Mustafayev Əliş İsa oğlu () — sovet və Azərbaycan mühəndis-kimyaçısı, dövlət və ictimai xadimi. 1973–1981-ci illərdə "Sumqayıtximprom" istehsalat birliyinin baş direktoru. 1981-1989-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Neft Məhsulları Təchizatı Komitəsinin sədri. Azərbaycan SSR Ali Sovetinin IX (1975) və X (1980) çağırış deputatı.
Həyatı Ə. Mustafayev 15 noyabr 1931-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi gümüş medalla bitirdikdən sonra, 1950-ci ildə M. Əzizbəyov adına Azərbaycan Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Neft və Sənaye İnstitutuna daxil olmuş, 1955-ci ildə neft emalı zavodlarının maşın və avadanlıqları ixtisası üzrə təhsil alaraq mühəndis-mexanik ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyəti 1955-ci ildə Bakıda Vano Sturua adına krekinq zavodunda gənc mütəxəssis kimi əmək fəaliyətinə başlamışdır. Daha sonra neft-yağ və kimya sənayesi müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.
1962ci ildən fəaliyyətini Caparidze adına neft-yağ zavoduna davam etdirmişdir. Sonrakı illərdə Sumqayıtda yerləşən Oktyabr İnqilabının 50 illiyi adına Kimya Kombinatında və Xlorüzvi Birləşmələr Zavodunda baş mühəndis vəzifəsində çalışmışdır.1968-70-ci illərdə həmin zavodun direktor müavini vəzifəsində işləyirdi.
1970-ci ildə Bakı Yod Zavodunun direktoru təyin olunmuşdur. Qısa müddət ərzində ağır vəziyyətdə olan müəssisə modernləşdirilərək SSRİ Kimya Sənayesi Nazirliyi sistemində qabaqcıl müəssisələrdən birinə çevrilmişdir.
1972-ci ildə Sumqayıt Xlorüzvi Birləşmələr Zavodunun direktoru təyin edilmişdir. Həmin dövrdən başlayaraq müəssisə böhran vəziyyətindən çıxarılmış, istehsal sahələri yenilənmiş, ixtisaslı kadrlar geri qaytarılmış və gənc mütəxəssislər rəhbər vəzifələrə irəli çəkilmişdir. İstehsal göstəriciləri, əmək şəraiti və işçilərin sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
1973-1981-ci illərdə “Sumqayıtkimyasənaye” istehsalat birliyinin baş direktoru vəzifəsində işləmişdir. Ə. Mustafayevin rəhbərliyi ilə Sumqayıt kimya sənayesinin geniş inkişaf mərhələsi başlamışdır. Sulfanol, sulfat turşusu, poliefir, kalium hidroksid, etilen və polietilen istehsalı üzrə yeni istehsal sahələri yaradılmışdır. Ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilmiş, təmizləyici qurğular istifadəyə verilmişdir.
1981-ci il 27 oktyabr tarixində Ə. İ. Mustafayev yeni yaradılmış Azərbaycan Nazirlər Sovetinin Dövlət Neft Məhsulları ilə Təminat Komitəsinin Sədri təyin olunmuş və 1989 il 11 iyul tarixinədək həmin qurumun ləğv olunmasına qədər rəhbərlik etmişdir. Bu illər ərzində köhnə neft bazaları rekonstruksiya olmaqla yanaşı rayonlarda yeni neft bazaları yaradılmışdır. Komitənin obyektlərində neft təchizatı üzrə yeni tipli avtomatlaşdırılmış idarə etmə sistemləri hazırlanaraq istismara verilmiş, neft məhsullarının qəbulu və buraxılması proseslərinə hesablama texnikası vasitələri tətbiq edilmiş, yanacaq-sürtkü materialların kredit kartları ilə buraxılması sistemi tətbiq edilmişdir.
Elmi fəaliyyəti Kimya sənayesi sahəsində bir sıra elmi əsərlərin və ixtirarların müəllifi və həmmüəllifi olmuşdur. Bəzi texnolojı işləmələri xarici ölkələrdə patentləşdirilmişdir.
Pedaqoji fəaliyyəti Ə. İ. Mustafayev istehsalat və ictimai fəaliyyəti ilə yanaşı ömrünün sonuna kimi pedaqojı fəaliyyətlə məşqul olmuşdur. O, Azərbaijan Neft Akadeniyasının yüksək molekullu birləşmələr texnologiyası kafedrasında dosent vəzifəsində çalışmışdır.
İctimai fəaliyyəti Respublikanın, xüsusilə Sumqayıt şəhərinin ictimai həyatında da fəal iştirak etmişdir. Birliyin partiya komitəsinin üzvü, Azərbaycan KP Sumqayıt şəhər komitəsinin üzvü olmuşdur. Azərbaycan KP-nin XXIX, XXX və XXXI qurultaylarının, həmçinin SSRİ KP-nin XXVI qurultayının nümayəndəsi seçilmişdir. Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı, eləcədə Azərbaycan SSR Ali Sovetinin IX və X çağırışların deputatı seçilmişdir.
Təltifləri "Şöhrət nişanı" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, “Şanlı əməyə görə” medalı, "SSRİ İxtiraçısı" medalı, "Əmək Veteranı" medalı, "Böyük Vətən Müharibəsində Qələbənin 60 illiyi şərəfinə" yubiley medalı (Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2005 il Fərmanı), "SSRİ xalq təsərrüfatında nailiyyətlərə görə" medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları (1969, 1981) və digər mükafatlarla təltif edilmişdir.
SSRİ-nin Kimya Sənayesinin Nazirliyinin Fəxri Kitabına adı daxil edilmiş (1979, 1981), SSRİ-nin "Fəxri kimyaçısı" adına layiq görülmüşdür.
İstinadlar
Ədəbiyyat
Газета «Бакинский рабочий», 1972 Azərbaycan SSR kimya sənayesinin tarixi. — Bakı, 1980 История химической промышленности Азербайджанской ССР. — Баку, 1985 Нефтехимическая промышленность СССР. — Москва, 1972 https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/5572/az%C9%99rbaycan-ssr-s%C9%99nayesi-1970-1980.html
Keçid
Категория:Депутаты Верховного Совета Азербайджанской ССР 9-го созыва Категория:Депутаты Верховного Совета Азербайджанской ССР 10-го созыва Список делегатов XXVI съезда КПСС https://search.rsl.ru/ru/record/01008081927 https://patentdb.ru/author/1166117 https://patentdb.ru/patent/732288 https://frameworks.e-qanun.az/9/f_9579.html
Kateqoriya:Azərbaycan nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan SSR hökuməti (1980–1985) Kateqoriya:Azərbaycan SSR hökuməti (1985–1991)