Zəfər Füsun Ərtuğ (Yaraş) (; ) — türk etnobotaniki, arxeoloq və alimi.

Onun əsas tədqiqat sahələri arxeologiya, folklorşünaslıq və etnobotanikadır. O, Türkiyənin kənd bölgələrində qadınların bilik ehtiyatını, xüsusilə də təbiət və bitkilərlə bağlı təcrübələrini üzə çıxarmaq, mədəni irsin qeydə alınaraq qorunub saxlanılması istiqamətində mühüm işlər görüb. 1980-ci illərdə qadın hərəkatına qoşulan Ərtuğ, 1990-cı ildə təsis edilmiş Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondunun qurucu üzvlərindən biridir. Həyatı Füsun Ərtuğ, lisey təhsilini Ərənköy Qız Liseyində, ali təhsilini isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Arxeologiya bölməsində tamamlayıb. Tələbəlik illərində Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindəki qazıntılarda iştirak edib; fotoqraf və folklorşünas kimi fəaliyyət göstərib. 1975-ci ildən etibarən amerikalı folklorşünas və fotoqraf Cozefina Pauellə Anadolu səyahətlərində bələdçiliyi nəticəsində, foto arxivi sahəsində təcrübə qazanıb. Ali təhsilini başa vurduqdan sonra beş il ərzində İstanbul Universiteti Film Mərkəzində tədqiqatçı və sənədli film prodüseri kimi çalışıb.

1980-ci illərdə qadın hərəkatına qoşulan Füsun Ərtuğ, qadınların keçmişini yaxından tanımaq, bu məlumatları tədqiqatçılara sistemli şəkildə təqdim etmək və dövrün yazılı sənədlərini gələcək nəsillər üçün qoruyub saxlamaq məqsədilə 1990-cı ildə Əsli Davaz, Füsun Akatlı, Jalə Baysal və Şirin Təkəli ilə birlikdə yaradılan Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondunun təsisçiləri arasında yer alıb.

Füsun Ərtuğ, antropologiya üzrə magistr (1993) və etnoarxeologiya üzrə doktorluq təhsilini (1997) Sent-Luis Vaşinqton Universitetində tamamlayıb. Doktorluq işini, 1994-1995-ci illərdə Aksarayın bir kəndində apardığı etnoarxeoloji tədqiqat əsasında yazıb. Dulusçuluqdan əvvəlki Neolit dövrünə aid Aşıqlı yaşayış məskəni yaxınlığındakı Qızılqaya kəndində altı yüzə yaxın bitki nümunəsi toplayan Ərtuğ, üç yüzdən çox növün kənd sakini tərəfindən adlandırıldığını və onların çoxundan istifadə edildiyini müəyyən edərək, bitkilərlə bağlı ənənəvi biliklərin dərinliyini təqdim edib.

Ərtuğ doktorluq dərəcəsini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq Bodrum, Buldan və Muğlada biomüxtəliflik və etnobotanika sahələrində uzunmüddətli layihələr həyata keçirib; altmışdan çox elmi iş nəşr etdirib. O, tədqiqatlarında kənd qadınlarının bilik birikimini, xüsusilə də təbiət və bitkilər haqqındakı məlumatları üzə çıxarmağa diqqət yetirib. 2003-cü ildən etibarən Yedditəpə Universitetinin Antropologiya bölməsində müəllim kimi fəaliyyət göstərən Ərtuğ, "Arxeologiyaya giriş" və "Bitkilər və mədəniyyətlər" dərslərini tədris edib.

2008-ci ildən etibarən Füsun Ərtuğ həyatını İstanbuldan kənarda ekoloji kənd təsərrüfatı, torpaq və yerli növlərlə maraqlanaraq davam etdirməyə başlayıb. Qazıntılar zamanı tapdığı nümunələrin hansı texnika və materiallarla hazırlandığını anlamaq üçün Türkiyənin müxtəlif bölgələrindən səbət nümunələri toplayan Ərtuğ, səbət kolleksiyasını nümayiş etdirmək və biliklərini tələbələrinə ötürmək məqsədilə İznikdə "Səbətxana" adlandırdığı bir sərgi məkanını yaratdı. Etnobotanika sahəsindəki araşdırmaları zamanı topladığı qurudulmuş bitki nümunələrini Nəzahət Göyigid Botanika Bağının herbariyyatına, etnobotanika və etnoarxeologiya sahələrindəki tədqiqatlarını və Qadın Əsərləri Kitabxanası ilə bağlı sənədləri ehtiva edən xüsusi kolleksiyasını isə, Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fonduna bağışladı. O, bu gün də fondda xüsusi arxivlərin təmin edilməsi, vizual arxivin tənzimlənməsi və vəsaitin tapılması kimi məsələlər üzərində fəaliyyətini davam etdirir.

İstinadlar

Xarici keçidlər Füsun Ertuğ ve Gizem Yıldız ile Kadın Eserleri Kütüphanesi ve Bilgi Merkezi Vakfı , Şehir Hepimizin (108), Medyascope Tv, 28 Ocak 2019