Vladimir Mixayloviç Zamana (; ) — Ukrayna hərbi xadimi. O, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — Baş Komandanı (18 fevral 2012 — 19 fevral 2014-cü illərdə), Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini (19 fevral — 22 fevral 2014-cü illərdə), Ukrayna Ali Radasının Ukrayna Müdafiə Nazirliyinin fəaliyyətinə nəzarət üzrə müvəkkili (22 fevral — 27 fevral 2014-cü illərdə) vəzifələrində çalışmışdır. 2012-ci ildə general-polkovnik rütbəsinə layiq görülmüşdür.
Erkən həyatı Vladimir Zamana 1982-ci ildə Ukrayna SSR Ali Soveti adına Xarkov Qvardiya Ali Tank Komandirləri Məktəbini bitirmişdir. 1993-cü ildə R. Malinovski adına Zirehli Qoşunlar Hərbi Akademiyasını, 2004-cü ildə isə Ukrayna Milli Müdafiə Akademiyasını bitmiş və ali hərbi təhsilini tamamlamışdır.
Hərbi xidməti O, hərbi karyerasına Şərqi Almaniyada SSRİ qoşunları qrupunda və Türküstan hərbi dairəsində başlamış, burada tank taqımı komandiri, tank bölüyü komandiri, qərargah rəisi — tank taboru komandirinin müavini və tank taboru komandiri vəzifələrində xidmət etmişdir.
1993-cü ildə Hərbi Akademiyanı bitirdikdən sonra xidmətini Odessa hərbi dairəsində və Şimal Əməliyyat Komandanlığında davam etdirmişdir. Bu dövrdə tank alayının qərargah rəisi — alay komandirinin müavini, tank alayı komandiri, 1-ci əlahiddə tank briqadasının komandiri (1997–1999-cu illərdə) və tank qoşunlarının kiçik mütəxəssislərinin hazırlığı üzrə tədris mərkəzinin rəisi vəzifələrini icra etmişdir.
2004-cü ildə Ukrayna Milli Müdafiə Akademiyasından məzun olduqdan sonra korpus komandanının müavini təyin edilmişdir. 2005-ci ilin iyul ayından 2007-ci ilin may ayınadək Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının 6-cı qvardiya ordu korpusunun komandiri olmuşdur. 4 dekabr 2006-cı ildə ona general-leytenant hərbi rütbəsi verilmişdir.Указ президента Украины от 4 декабря 2006 года № 1029/2006 «Про присвоєння військових звань» (укр.)
2007-ci ildən Qərb Əməliyyat Komandanlığının Ərazi İdarəsinin rəisi, 2009-cu ildən isə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanının döyüş hazırlığı üzrə müavini — Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
18 fevral 2012-ci ildə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — Baş Komandanı təyin edilmişdir.Указ президента Украины от 18 февраля 2012 года № 128/2012 «Про призначення В. Замани начальником Генерального штабу - Головнокомандувачем Збройних Сил України» (укр.) Həmin ilin 24 avqust tarixində ona general-polkovnik hərbi rütbəsi verilmişdir.Указ президента Украины от 24 августа 2012 года № 506/2012 «Про присвоєння військових звань» (укр.)
19 fevral 2014-cü ildə Ukrayna Prezidenti Viktor Yanukoviç və müdafiə naziri Pavel Lebedevin Kiyevi Avromaydan iştirakçılarından təmizləmək üçün aeromobil briqadalarından döyüş silahları və zirehli texnika ilə istifadə etmək barədə əmrini yerinə yetirməkdən imtina etdiyinə görə Ukrayna Prezidentinin fərmanı ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilmişdir. "Gordon.ua" saytına verdiyi müsahibədə ordunun Avromaydana qarşı tətbiq edilməsi cəhdinə görə məsuliyyəti Yanukoviçin yox, Lebedev, Aleksandr Yakimenko və Viktor Pşonkanın üzərinə qoymuşdur.
Prezident Yanukoviç hakimiyyətdən kənarlaşdırıldıqdan sonra, 22 fevral tarixində Ali Rada tərəfindən Müdafiə Nazirliyinin fəaliyyəti üzrə müvəkkil təyin edilmişdir. Təyinatından dərhal sonra kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bütün ordunun vahid bir ruhla Avromaydanı dəstəklədiyini bildirmişdir. Eyni zamanda, həmin gün Müdafiə Nazirliyinin rəsmi saytında "Slava Ukraini!" şüarı ilə yayımlanan müraciətdə də bu mövqe ifadə olunmuşdur.Обращения военнослужащих и сотрудников Министерства обороны Украины к Украинскому народу//Официальный сайт Минобороны Украины 2014-cü ilin mart ayında ehtiyata buraxılmışdır.
25 dekabr 2018-ci ildə Rusiya hökuməti tərəfindən sanksiya tətbiq edilən Ukrayna fiziki şəxslərinin siyahısına daxil edilmişdir.
25 fevral 2019-cu ildə hərbi prokurorluq və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən dövlətə xəyanət şübhəsi ilə həbs edilmişdir. O, rəhbərliyi dövründə həyata keçirilən Silahlı Qüvvələrin struktur islahatlarının faktiki olaraq "Krımın ilhaqı və Novorossiya" layihəsinə zəmin hazırlamaqda, habelə Ukrayna ordusunun müdafiə qabiliyyətini zəiflətmək məqsədilə sabiq prezident Yanukoviç ilə sövdələşməyə girməkdə ittiham olunmuşdur. 24 may 2020-ci il tarixində Vladimir Zamana həbsdən azad edilmişdir.
Təltifləri III dərəcəli "Zəfər" ("Za zasluqi") ordeni (3 dekabr 2010-cu il) — Ukrayna dövlətinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli şəxsi töhfəyə, hərbi borcunu nümunəvi yerinə yetirdiyinə, yüksək peşəkarlığına görə və Ukrayna Silahlı Qüvvələrinin yaradılmasının 19-cu ildönümü münasibətilə təltif edilmişdir.Указ президента Украины от 3 декабря 2010 года № 1064/2010 «Про відзначення державними нагородами України військовослужбовців і працівників Збройних Сил України» (укр.) III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (4 dekabr 1996-cı il) — qüsursuz xidmətinə, döyüş hazırlığında və peşəkar ustalığında yüksək göstəricilər əldə etdiyinə görə təltif edilmişdir.Указ президента Украины от 4 декабря 1996 года № 1158/96 «Про нагородження відзнакою Президента України - медаллю "За бездоганну службу"» (укр.)
İstinadlar
Kateqoriya:SSRİ tankçıları Kateqoriya:Ukrayna general-polkovnikləri