Olqa Mate (; ) — Macarıstanlı pasifist (sülh tərəfdarı) və sufrajist və ilk macar qadın fotoqraflarından biri. O, ən çox portretləri ilə tanınıb. Mate işıqlandırma texnikaları ustası olub. O, çəkdiyi portret və natürmort kompozisiyalarını daha da gözəlləşdirmək üçün işıqlı fonlardan istifadə edirdi. 1912-ci ildə Ştutqartda keçirilən beynəlxalq fotoqrafiya sərgisində qızıl medal qazanıb. Oun ən məşhur şəkilləri Mihay Babiç və Marqit Kafkanın çəkdiyi portretlərdir. O, həmçinin Macarıstanda ilk sufrajistlərindən idi və Macarıstanda ağ terror zamanı bir neçə ziyalıya qaçmaqda kömək edib.

Həyatı Olqa Mauthner 1 yanvar 1878-ci ildə Avstriya-Macarıstan imperiyası dövründə, Sigetvar şəhərində Hanna (qızlıq soyadı Şpigel) və Lörints Mauthnerin ailəsində anadan olub. Ailədə iki qız və dörd oğlan uşağı var idi və onlar soyadlarını alman formasından macar formasına dəyişərək Mate (Máté) etdilər. Əvvəlcə Lörints Mauthner tacirliklə məşğul olur, həyat yoldaşı isə dərzi kimi parça işləri görürdü. Lakin ailə Budapeştə köçdükdən sonra ata öz ticarətindən vaz keçərək tikiş fabriki açdı. O dövrdə qadınlar üçün məhdud biznes imkanları olsa da, Mate Budapeştdə fotoqraf olmaq üçün təhsil aldı.

Fəaliyyəti

1899-cu ildə Mate Budapeştin mərkəzi əsas ticarət rayonunda, Fö küçəsi (Fő utca – Baş küçə) 21 ünvanında öz studiyasını açdı. Bir neçə il çalışaraq kifayət qədər kapital topladıqdan sonra, 1908-ci ildə Mate təhsil almaq üçün Almaniyaya getdi. O, Hamburqda Rudolf Dührkoop ilə, Berlində isə Nikola Perşeyd ilə birlikdə çalışdı. Almaniyada ən azı iki il təhsil aldı və 1910-cu ildən etibarən sərgilərdə iştirak etməyə başladı. Onun fotoşəkilləri Dührkoopun təsirini büruzə verirdi. Rəsmi və süni quruluşlar əvəzinə, onun subyektləri daha təbii görünürdü və diqqəti əsərin daha tünd rəngli mövzusuna yönəltmək üçün işıqlı fonların önündə yerləşdirilirdi. Növbəti il o, Londonda "London Fotoqrafiya Salonu"nda öz əsərlərini nümayiş etdirdi.

Mate Budapeştə qayıtdıqdan sonra reklam, çılpaq naturadan çəkilişlər və şəhər mənzərələri də daxil olmaqla müxtəlif mövzularda işləməyə başladı, lakin onun ən məşhur əsərləri şübhəsiz ki, portretlər idi. 1911-ci ildə o, 'A Fény' (İşıq) jurnalına öz töhfələrini verməyə başladı. Həmin ilin nəşrində təqdim olunan fotoşəkillərin təxminən yarısı dörd macar fotoqrafa — Olqa Mate, Erji Qayduşek, Cozef Peçi və Frideş Vidderə məxsus idi. 1912-ci ildə o, Vereş Palne küçəsi 12 ünvanında (Budapeştdə maarifçi və feminist Palne Vereşin adını daşıyan küçə) yeni studiya açdı və binanın altıncı mərtəbəsində, studiyanın üstündəki mənzildə yaşamağa başladı. Həmin ilin payızında Mate iki uşaq atası olan dul filosof və akademik Bela Zalai ilə ailə həyatı qurdu. Onların evi ziyalıların toplaşdığı və ideyaları müzakirə etdiyi bir görüş yerinə çevrildi. Onun dost çevrəsinə hər zaman Layoş Kozma, Noemi Ferentsi, İmre Kner və onun ailəsi kimi sənətkarlar daxil idi. Zalai ilə evləndikdən sonra bu dairə genişlənərək Macarıstan ziyalılarının 'Bazar dərnəyi' (Sonntagskreis) adlanan qrupunu — Bela Balaj (Béla Balázs), Paul Dienes, Yanoş Foqaraşi, Arnold Hauzer, Dyula Yuhas, Dejö Kostolanyi, Dörd Lukaç, Karl Mannheim və digərlərini də əhatə etdi. O, öz çevrəsindəki bir çox insanın, eləcə də cəmiyyətin tanınmış simalarının portretlərini çəkdi. Onun ən məşhur iki əsəri Mihay Babitş və Margit Kaffkanın portretləri idi.

Mate sərgilərdə iştirakını davam etdirirdi. O, Ştutqartda keçirilən Beynəlxalq Fotoqraflar sərgisində iştirak etdi və burada 1912-ci ildə Jozef Peçi ilə birlikdə qızıl medal qazandı. 1913-cü ildə Rozika Şvimmer tərəfindən Beynəlxalq Qadın Seçki Alyansının Yeddinci Konfransında fotoşəkillər çəkmək üçün dəvət edildi. O, burada yalnız fotoqraf kimi çıxış etmir, həm də Macarıstan feminist hərəkatının dəstəkçisi və təşkilatçısı kimi fəaliyyət göstərirdi.

Mate 1914-cü ildə Nyu-York ştatı Peşəkar Fotoqraflar Cəmiyyətində əsərlərini nümayiş etdirdi və həmin ilin sonlarında Zalai Birinci Dünya müharibəsində xidmət etmək üçün orduya çağırıldı. O, 1914-cü ilin dekabrında əsir düşdü və 2 fevral 1915-ci ildə Sibirin Omsk şəhərindəki hərbi əsir düşərgəsində yatalaq xəstəliyindən vəfat etdi. Mate onun iki övladını böyütmək üçün çətinlik çəksə də, onlara qayğı göstərdi və sonradan Zalainin qızının ölümünü dərindən yaşadı. Müharibənin sonunda Avstriya-Macarıstanın süqutu ilə ölkə tənəzzülə qarşı mübarizə aparırdı. Matenin 1911-ci ildən bəri əsərlərini dərc etdiyi 'A Fény' jurnalı bağlandı.

Macarıstan Xalq Respublikası məğlub olduqdan sonra, rəhbərliyin qalan hissəsi Avstriyaya təxliyə edilərkən, Bela Kun tərəfindən Dörd Lukaça Otto Korvinlə birlikdə geridə qalmaq əmri verilmişdi. Lukaç və Korvinin missiyası kommunist hərəkatını gizli şəkildə yenidən təşkil etmək idi, lakin bu missiya qeyri-mümkün idi. Lukaç kommunist 'təmizləmələrindən' yayınmaq üçün gizlənməyə məcbur oldu və Mate onu öz evində gizlətdi. Korvin əsir götürüldükdən sonra Lukaç Avstriyaya qaçdı. Mate həmçinin Yenö Hamburqer və başqalarının qaçmasına kömək etdi. Bu hərəkətləri onun məhkəmə tərəfindən qınaq obyektinə çevrilməsinə səbəb oldu.

1920-ci və 1930-cu illərdə onun kompozisiyaları transformasiyaya uğradı. Studiya çəkilişləri açıq hava çəkilişləri ilə əvəzləndi, əvvəlki işlərindəki kəskin qara-ağ kontrastlarının yerini isə sepiya tonları aldı. Mövzular da elit təbəqələrdən fəhlə sinfinə doğru dəyişdi. 1922-ci ildə o, Tətbiqi Sənət Muzeyi üçün sərgi hazırladı, 1934-cü ildə isə tələbəsi Ferents Haar ilə ortaq studiyada çalışdı. 1937-ci ildə Haar Parisə köçdükdə, Mate studiyanı bağladı və növbəti il Marian Reismannın studiyasında işləməyə başladı.

Macarıstanın ilk peşəkar qadın fotoqraflarından biri olmasına baxmayaraq, Mate unudulmuş bir şəkildə vəfat etdi. O, 5 aprel 1961-ci ildə Macarıstanın Budapeşt şəhərində dünyasını dəyişdi və Budapeştdəki Farkasréti qəbiristanlığında dəfn olundu.

İrsi 2006-cı ildə Petöfi Ədəbiyyat Muzeyinin direktoru Çilla E.Çorba Matenin fotoqrafiya sənətinə verdiyi töhfələrin tarixini yenidən canlandırmaq məqsədilə Budapeştdəki 'Helikon' nəşriyyatında 'Máté Olga fotóművész' (Fotoqraf Olqa Mate) adlı kitabını nəşr etdirdi. 2007-ci ildə Macarıstan Fotoqrafiya Muzeyi onun əsərlərindən ibarət sərgiyə ev sahibliyi etdi. 2009-cu ildə isə Çorba macar qadın fotoqrafların əsərlərindən ibarət bir sərgi təşkil edərək il boyu Nyu-York və Vaşinqtonda qastrolda oldu. Bu, bir neçə sənətkarın, o cümədən Matenin əsərlərinin ABŞ-da ilk dəfə nümayiş olunması idi. Matenin "Yumurta və Göbələklərlə Natürmort" (1920) əsəri gündəlik əşyalar vasitəsilə gözəlliyi ötürə bildiyi üçün xüsusi rəğbətlə qarşılandı.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Máté's image of Kaffka Máté's image of Babits

Kateqoriya:Avstriya-Macarıstan şəxsləri