Fərid İsmayılov (tam adı: Fərid Əlihüseyn oğlu İsmayılov; , Azərbaycan) — azərbaycanlı jurnalist və siyasi məhbus; "Toplum TV"-nin reportyoru.
6 mart 2024-cü ildə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsi tərəfindən "Toplum TV"nin rəhbər və jurnalistlərinə qarşı başlanmış cinayət işi çərçivəsində o, cinayət məsuliyyətinə cəlb edilmişdir. 8 mart 2024-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, 17 yanvar 2025-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdir. 22 yanvar 2025-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə ittihamlar ağırlaşdırılmışdır. Fərid İsmayılova və bu iş üzrə həbs edilmiş digər şəxslərə Cinayət Məcəlləsinin yeddi maddəsi üzrə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 162–1.1-ci, 192.3.2-ci, 193–1.3.1-ci, 193–1.3.2-ci, 206.4-cü və 213.2.1-ci maddələri üzrə yeni ittihamlar irəli sürülmüşdür.
Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təsisatları Fərid İsmayılovun həbsini siyasi motivli adlandıraraq pisləmiş və Azərbaycan iqtidarını onu dərhal azad etməyə çağırmışdır.
Hazırda o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Erkən illəri və jurnalist fəaliyyəti Fərid Əlihüseyn oğlu İsmayılov 4 sentyabr 1998-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub.
2015–2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.
2019–2021-ci illərdə Bakı Mühəndislik Universitetində (BEU) magistr dərəcəsi alıb.
2021–2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub.
Jurnalist fəaliyyəti ilə 2019-cu ildən məşğuldur. 2019–2021-ci illərdə "Kanal13" internet televiziyasında reportyor olaraq çalışıb, 2022-ci ildən isə "Toplum TV"də reportyor olaraq fəaliyyət göstərir. Peşə fəaliyyəti dövründə dəfələrlə saxlanılmaya, polis tərəfindən maneələrə və pis rəftara məruz qalıb.
25 iyun 2023-cü ildə Fərid İsmayılov Daşkəsən rayonunun Söyüdlü kəndi ilə qonşu olan Çovdar kəndinin sakinləri ilə müsahibə apararkən, özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli iki şəxs ona yaxınlaşaraq kameranı əlindən almağa cəhd edib və yerli məmurların bu yaşayış məntəqəsindən reportajların aparılmasını qadağan etdiyini bildiriblər. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bu insidentin araşdırılması üçün Azərbaycan iqtidarına çağırış edib.
Həbs edilməsi (2025) 6 mart 2024-cü ildə Daxili İşlər Nazirliyi Demokratik Təşəbbüslər İnstitutunun (IDI) və "Toplum TV" internet televiziyasının ofisində axtarış aparmışdır. Nəticədə, "Toplum TV"nin video redaktoru Müşfiq Cababrov, reportyor Fərid İsmayılov və sosial media meneceri Elmir Abbasov da daxil olmaqla yeddi nəfər barəsində cinayət işi başlanmışdır. Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq) üzrə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bildirilmişdir ki, Fərid İsmayılovun yaşadığı mənzildə 3100 avro məbləğində nağd pul tapılmışdır. İsmayılov və onun vəkili Zibeydə Sadıqova bildirmişdir ki, həmin pul ona məxsus deyil və polis tərəfindən mənzilə atılıb. "Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl bu axtarışları və saxlanılmaları media azadlığının boğulması olaraq qiymətləndirmişdir. Daha sonra İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə aparılmış və ondan ifadə alınmışdır. 8 mart tarixində Fərid İsmayılov azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
17 yanvar tarixində günorta saatlarında Fərid İsmayılov polis tərəfindən öz mənzilində saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılmışdır. Onun barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbirinin ləğv edilməsi və həbs qətimkan tədbiri ilə əvəz olunması barədə təqdimat hazırlanmışdır. Həmin gün Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın qərarı ilə Fərid İsmayılov 2 ay 20 gün müddətinə həbs edilmişdir. 22 yanvar tarixində Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova onunla Bakı İstintaq Təcridxanasında görüşmüşdür. Vəkilin sözlərinə görə, "Fərid İsmayılov bildirib ki, barəsində həbs qətimkan tədbirinin seçilməsinin səbəbi istintaq dövründə apardığı jurnalist fəaliyyəti olub. Məhkəmədə prokurorluq iddia edib ki, guya İsmayılov iyul–avqust aylarında Azərbaycanın bəzi bölgələrində olub və bu barədə istintaqa məlumat verməyib. Bu, tamamilə həqiqətə uyğun deyil. Birincisi, İsmayılov göstərilən bölgələrdə olmayıb, başqa bölgələrdə olub və bu barədə istintaqa məlumat verib. Əgər prokurorluq bunu əsas kimi götürürsə, niyə iyul–avqust aylarında onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat verməyib?", – deyə Sadıqova qeyd edib.
Cinayət işi üzrə ibtidai istintaq 22 yanvar tarixində başa çatmışdır. Bakı Şəhər Baş Polis İdarəsində aparılan ibtidai istintaq çərçivəsində ona Cinayət Məcəlləsinin 162–1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193–1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193–1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri ödəməkdən yayınma — mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə üzrə yeni ittihamlar irəli sürülmüşdür.
24 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsi Fərid İsmayılovun həbsi ilə bağlı verilmiş apellyasiya şikayətinə baxmışdır.. Vəkil Zibeydə Sadıqova bildirib ki, müdafiə tərəfi jurnalistin səhhətindəki problemləri və ibtidai istintaqın başa çatmasını nəzərə alaraq onun həbsdə saxlanılmasına ehtiyac olmadığını əsaslandırıb. Bundan əlavə, o qeyd edib ki, İsmayılov istintaq dövründə polis nəzarətində olub və polisə çağırışlardan yayınmayıb. Həmçinin onun ciddi sağlamlıq problemləri var və yeddi dəfə əməliyyat keçirib. Buna baxmayaraq, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
Beynəlxalq diqqət Həbslərdən dərhal sonra, 2024-cü ilin mart ayında Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan iqtidarını "Toplum TV"nin jurnalistlərini azad etməyə, müstəqil media nümayəndələrinə qarşı irəli sürülmüş bütün ittihamları ləğv etməyə və KİV-in sərbəst fəaliyyəti üçün şərait yaratmağa çağırmışdır. "Sərhədsiz Reportyorlar" (RSF) isə Azərbaycanda müstəqil medianın təqibini və jurnalistlərin "saysız-hesabsız" həbslərini pisləmişdir.
22 yanvar tarixində Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Fərid İsmayılovun həbsini pisləyən bəyanatla çıxış etmişdir.
Xarici keçidlər
İstinadlar Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:Azərbaycanlı siyasi məhbuslar Kateqoriya:Bakı İstintaq Təcridxanasının məhbusları Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Azərbaycan demokratiya aktivistləri Kateqoriya:XXI əsr Azərbaycan şəxsləri