Natiq Cavadlı (tam adı: Natiq Sabir oğlu Cavadlı; 13 mart 1971, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı jurnalist və siyasi məhbus; 1991-ci ildən etibarən o, müstəqil və tənqidi mövqeyi ilə seçilən KİV-lərdə, o cümlədən “Üç Nöqtə”, “Gündəlik Azərbaycan” və “Bizim Yol” kimi nüfuzlu qəzetlərində çalışıb. 2009-cu ildə Norveçin Fritt Ord və Almaniyanın ZEIT fondu tərəfindən təqdim edilən “Şərqi Avropada Azad Mətbuat” mükafatına layiq görülüb. 2014-cü ildən isə “Meydan TV”nin siyasət üzrə jurnalistidir.
Meydan TV-nin fəaliyyətinə görə o, 2015 və 2016-cı illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib, həmçinin 2015-2019-cu illərdə səyahət qadağasına məruz qalıb. 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Natiq Cavadlı və digərləri Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Məhkəmənin qərarına görə, Azərbaycan hakimiyyəti Natiq Cavadlının Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolu, həmçinin Konvensiyanın 13-cü maddəsi pozub.
6 dekabr 2024-cü ildə “Meydan TV” jurnalistlərinə qarşı açılmış cinayət işi çərçivəsində həbs olunub. 8 dekabr tarixində Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona və bu iş üzrə digər həbs olunan şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb. 28 avqust 2025-ci ildə cinayət işi üzrə ittiham ağırlaşdırılıb. Cavadlıya və bu iş üzrə digər həbs olunan şəxslərə Cinayət Məcəlləsinin səkkiz maddəsi üzrə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərə 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3-cü (…mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 193-1.3.2-ci (…külli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən törədilmiş vergidən yayınma), 320.1-ci (sənədlərin saxtalaşdırılması) və 320.2-ci (saxta sənədlərdən istifadə) maddələri üzrə əlavə ittihamlar elan edilib.
Natiq Cavadlı və iş üzrə həbs edilmiş digər jurnalistlər birqayda olaraq ittihamları rədd etmiş, həbslərini peşə fəaliyyətləri ilə əlaqəndirmişdi. Onların həbsi ABŞ Dövlət Departamenti və Avropa Parlamenti tərəfindən, həmçinin bir sıra nüfuzlu yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi motivli hesab olumuş, onların azadlığa buraxılması üçün Azərbaycan iqtidarına çağırışlar edilmişdi.
2024-cü ilin dekabrından 2025-ci ilin dekabrnadək 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan qəsəbəsi), 2025-ci ilin dekabrından isə Bakı İstintaq Təcridxanasında saxlanılır (Zabrat qəsəbəsi).
Erkən illəri Natiq Sabir oğlu Cavadlı 13 mart 1971-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundandır.
1977–1988-ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alıb.
1988–1993-cü illərdə Sumqayıt Politexnik Texnikumunda oxuyub.
1997–2002-ci illərdə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb.
Jurnalist fəaliyyəti Natiq Cavadlı jurnalist fəaliyyətinə 1991-ci ildə “Haray” qəzetində başlayıb. 1997-ci ildən etibarən müxtəlif illərdə “Uniform” agentliyində, “Olaylar” informasiya agentliyində, “Millət”, “Cümhuriyyət”, “Günaydın”, “Üç Nöqtə”, “Gündəlik Azərbaycan” və “Bizim Yol” qəzetlərində çalışıb.
2005–2007-ci illərdə “Gündəlik Azərbaycan” qəzetinin müxbiri olub. 2007-ci ilin aprelində qəzetin təsisçisi-baş redaktoru Eynulla Fətullayev həbs edildikdən və nəşr fəaliyyətini dayandırıldıqdan sonra, o, həmin ilin iyulunda Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindirilib.
Daha sonra 2007–2014-cü illərdə “Bizim Yol” qəzetində müxbir olaraq fəaliyyət göstərib.
Natiq Cavadlı 2009-cu ildə Norveçin Fritt Ord və Almaniyanın ZEIT fondu tərəfindən təqdim edilən “Şərqi Avropada Azad Mətbuat” mükafatına layiq görülüb. O, bu mükafata Azərbaycanda korrupsiya və insan hüquqları pozuntuları ilə bağlı araşdırma və tənqidi məqalələrinə, həmçinin tanınmış siyasi xadimlərlə silsilə müsahibələrinə görə layiq görülüb.
2014-cü ilin fevralında “Bizim Yol” qəzetindəki müxbir vəzifəsindən azad edilib. İşdən çıxarılmasına səbəb müxalifət partiyası “Müsavat”ın üzvü, iqtisadçı Qubad İbadoğlu ilə etdiyi müsahibə olub. Həmin müsahibədə Qubad İbadoğlu Dövlət Gömrük Komitəsi ilə bağlı tənqidi fikirlər səsləndirib və bu fikirlər redaktə olunmadan qəzetdə dərc edilib. Bundan sonra qəzet rəhbərliyi Natiq Cavadlını çağıraraq istefa verməsini tələb edib. Daha sonra Cavadlı qısa müddət BBC-nin Azərbaycan xidməti ilə əməkdaşlıq edib.
2014-cü ildən etibarən “Meydan TV” ilə əməkdaşlıq edir.
Cinayət təqibi və səyahət qadağası (2015–2019) 30 iyun 2015-ci ildə Tbilisiyə (Gürcüstan) getməyə cəhd edərkən Natiq Cavadlı və “Meydan TV”nin daha üç jurnalisti — Aytən Fərhadova, Şirin Abbasov (Tire) və Elnur Muxtarov Dövlət Sərhəd Xidməti əməkdaşlarından ölkədən çıxışlarına rəsmi qadağa qoyulduğu barədə bildiriş alıblar. “Meydan TV”nin rəhbəri Emin Milli bildirib ki, “bu Meydan TV-yə açıq hədədir”. “Sərhədsiz Reportyorlar” (RSF) hadisəni qətiyyətlə pisləyən bəyanatla çıxış edib.
2 sentyabr 2015-ci ildə Natiq Cavadlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. İstintaq zamanı ona “Meydan TV”nin fəaliyyəti, onun rəhbərliyi, jurnalistlərin maaşları, həmçinin Mingəçevir şəhər polis şöbəsində vəfat etmiş Bəhruz Hacıyevin meyidinin əks olunduğu videonun kim tərəfindən çəkilib yayıldığı barədə suallar verilib. Bu hadisə yerli sakinlərin etirazlarına səbəb olmuşdu. Dindirilməni şərh edən Cavadlı bildirib: “Hədəf ‘Meydan TV’dir, Mingəçevir hadisələri isə sadəcə bəhanədir.”
6 fevral 2016-cı ildə Natiq Cavadlı növbəti dəfə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib. O, “Meydan TV”nin rəhbərləri və əməkdaşlarına qarşı açılmış cinayət işi çərçivəsində ifadə verib. "Məni iki saat ərzində müstəntiq Əli Babayev dindirdi. Məni ötən ilin sentyabr ayında da bu şöbəyə çağırmışdılar. O vaxt çağırışın məqsədinin Mingəçevir hadisələri ilə bağlı istintaq olduğu deyilirdi, baxmayaraq ki, sualların əksəriyyəti "Meydan TV" ilə bağlı idi və dindirmə başqa bir müstəntiq tərəfindən aparılmışdı. Bu dəfə suallar yalnız Meydan TV-nin fəaliyyəti ilə bağlı idi", - deyə Cavadlı bildirib.
2016-cı ilin avqustunda Nəsimi Rayon Məhkəməsi Natiq Cavadlının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətinə baxılıb. Hakim Elman İsayevin sədrliyi ilə baş tutan iclasda məhkəmə Cavadlının şikayətini təmin etməyib. Vəkil Elçin Sadıqov Cavadlının səyahət qadağası əsassız olduğunu bildirib. "Natiq Cavadlı nə şübhəli, nə də təqsirləndirilən şəxsdir və buna görə də onun hərəkət etmək azadlığı məhdudlaşdırıla bilməz. Əgər o, şahid qismində bu qədər vacibdirsə, istintaq Cavadlının hüquqlarını daimi olaraq məhdudlaşdırmaq əvəzinə, onun konkret istintaq tədbirində iştirak etməsinə icazə vermək üçün qısamüddətli məhdudiyyətlər qoymalı idi. Cavadlının həmçinin vergi və ya kredit borcu da yoxdur və bu baxımdan ona səyahət qadağasının qoyulması qanunsuzdur. Cavadlının hüquqlarının bərpası üçün apelyasiya instansiyasına və inzibati-iqtisadi məhkəməyə müraciət edəcəyik. Əgər daxili məhkəmələr onun hüquqlarını bərpa etməsə, bu işin Avropa İnsan Hüquqları Məhkəməsində baxılması potensialı var", deyə Sadıqov bildirib. 21 sentyabr 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Aynur Qənbərova və digərləri Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Məhkəmənin qərarına görə, Azərbaycan hakimiyyəti Meydan TV-nin jurnalistləri Aynur Elgünəş, Aytac Tapdıq və Natiq Cavadlının Hərəkət etmək azadlığı (Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolu), həmçinin Səmərəli hüquqi müdafiə vasitələri hüququnu (Konvensiyanın 13-cü maddəsi) pozub. AİHM hər bir ərizəçiyə mənəvi zərərin əvəzi olaraq 5 min avro, məhkəmə xərclərinə görə isə əlavə 500 avro ödənilməsini qərara alıb.
Səyahət qadağa 2019-cu ilin mayında aradan götürüldü.
Həbs edilməsi (2024)
6 dekabr 2024-cü ildə, günorta saatlarından etibarən sosial şəbəkələrdə "Meydan TV"nin jurnalistləri, həmçinin bir sıra vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla 20-yə yaxın şəxsin polislər tərəfindən oğurlanması barədə məlumatlar yayılmışdı. Axşam saatlarında Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən Azərbaycana qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polislər tərəfindən bir neçə şəxsin araşdırma çərçivəsində saxlanılması, həmçinin bir sıra ünvalarda əməliyyat-axtarış tədbirlərinin aparılması barədə rəsmi məlumat verilmişdi.
Məlumata əsasən "Meydan TV" jurnalistləri Natiq Cavadlı və daha altı nəfər — Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Ramin Cəbrayılzadə (Deko) və Xəyalə Ağayeva, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov Bakı Şəhər Baş Polisnin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsində "Meydan TV"nin rəhbərləri və jurnalistləri barəsində açılmış 240200039 saylı cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılmışdı. Natiq Cavadlı da daxil olmaqla onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Onlar birqayda olaraq ittihamları rədd etmiş, həbslərini peşə fəaliyyətləri ilə əlaqəndirmişdi.
Dekabrın 8-də Xətai Rayon Məhkəməsində Natiq Cavadlı və saxlanılan digər altı nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılmışdı. Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda baş tutan iclaslarda təqdimatlara baxılmışdı. Nəticədə təqdimatlar təmin edilmiş və Natiq Cavadlı da daxil olmaqla saxlanılan şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmə qərarından sonra Natiq Cavadlı Xəzər rayonunun Şüvəlan qəsəbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tabe olan 3 saylı İstintaq Təcridxanasına göndərilmişdi. Natiq Cavadlının müdafiəçisi Zibeydə Sadıqovanın sözlərinə görə istintaq orqanı onun bu cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün heç bir sübut və dəlil təqdim etməyib, məhkəmə də heç bir əsaslı şübhə olmadan Cavadlı barəsində həbs qərarı çıxarıb.
13 dekabr 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsində Natiq Cavadlı barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarından verilən apellyasiya şikayətinə baxılıb. Hakim Mehriban Qarayevanın sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayəti rədd edilib. Zibeydə Sadıqova bildirib ki, bu qərar, vətəndaşların hüquq və azadlıqlarının pozulmasıdır: “Məhkəmənin özünə belə Natiq Cavadlının hansı sübutlar əsasında həbs edildiyi məlum deyil”. Natiq Cavadlı özü də məhkəmədə çıxış edərək jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.
17 yanvar 2025-ci ildə Xətai Rayon Məhkəməsində Natiq Cavadlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə müdafiə tərəfinin vəsatətinə baxıldı. Hakim Aygün Həsənovanın sədrliyi ilə baş tutan iclasda vəsatət təmin edilmədi. 24 yanvar 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsində həmin qərarından verilən apellyasiya şikayətinə baxılıb. Hakim Zamin İbrahimovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayəti rədd edilib. Zibeydə Sadıqovanın sözlərinə görə, daxili məhkəmələr hər dörd qərarla heç bir sübut və dəlil olmadan Natiq Cavadlını həbsdə saxlamağa davam etdiyi üçün bu məsələ Avropa İnsan Haqları Məhkəməsinə aparılacaq.