Elizabet Çexanovska () — Polşalı suffrajist, ictimai xadim, əmək fəalı, musiqiçi və şair. O, əsərlərini E.C., E.C. Dulska, E.Cedulska təxəllüsləri ilə imzalayırdı. Həyatı 18 noyabr 1875-ci ildə Boxniada anadan olan Çexanovska 1883-cü ildə Krakova köçüb. O, Krakov Konservatoriyasını professor Vladislav Jelenskinin harmoniya sinfinin ən yaxşı tələbəsi kimi bitirib. Jelenski onun istedadını tərifləmək üçün onu "Bax" adlandırırdı. 1894–1903-cü illərdə o, gündəlik tutub. Utancaq və təvazökar bir insan kimi xarakterizə olunan Çexanovska pianoçu və ya musiqi müəllimliyi karyerası arxasınca getməməyə qərar verərək poçt məmuru olub. O, 1905-ci ildə təsis edilmiş Qalitsiya Poçt İşçiləri Assosiasiyasına qoşulub və özünü bu birliyə, siyasətə və qadın hüquqlarına həsr edib. Assosiasiya çərçivəsində qadın üzvlərə qarşılıqlı iqtisadi yardım göstərilir, poçt işçilərinin peşə maraqları qorunur, hakimiyyət orqanlarına petisiyalar yazılır və kitabxana yaradılırdı. O dövrdə poçt şöbələrinə işə yalnız subay qadınlar qəbul edildiyi üçün Assosiasiya həm həmkarlar ittifaqı, həm də işçilərə qrup mənsubiyyəti hissi, maliyyə yardımı və dəstək verən bir icma rolunu oynayırdı. Qrupun tələbləri qadın emansipasiyasının vacibliyini vurğulayırdı ki, bu da onlara iş vaxtından artıq işə görə ödəniş, məzuniyyət, xəstəlik vərəqəsi üzrə ödəniş və daha yaxşı təqaüd kimi əmək hüquqlarını qazandırmalı idi. Onlar həmçinin əvvəllər yalnız kişilər üçün nəzərdə tutulmuş vəzifə və şöbələrdə məşğulluq zamanı bərabər rəftar tələb edirdilər.
Assosiasiya 1913-cü ildə Soltıka küçəsi 4 ünvanında torpaq sahəsi əldə edib ilk yaşayış vahidini tikməyə qərar verdikdə, Çexanovska mənzil kooperativinin (Vladislava Habixt və Zofiya Kolpı ilə birlikdə) ilk idarə heyətinin üzvü olub. 1914-cü ildə ev hazır olub və Çexanovska orada Vladislava Habixt ilə birlikdə yaşayıb. Onların münasibətləri "Boston nikahları" ilə müqayisə edilir və müasir dövrdə LGBT kontekstində oxunur, lakin bəziləri, xüsusən də müasir Vladislava Habixt adına Poçt İşçiləri Mənzil Kooperativi bu xarakteristikanı mübahisələndirir.
Yazıçı kimi o, 1928-ci ildə "Antrakt" dramını, 1935-ci ildə "Dəbdə olmayan şeirlər" (Wiersze niemodne) adlı poeziya antologiyasını və 1938-ci ildə "Vispyanski haqqında bir neçə sadə qeyd" (Kilka prostych uwag o Wyspiańskim) əsərini nəşr etdirib. Çexanovska 29 aprel 1948-ci ildə Krakovda vəfat edib və Rakoviçki qəbiristanlığında dəfn olunub. İstinadlar
Xarici keçidlər Elżbieta Ciechanowska works on Polona.pl