Elbəyi Kərimli (əsl soyadı Kərimov; ) — Azərbaycan ictimai-siyasi fəalı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü. O, müxalifət yönlü fəaliyyəti və hakimiyyəti açıq şəkildə tənqid etməsi ilə tanınmış, bir sıra müstəqil media qurumları və insan haqları təşkilatları tərəfindən Azərbaycanda müxalif fəallara qarşı repressiyalar kontekstində qeyd edilmişdir. Uşaqlıq dövrünü valideyn himayəsindən kənarda keçirən Kərimli nənəsinin yanında böyümüşdür.

2023-cü ilin avqustunda Bakıda yerləşən Heydər Əliyev heykəli ilə bağlı etiraz aksiyasından sonra saxlanılan Elbəyi Kərimli barəsində narkotik maddələrin dövriyyəsi ittihamı ilə cinayət işi açılmışdır. O, saxlanılma zamanı fiziki zorakılığa və təzyiqlərə məruz qaldığını, ittihamların isə siyasi motivli olduğunu bildirmişdir. 2024-cü ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsi onu 6 il müddətinə azadlıqdan məhrum etmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmiş bə cəza müddətini 5 ilə endirmişdir. Müdafiə tərəfi və AXCP ittihamları rədd etmiş, bir sıra yerli və beynəlxalq insan haqları təşkilatları işi siyasi motivli hesab etmişdir.

Elbəyi Kərimli cəzaçəkmə müddətində də etiraz aksiyaları, o cümlədən aclıq aksiyaları keçirmiş, penitensiar müəssisədə təzyiq və zorakılığa məruz qaldığını iddia etmişdir. 13 dekabr 2025-ci ildə onun cəzaçəkmə müəssisəsində vəfat etdiyi açıqlanmış, hadisə rəsmi qurumlar və insan haqları təşkilatları tərəfindən araşdırma predmeti olmuşdur. Onun ölümü Azərbaycan cəmiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olmuş, ölkədə siyasi məhbuslar və həbsxanalarda ölüm halları mövzusunu yenidən gündəmə gətirmişdir.

Həyatı və siyasi fəaliyyəti Elbəyi Kərimli 2001-ci ildə anadan olmuşdur. Onun valideynləri olmamış və buna görə də nənəsinin himayəsində olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü kimi müxalifət yönlü ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Müstəqil media orqanlarının məlumatına görə, o, hakimiyyəti açıq tənqid edən fəallardan biri olmuşdur. Elbəyi Kərimlini Azərbaycanda müxalifət fəallarına qarşı artan repressiyalar kontekstində qeyd edilmişdir.

Həbs edilməsi 18 avqust 2023-cü ildə Elbəyi Kərimli Bakıda Heydər Əliyev Sarayının qarşısında yerləşən Heydər Əliyev heykəlinin üzərinə "Stalin" sözünü yazmışdır. O, bu aktı yerinə yetirən zaman hadisəni videoya çəkmişdi. Kərimli bu hərəkəti etiraz aktı kimi izah etmişdir. Bu zaman iki polis əməkdaşı ona yaxınlaşmış və saxlamış, post-patrul maşınına mindirdmişdir. Əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində saxlanılmışdır. İstintaqın məlumatına görə, orada şəxsi yoxlama zamanı Kərimlinin üzərindən 30,135 qram çəkidə evdə hazırlanmış heroin aşkar edilmişdir. Özünün verdiyi məlumata görə, saxlanıldığı 22-ci polis bölməsində fiziki zorakılıq göstərilmiş, işgəncələr verilmişdir. Həmçinin, Kərimli qeyd etmişdir ki, bölmədə ona "ya narkotik, ya da silah – birini seçməli"dir, yoxsa "vətənə xəyanət ittihamı ilə" həbs olunacaq və beləliklə, "hərbi obyektlərin şəkillərini Ermənistana, İrana ötürmək"də ittiham olunacaq. Daha sonra dövlət tərəfindən təyin olunmuş vəkil təqdim edilmişdir və Kərimlinin "etirafı" videokamera ilə çəkilmişdir. Elə həmin gün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Kərimli barəsində həbs qətimkan tədbiri seçmişdir.

19 avqust 2023-cü ildə məhkəmə-kimyəvi ekspertizası aşkar edilmiş narkotik maddələrin, yəni heroinin kustar üsulla istehsal olunduğunu müəyyən etmişdir. Həmin tarixdə aparılmış məhkəmə-narkoloji ekspertizası zamanı Kərimlinin qanında opioid və psixostimulyator maddələri aşkar edilmişdir və bu, saxlanılan şəxsi narkotik asılılığına gətirib çıxarmışdır. Məcburi müalicə mütləq hal olaraq müəyyən edilmişdir. Məhkəmə Kərimlinin postamentdəki yazı və polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməsi ilə bağlı ifadəsini özünümüdafiə kimi qəbul etmişdir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, fəalın həbs olunması barədə xəbəri oktyabrın 24-də partiya yoldaşlarına çatdıra bilmişdir. Buna qədər partiya üzvləri onun haqqında iyun ayından bəri məlumat ala bilməmişdir. Onun həbs edilməsi haqqında məlumat ictimailəşən dövrdə Elbəyi Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılırdı. O, narkotik maddələrin dövriyyəsi ittihamı ilə həbs edilmişdir. Elbəyi Kərimli ittihamları qəbul etməmiş və əslində, heykəl insidentinə görə həbs edildiyini bildirmişdir. AXCP də ittihamları rədd etmişdir. 30 noyabr 2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizası Kərimlinin heç bir ruhi xəstəlikdən əziyyət çəkmədiyini müəyyən etmişdir.

28 dekabrda Abşeron Rayon Məhkəməsi Elbəyi Kərimlinin həbs müddətini daha 20 gün uzatmışdır. Həmin məhkəmə prosesində Kərimli bildirmişdir ki, cinayət təqibinə etiraz olaraq dekabrın 27-dən istintaq təcridxanasında quru aclığa başlamışdır. 12 yanvar 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Elbəyi Kərimlinin işi üzrə hazırlıq iclası keçirilmişdir. Kərimli "etiraf"ı təzyiq altında etiraf etdiyini iddia etmişdir, lakin məhkəmə buna məhəl qoymamışdır. Onun vəkili Nemət Kərimli olmuşdur.

2 aprel 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə Elbəyi Kərimlini 6 il müddətinə azadlıqdan məhrum etmişdir. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə təqsirli bilinmişdir. Vəkili Nemət Kərimli bildirmişdir ki, "məhkəmə prosesi boyunca narkotik ittihamının əsassız olduğu sübut olunmuşdur". İnsan haqları təşkilatları və müxalifət xadimləri hesab etmişdilər ki, bu iş siyasi motivlidir və müxalifəti nüfuzdan salmaq və vətəndaş azadlıqlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

2024-cü ilin iyun ayında Bakı Apellyasiya Məhkəməsi əvvəlki maddəni tövsif etmiş və Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldəetmə, saxlama) maddəsi ilə qərar çıxarmış, fəalın cəza müddəti 5 ilə endirilmişdir. Elbəyi Kərimli 23 may 2025-ci ildə aclıq aksiyası başlatmışdır. O, "şərlənərək azadlıqdan məhrum edilməsinə" etiraz etdiyini qeyd etmişdir. Çox keçməmiş, Kərimli 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (tubzon) köçürülmüşdür. O, iyul ayında cərimə kamerasına (karser) salınmışdır. Kərimli iddia etmişdir ki, o, cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirlinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış etmiş və şərlənərək həbs olunduğunu demiş, bundan sonra isə o döyülmüş və "karser"ə salınmışdır.

Ölümü 13 dekabr 2025-ci ildə sosial şəbəkələrdə Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində vəfat etdiyi bildirilmişdir. AXCP-dən açıqlanmışdır ki, Kərimli həbsxananın tibbi məntəqəsində özünü asaraq intihar etmişdir, lakin partiyadan buna səbəb bildirilməmişdir. Onun saxlandığı cəzaçəkmə müəssisəsində 12 dekabrda baş verdiyi vurğulanmışdır. "Meydan TV" və "Human Rights Watch" insan haqları təşkilatı hadisəni intihar kimi qiymətləndirmişdir. AXCP-nin məlumatına görə Kərimli azadlığa çıxmaq istəyirmiş, lakin əfv ərizəsi yazmaqdan imtina etmişdir, həbsxanada isə ona ərizə yazmaq üçün təzyiqlər olunmuşdur. O, 14 dekabr 2025-ci ildə qeyri-ictimai şəkildə dəfn olunmuşdur. Onun dəfn edildiyi yer barədə məlumat ictimailəşməmişdir.

Rəsmi qurumlar ölüm faktı ilə bağlı araşdırma aparıldığını açıqlamışdır. Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılmağa başlanmışdır. "Meydan TV" cəzaçəkmə müəssisəsinin hər hansı bir əməkdaşının bu iş üzrə məsuliyyətə cəlb olunmadığını bildirmişdir.

İntihar xəbəri siyasi icmada müzakirələrə səbəb olmuşdur. Bir sıra müxaliflər Elbəyi Kərimlinin öldürüldüyünü iddia etmişdilər. Həmçinin, tənqidçilər Azərbaycanda cəzaçəkmə müəssisələrində ölüm hallarının yayğın olmasından və bu cür faktlar üzrə effektiv araşdırmaların aparılmamasından gileylənmişdilər. Bu hadisə Azərbaycanın müstəqillik dövründə həbsxanalarda həyatını itirən siyasi məhbuslar mövzusunu yenidən aktuallaşdırmışdır. Vaxtilə həbsdə olmuş jurnalist Əfqan Muxtarlı və bloger Mehman Hüseynov 2017-ci ildə həbsdə olan bloger, siyasi məhbus kimi tanınan Mehman Qələndərovun ölümünü xatırlatmışdılar. "Meydan TV" əməkdaşı Orxan Məmməd bildirmişdir ki, Kərimlini "bu müddət ərzində intihar həddinə çatdıranlar, ona işgəncələr verənlər barəsində dərhal tədbir görülməlidir".

"Human Rights Watch" insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Giorqi Qogiya Azərbaycan hakimiyyətinin 2025-ci ildə AXCP-yə qarşı təzyiqi gücləndirdiyini, ölkə üzrə onlarla partiya üzvünü qanunsuz saxladığını, əsassız inzibati və cinayət ittihamları ilə həbs etdiyini yazmışdır. 22 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV" işi üzrə növbəti məhkəmə prosesi keçirilmişdir. Hakim sözünü bitirəndən sonra təqsirli bilinən jurnalist Xəyalə Ağayeva ayağa qalxmış və zalda əyləşənləri Elbəyi Kərimlinin xatirəsini 1 dəqiqəlik sükutla anmağa çağırmışdır.

Mirağa Dadaş Elbəyi Kərimli haqqında şeir yazmışdır:

İstinadlar

Kateqoriya:Azərbaycan aktivistləri