərmiş mədəniyyət müəssisəsidir. Teatr fəaliyyət göstərdiyi dövr ərzində regionun mühüm mədəniyyət ocaqlarından biri hesab olunmuşdur.

Tarixçə Quba şəhərində birinci teatr tamaşası 1874-cü ildə göstərilmişdir.

1896-cı il avqustun 17-də Quba şəhər qiraətxanasının xeyrinə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası oynanılıb. XX əsrin əvvəllərində şəhərdə "Cəmiyyət evi" yaradılıb. Ziyalılar xeyriyyə məqsədilə 1906-cı il iyunun 28-də Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasını, 1909-cu il avqustun 1-də Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasını, 1911-ci ilin yay aylarında Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasını, Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" vodevilini, "Əli Hüseyn" təbdilini oynayıblar. 1911-ci ilin qış aylarında Bakıdan gəlmiş Sidqi Ruhullanın iştirakı və rejissorluğu ilə yerli həvəskarlar Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Nəriman Nərimanovun "Nadir şah" tamaşalarını səhnələşdiriblər. Sidqi Ruhullanın rejissorluğu ilə 1912-ci ilin avqustunda Hüseynqulu Sarabskinin "Cəhalət", 1915-ci ilin iyun ayında Nəriman Nərimanovun "Dilin bəlası" tamaşaları oynanalıb. Quba şəhərində teatr prosesinin canlanmasında dramaturq-müəllim Səkinə Axundzadə və maarifçi Şıxəli bəy Nəzərovun rolu olub.

1920-ci ildə Azərbaycanda sovet işğalından sonra 1938-ci ilə qədər Quba şəhərində bir neçə dram dərnəyi fəaliyyət göstərib. Quba şəhərində eləcə də bəzi kənd məktəblərində də teatr dəstələri tamaşalar hazırlayıblar. Məhz bu dərnək və dəstələrin əsasında 1938-ci ildə Quba Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb.

Haqqında Qubada peşəkar teatr sənətinin əsası Sovet dövründə, 1940-cı ildə qoyulmuşdur. Müəssisə fəaliyyətə başladığı ilk illərdə "Kolxoz-Sovxoz Teatrı" statusu ilə fəaliyyət göstərmişdir. 1946-cı ildə teatrın statusu yüksəldilərək Dövlət Dram Teatrına çevrilmiş və həmin il müəssisəyə görkəmli Azərbaycan alimi və maarifçisi Abbasqulu ağa Bakıxanovun adı verilmişdir.

Teatrın peşəkar bir sənət ocağı kimi formalaşmasında və qısa müddətdə inkişaf etməsində görkəmli teatr xadimi, istedadlı aktyor və rejissor İsa Musayevin müstəsna xidmətləri olmuşdur. Onun teatra direktor və bədii rəhbər təyin olunması kollektivin yaradıcılıq intizamının güclənməsinə, repertuarın zənginləşməsinə və tamaşaların bədii keyfiyyətinin artmasına ciddi təkan vermişdir.

Teatrın truppasında müxtəlif illərdə Azərbaycanın və qonşu respublikaların incəsənət tarixində mühüm iz qoymuş Səyavuş Aslan, Düriyyə Rəhimova, Ofeliya Əfqanlı, Məcnun Hacıbəyov, Ağakişi Kazımov, Cəlil Bağdadbəyov, Yusif Yulduz, eləcə də Mustafa Süleymanov, Məmməd Əhmədov, Gülsüm Fərəczadə, Cavanşir Əhmədov, Metetya Ruvinov, Əli Cəfərov və Məmmədağa Rzayev kimi tanınmış sənətkarlar çıxış etmişlər.

Quba teatrı paytaxtın mədəniyyət ocaqları ilə də sıx əməkdaşlıq etmişdir. Bakı teatrlarından dəvət olunan peşəkar rejissor və aktyorlar burada mükəmməl səhnə əsərlərinin ərsəyə gəlməsində yaxından iştirak etmişlər. Müxtəlif dövrlərdə Tofiq Kazımov, Ağaəli Dadaşov və Miryusif Manafov teatrda bir sıra tamaşalara quruluş verərək, yerli truppanın peşəkar inkişafına töhfə vermişlər.

Müəssisə 1962-ci il noyabrın 2-də rəsmi olaraq fəaliyyətini dayandırmışdır. Teatrın bağlanması ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Şahidlərin və dövrün aktyorlarının xatirələrinə əsasən, bağlanma prosesində daxili münaqişələrin və subyektiv amillərin rol oynadığı ehtimal edilir. Teatrın aktrisası Düriyyə Rəhimovanın xatirələrinə görə, kollektiv daxilində millətlərarası gərginlik (erməni əsilli, Anik ləqəbli Anaida Şaginyan adlı aktrisanın yaratdığı qalmaqallar) və yaradıcı heyət arasında baş verən mübahisələr teatrın idarəçiliyinə mənfi təsir göstərmişdir. Xüsusilə, baş rolların bölüşdürülməsi və yaradıcı əməyin qiymətləndirilməsi ilə bağlı yaranan narazılıqlar rəhbərlik səviyyəsində həllini tapmamış, bu da müəssisənin fəaliyyətinin dayandırılmasına zəmin yaradan amillərdən biri kimi göstərilmişdir.

Quba teatrı qısa fasilələrlə 1963-cü ildə fəaliyyətini dayandırdı.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Quba teatrı: Xatirələrdən könüllərə və könüllülərə... Kateqoriya:Azərbaycan teatrları