Dora Leka (; ) — Albaniyalı bəstəkar və siyasi məhbus. Albaniya İncəsənət Xadimləri İttifaqının baş katibi (1954-cü ildən). 1992-ci ildən Albaniyanın xalq artistidir.

Həyatı Dora Leka 23 fevral 1923-cü ildə Korça şəhərinidə anadan olub. Korça liseyində təhsil alıb, orada müəllimlərindən biri Ənvər Xoca idi. 1939-cu ildə gizli fəaliyyət göstərən Kommunist Gənclər İttifaqının üzvü olub.

1942-ci ildə Tiranada qadınlar üçün pedaqoji institutu bitirib. Gəncliyindən musiqi istedadına malik olub, fortepiano dərsləri alıb. İnstitutu bitirdikdən sonra Korça yaxınlığındakı kənd məktəblərində müəllimlik edib. Daha sonra Albaniya müqavimət hərəkatına qoşulub. İkinci Dünya müharibəsinin iştirakçısıdır.

1942-ci ildə Albaniya Kommunist Partiyasına daxil olub. Dağlarda partizan rəhbərləri Ənvər Xoca, Mehmet Şehu və Koçi Codze ilə görüşüb. Şəhər və kəndlərdə gəncləri partizan dəstələrinə cəlb edib, vərəqələr paylayıb, kəşfiyyata gedib, partizan şairlərin şeirlərinə mahnılar bəstələyib. İkinci Dünya müharibəsi zamanı alban partizanlarının oxuduğu repertuarın böyük hissəsini Dora Lekanın əsərləri təşkil edirdi. Bura ən çox ifa olunan "Kushtrimi" ("Həyəcan təbili"), "Rini-Rini" və "Birinci diviziyanın marşı" kimi mahnılar daxil idi. Müharibənin sonunda Albaniya Milli Azadlıq Ordusunun kapitanı olub.

1948-ci ildə Moskva Dövlət Konservatoriyasına daxil olub və 1953-cü ilə qədər orada kompozisiya ixtisası üzrə təhsil alıb. Təhsil illərində musiqi karyerası üçün vacib olan iki əsər bəstələyib. Bunlar simfonik orkestr üçün xalq motivləri əsasında uvertüra (ilk dəfə Moskva Radiosu orkestri tərəfindən ifa olunub) və ölkənin alman işğalından azad edilməsinin 10-cu ildönümü münasibətilə Tiranada yazdığı "Albaniya, mənim vətənim" kantatası idi.

Vətənə qayıtdıqdan sonra incəsənət məktəbində musiqi müəllimi işləyib. 1954-cü ilin fevralında Albaniya İncəsənət Xadimləri İttifaqının baş katibi seçilib.

1956-cı ilin mayında Tiranada keçirilən partiya konfransında Ənvər Xoca rejimini tənqid etdiyinə görə repressiyaya məruz qalıb. 1957-ci ilin mayında həbs edilib. Hərbi məhkəmə Dora Lekanı Vətənə və xalqa xəyanətdə təqsirli bilərək bütün hərbi rütbə və mükafatlardan məhrum edib, 25 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Cəzasını düşərgələrdə çəkib. 1970-ci ilin dekabrında Fier şəhərində yaşamasına icazə verilib və burada dərzi işləyib. 1983-cü ilin yanvarında yenidən sürgün edilib. 1991-ci ildə azadlığa çıxıb.

Azad olunduqdan sonra yenidən musiqi bəstələməyə başlayıb, Almaniya, ABŞ, Böyük Britaniya və Yunanıstanda alban incəsənətinin təbliği ilə məşğul olub. 1996-cı ilin fevralında musiqi sahəsində gənc istedadları dəstəkləmək üçün öz adına fond təsis edib.

1992-ci ildə Dora Leka Albaniyanın Xalq artisti fəxri adına layiq görülüb. Seçilmiş əsərləri Mahnılar "Yoldaşlara" "Həyəcan" "Alban Gənclərinin Himni" "Qisas" "Həlak olanlara Himni"

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Leka, Dhora Дора Лека

Kateqoriya:Albaniya aktivistləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları