Aşurov Mustafa Əhməd oğlu () — Azərbaycan Dövlət Televiziya və Radiosu, Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru (2017–2023), Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (2023–2026), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru (2026–hal-hazırda).

Bioqrafiya 31 iyul 1991-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri Bağça-Məktəb-Lisey kompleksinin Gültəkin Əsgərova adına 200 saylı orta məktəbinin I sinfinə getmişdir. 2001-ci ildə L.və M. Rostropoviçlər adına 21 saylı, 11 illik musiqi məktəbinin "Xalq çalğı alətləri" şöbəsinin tar ixtisası üzrə l sinfinə qəbul olmuşdur. Həmin dövrdən etibarən səhnə fəaliyyətinə başlamışdır. 2008-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə bitirmişdir. 2008–2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında tar ifaçılığı ixtisası üzrə təhsil almışdır. 2013–2015-ci illərdə isə Milli Konservatoriyada dirijorluq ixtisası üzrə magistr dərəcəsi almışdır. Bakalavr və magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.

Mustafa Aşurov professional səhnə fəaliyyətinə 2003-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında W. A. Mozartın "Rondo" əsəri ilə başlamışdır. Eyni il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə Xalq artisti Hacı Xanməmmədovun tar ilə orkestr üçün 4 saylı konsertini ifa etmiş, 2004-cü ildə isə tar ilə orkestr üçün 1 saylı konsertini müvəffəqiyyətlə təqdim etmişdir.

2005-ci ildə Mustafa Aşurov bir sıra musiqi müsabiqələrində fərqlənmişdir. O, Xalq artisti tarzən Hacı Məmmədov adına keçirilən VII Bakı musiqi müsabiqəsində I dərəcəli diplom qazanaraq müsabiqənin laureatı olmuşdur. Eyni ildə "Oxu tar-2005" I Bakı müsabiqəsi, Bəhram Mansurov adına Muğam müsabiqəsi və "Pöhrə-2005" Respublika baxış müsabiqəsində də I dərəcəli diploma layiq görülərək laureat adını qazanmışdır. 2008-ci ildə isə Xalq Çalğı Alətləri üzrə Respublika Müsabiqəsində laureat adını qazanaraq I yerə layiq görülmüşdür.

2005-ci ildə Kiyev şəhərində keçirilən Beynəlxalq Delfi oyunlarında Mustafa Aşurov "Milli musiqi alətləri" nominasiyası üzrə "Qızıl medal"a layiq görülmüş və beynəlxalq müsabiqənin qalibi olmuşdur. O, Çaykovski adına Kiyev Dövlət Musiqi Akademiyasında keçirilən qaliblərin "Qala konserti"ndə Tofiq Quliyevin "Qaytağı" əsərini ifa etmişdir.

2006-cı ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Dünya gənclərinin musiqi festivalı"nda Azərbaycanı təmsil etmiş, finalda çıxış etmək hüququ qazanan yeganə solist ifaçı olmuşdur. O, festivalda solo konsert proqramları ilə çıxış etmişdir. 2007-ci ildə isə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və himayədarlığı ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Parisin mərkəzində yerləşən Sent-Mari Madlen kilsəsində geniş konsert proqramı təqdim etmişdir. Konsertdə Mustafa Aşurov tarda solo ifa ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 iyun 2007-ci il tarixli Sərəncamı ilə Mustafa Aşurovun adı Azərbaycan Respublikasının gənc istedadlarının "Qızıl Kitabı"na daxil edilmiş və o, Prezident təqaüdünə layiq görülmüşdür.

2008-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Beynəlxalq turizm" sərgisində Azərbaycan muğamları, xalq mahnıları və rəqslərini ifa etmiş, mart ayında Almaniyada keçirilən "Azərbaycan ilinin" açılış tədbirlərində çıxış etmişdir. May ayında UNESCO-nun Paris şəhərində yerləşən mənzil qərargahında və Strasburq şəhərlərində, eləcə də Belçikanın Brüssel şəhərində keçirilən konsertlərdə solist və trio üzvü kimi iştirak etmişdir. Eyni ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən "Prezident təqaüdçülərinin" konsertində Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış etmiş, sentyabr ayında İsveçin Stokholm şəhərində Gənclər Dövlət Simfonik orkestrinin müşayiəti ilə solist kimi performans sərgiləmişdir.

2009-cu ildə Niderlandın Haaqa şəhərində, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə Dövlət Gənclər Kamera Orkestrinin müşayiəti ilə solist və trio tərkibində səhnə almışdır. Həmin ildə Rusiyanın Moskva və Tatarıstanın Kazan şəhərlərində "Azərbaycan Mədəniyyəti Günləri" çərçivəsində solo ifa ilə çıxış etmişdir. Mustafa Aşurov 2013/2014-cü tədris ilində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində tar müəllimi kimi fəaliyyət göstərmiş, 2015-ci ildən 2024-cü ilin sentyabrına qədər Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ildən 2023-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radiosu, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin dirijoru olmuşdur. Bu dövrdə Heydər Əliyev Sarayında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Akademik Filarmoniyasında müxtəlif konsert proqramlarını idarə etmişdir. Səid Rüstəmov, Cahangir Cahangirov, Süleyman Ələsgərova həsr olunmuş yubiley və yaradıcılıq gecələrində, Mikayil Müsfiqə həsr olunmuş "Müşfiqli dünya" ədəbi-bədii gecədə, eləcə də Xan Şuşinski və Şövkət Ələkbərovanın xatirə gecələrində ifa olunan əsərlərin dirijorluğunu həyata keçirmişdir.

Mustafa Aşurov 2016-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və müəllim, 2021-ci ildən isə baş müəllim vəzifəsində çalışır. O, hər il Bakıda keçirilən Mstislav Rostropoviç Festivalında, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında və TÜRKSOY-un Azərbaycanda keçirilən yubiley tədbirlərində iştirak etmişdir. Həmçinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəvəti ilə qonaq dirijor kimi müxtəlif solo konsert proqramları ilə çıxış etmişdir.

2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri" çərçivəsində təşkil olunmuş qala konsertində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə tərkibindən yaradılmış orkestrə dirijorluq edərək geniş konsert proqramı ilə çıxış etmişdir. 2025-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycan musiqisinin parlaq simalarından biri Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dirijorluq etmək Mustafa Aşurova həvalə olunmuşdur.

Mustafa Aşurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncamlara əsasən 2024, 2025, 2026-cı illərdə Prezident mükafatına layiq görülmüşdür.

23 noyabr 2023-cü ildə Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin edilib. Bu vəzifədə çalışdığı dövrdə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini orkestr üçün işləmiş, həmçinin tarda solo ifalarını orkestrin müşayiəti ilə təqdim etmişdir. O, mütəmadi olaraq dövlət tədbirlərində orkestr ilə çıxış etmişdir.

16 fevral 2026-cı ildə Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin əmri ilə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru təyin edilib.

Mükafatlar 2005-ci il: Xalq artisti tarzən Hacı Məmmədov adına VII Bakı musiqi müsabiqəsi — 1-ci dərəcəli diplom, laureat 2005-ci il: Bəhram Mansurov adına Muğam müsabiqəsi — I dərəcəli diplom, laureat 2005-ci il: "Oxu tar-2005" I Bakı müsabiqəsi -I dərəcəli diplom, laureat 2005-ci il: "Pöhrə-2005" Respublika baxış müsabiqəsi — I dərəcəli diplom, laureat 2005-ci il: Beynəlxalq "Delfi" oyunları, Kiyev — "Milli musiqi alətləri" nominasiyasında "Qızıl medal" 2007-ci il: Azərbaycan Respublikası Gənc İstedadların "Qızıl Kitab"ına daxil olunmuş və Prezident Təqaüdü 2008-ci il: Xalq Çalğı Alətləri üzrə Respublika Müsabiqəsi — I dərəcəli diplom, laureat 2010-cu il: Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərov adına mükafat, laureat 2015-ci il: IV Respublika muğam müsabiqəsi, laureat 2024–cü ildən: Prezident Mükafatçısı

İstinadlar

Kateqoriya:Azərbaycan dirijorları