Marianna Hayniş və ya doğum adı ilə Marianna Perger () — Avstriyada qadın hərəkatının qurucusu və lideri. O, həmçinin Avstriyanın ilk prezidenti (1920-1928) Mixael Haynişin anasıdır.
Həyatı Marianna Perger 1839-cu ildə Avstriyanın Vyana şəhərinin yaxınlığındakı Baden şəhərində anadan olub. Anası Mariannaya və bacı-qardaşlarına dərs demək üçün repetitorlar işə götürmüşdü. Atası Cozef Pergerin Hirtenberqdə fabrikləri var idi.
1857-ci ildə Marianna sənayeçi və Aue şəhərində toxuculuq fabrikinin sahibi olan Mixael Hayniş ilə evləndi və onların iki övladı oldu: Mixael (1858) və Mariya (1860). 1868-ci ildə ailə Vyanaya köçdü. Amerika vətəndaş müharibəsi (1861-65) dövründə pambıq yununun artıq ABŞ-dən tədarükü mümkün olmadığı üçün Mixaelin biznesi böhran içində idi.
Fəaliyyəti 1860-cı illərin sonlarında bir rəfiqəsinin yoldaşı xəstələndikdən sonra ailəsini dolandırmaq üçün iş tapmaqda çətinlik çəkməsi Marianna üçün inqilabi bir təcrübə oldu. Bir neçə dildə danışan və musiqi istedadı olan rəfiqəsi, bütün səylərinə baxmayaraq, iş tapa bilmədi. Belə ki, bu hadisənin nəticəsində orta təbəqə qadınlarının işləməsini təmin etməkdə təhsilin əhəmiyyəti 30 yaşlı Marianna üçün aydın oldu. 1870-ci ildə o, heç bir qəzetin dərc etmədiyi, qadınların təhsili haqqında bir məqalə yazdı. 25 mart 1870-ci ildə keçirilən iclasda o, məqaləsini təqdim etdi və nəticədə Vyana şəhərini qızlar üçün paralel məktəb dərsləri təşkil etməyə çağırdı. Bu şokedici xəbər qəzetlərdə geniş şəkildə işıqlandırıldı və Birinci Avstriya Əmanət Bankının qızlar məktəbinin təməli üçün 40,000 florin ianə etməsi ilə nəticələndi.
1888-ci ildə Hayniş qadınların ali təhsil almasına icazə verilməsini təşviq edən Genişləndirilmiş Qadın Təhsili Liqasını yaratdı. O, 1902-ci ildə Avstriya Qadın Təşkilatları Federasiyasını qurdu və 1918-ci ilə qədər onun sədri vəzifəsində çalışdı. Hayniş 17 oktyabr 1906-cı ildə Qadınların Seçki Hüququ Komitəsinin () iclasını çağırdı və spikerlər Kerri Çapmen Kett və Aletta Yakobsu həmin iclasa dəvət etdi. Onlar bu yaxınlarda Beynəlxalq Qadınların Seçki Hüququ Alyansının Kopenhagen Konfransında iştirak etmişdilər. Friderika Saylays Kettin tərcüməçisi kimi xidmət etmişdi. Hayniş qrupa Assosiasiya Qanununun 30-cu maddəsinin ləğv edilməsini tələb edən, qanunverici orqana tezliklə təqdim ediləcək ərizə üçün minlərlə imza toplandığını bildirmişdi. 30-cu maddə qanunun qadınların siyasi səlahiyyətlərini rədd edən hissəsi idi. 1919-cu ildə o, Federasiyanın 1904-cü ildə qoşulduğu Beynəlxalq Qadınlar Şurasının sədr müavini seçildi və bu vəzifəni 1924-cü ilə qədər icra etdi.
1918-ci ilin payızında Marianna Hayniş Vətəndaş Demokrat Partiyasına qoşuldu və on bir il sonra Avstriya Qadınlar Partiyasının həmtəsisçisi oldu. Hayniş Avstriyada 1924-cü ildən bəri qeyd olunan Analar Gününün təşəbbüskarı hesab olunur.
Marianna Hayniş 5 may 1936-cı ildə vəfat etdi.
1967-ci ildə onun doğulduğu Baden şəhəri Haynişin şərəfinə heykəl ucaltmışdı. 1989-cu ildə Avstriya onun anadan olmasının 150 illiyi münasibətilə xatirə markası buraxdı. 2002-ci ildə Vyana şəhərində bir küçəyə (Marianna-Hayniş-Qasse) onun adı verilmişdi.
İstinadlar
Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Avstriya aktivistləri