Vətən və Hürriyyət () — XX əsrin əvvəllərində Osmanlı sultanı II Əbdülhəmidin avtoritar rejiminə qarşı çıxan islahatçı zabitlər tərəfindən yaradılmış kiçik və gizli inqilabi cəmiyyət. Təşkilat Suriyada sürgündə olduğu dövrdə Mustafa Cantəkin tərəfindən təsis edilmişdir. Türkiyə Respublikasının gələcək qurucusu Mustafa Kamal Atatürk 1905-ci ildə Osmanlı ordusunda gənc leytenant kimi Dəməşqdə xidmət edən zaman bu cəmiyyətə qoşulmuşdur.Bay, Austin. Ataturk: Lessons in Leadership from the Greatest General of the Ottoman Empire. New York: Palgrave Macmillan, 2011. Print.
Zəmin
Hələ Hərbi məktəbdə tələbə olduğu dövrdə Mustafa Kamal özü kimi Türkiyənin təhlükə altında olduğunu düşünən zabit namizədi dostları ilə birlikdə müxtəlif yazı fəaliyyəti aparmışdır. Onların nəşr etdikləri, siyasi məzmunlu və "Vətən" adlanan tək səhifəlik qəzet səbəbilə saxlanılan qrup, eyni düşüncələri bölüşən vətənpərvər müəllimlərin müdaxiləsi nəticəsində xilas edilmişdir.Daniel, Chroniques de l'histoire: Atatürk, édition Chronique,
Hərbi məktəbi bitirdikdən sonra qrupun fəaliyyəti məktəbdən kənarda da davam etmişdir. İcarəyə götürdükləri bir mənzildə toplantılar keçirmiş, qərarlar qəbul etmiş və qəzetin nəşrini sürdürmüşdülər. Bir axşam ölkə üzrə bütün "Vətən" qrupuna aid evlərə eyni vaxtda basqın təşkil edilmiş, sorğu-sualdan sonra qrup üzvləri Daşkışlaya aparılmışdır. Dostlarından ayrılaraq həftələrlə tək qalan Mustafa Kamal bu hadisələrdən sonra siyasətin ciddiyə alınmalı bir sahə olduğu qənaətinə gəlmişdir.
Yaranması
Sultan tərəfindən əfv edilən Mustafa Kamal 5 fevral 1905-ci il tarixində Dəməşqdə yerləşdirilmiş 5-ci Orduya təyin edilmişdir. Burada ona fəal bir vəzifə verilmədiyindən, boş vaxtlarını müasir müəlliflərin əsərlərini oxumaqla keçirməyə başlamışdır.
Bu dövrdə Mustafa Kamal İstanbuldan Tibbiyyədəki siyasi fəaliyyəti səbəbilə sürgün edilmiş və Dəməşqə göndərilmiş, şəhər bazarında ticarətlə məşğul olan Mustafa Cantəkin ilə tanış olmuşdur. 1906-cı ilin oktyabr ayında aparılan uzun müzakirələr nəticəsində formalaşan ideyalar əsasında, Lütfi Lütfi Müfit Özdəşin də iştirakı ilə Vətən və Hürriyyət Cəmiyyəti yaradılmışdır.Türk Parlamento Tarihi Araştırma Grubu, TBMB - II. Dönem 1923-1927 - III. Cilt: II. Dönem Milletvekillerin Özgeçmişleri, Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları, Ankara, 1995, , pp. 523-524. Mustafa Əfəndinin dükanı gizli təşkilatın qərargahı kimi istifadə olunmuşdur.
Mustafa Kamal əvvəlcə dostları ilə birlikdə cəmiyyətin Beyrut, Yafa və Qüds şöbələrini açmış, daha sonra Misir və Yunanıstan üzərindən gizli şəkildə Salonikiyə keçərək həm anasını ziyarət etmiş, həm də cəmiyyətin Saloniki şöbəsini təsis etmişdir. Bu şöbənin açılışı münasibətilə etdiyi çıxışında Mustafa Kamal ölkənin ağır vəziyyətini, xarici təsirin və avtoritar idarəçiliyin dövlət və millət üzərində yaratdığı dağıdıcı nəticələri vurğulamış, azadlığın tərəqqi və xilasın əsas şərti olduğunu bildirmişdir. O, Suriyada qurduqları təşkilat vasitəsilə istibdada qarşı mübarizəyə başladıqlarını, Salonikidə isə bu təşkilatlanmanı genişləndirməyi hədəflədiklərini qeyd etmiş, ilkin mərhələdə gizli fəaliyyətin və möhkəm təşkilati strukturun zəruri olduğunu, məqsədin isə köhnəlmiş idarə üsulunu aradan qaldıraraq milləti hakim mövqeyə gətirmək və Türkiyəni xilas etmək olduğunu ifadə etmişdir.Atatürk'ün Bütün Eserleri, Cilt: 1 (1903-1915), Kaynak Yayınları, s. 32.
Mustafa Kamalın Dəməşqdən ayrılması saray çevrələrinə çatmış, lakin fikirlərinin bəzi üst rütbəli şəxslər tərəfindən dəstəklənməsi səbəbilə cəzalandırılmamışdır. Dəməşqə qayıtdıqdan sonra 20 iyun 1907-ci il tarixində baş kapitan rütbəsi almış və Dəməşqdə yerləşən ordunun qərargah rəisliyində vəzifəyə təyin edilmişdir.Mustapha Kémal ou La mort d'un empire, Jacques Benoist-Méchin, éditions Albin Michel, 1954,
İttihad və Tərəqqi
Baş kapitan Mustafa Kamal 13 oktyabr 1907-ci il tarixində mərkəzi Manastırda yerləşən 3-cü Ordu Qərargahına təyin edilmiş və cəmiyyətin Saloniki şöbəsində fəaliyyət göstərmək üçün Manastırdan Salonikiyə gəlmişdir. Burada Vətən və Hürriyyət Cəmiyyətinin Salonikidə fəaliyyət göstərən İttihad və Tərəqqi Cəmiyyətinə qoşulduğunu öyrənmişdir. Sonradan dostu Ömər Nacinin təkidi ilə özü də İttihad və Tərəqqi Cəmiyyətinə üzv olmuşdur. Bununla belə, Mustafa Kamal Vətən və Hürriyyət Cəmiyyətində həyata keçirməyi planlaşdırdığı bir sıra məqsədlərin İttihad və Tərəqqi daxilində reallaşdırılmasının mümkün olmadığını ilk gündən dərk etmiş və bu səbəbdən başlanğıcdan etibarən cəmiyyət rəhbərliyi ilə tam fikir birliyinə gələ bilməmişdir.
İstinadlar
Kateqoriya:Mustafa Kamal Atatürk