Beynəlxalq hüququn subyekti — beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onlan həyata keçirmək qabiliyyətinə malik olan qurum.
Beynəlxalq-hüquqi subyektliyin əsas ünsürləri aşağıdakılardır:
beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədilə beynəlxalq (və ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq.
Beynəlxalq-hüquqi subyektliyin bu ünsürləri bütövlükdə yalnız dövlətlərə və müəyyən beynəlxalq təşkilatlara (məsələn, BMT) məxsusdur. Beynəlxalq hüququn digər subyektləri isə, bu hüquqi keyfiyyətlərdən bəzilərinə malikdir və ya onların hamısından cüzi istifadə edə bilər.
Beynəlxalq-hüquqi subyektliyin əldə olunma qaydasına görə iki növünü göstərmək olar:
İlkin subyektlik - yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso facto beynəlxalq hüququn subyektidir. Dövlətlər beynəlxalq hüququn subyektləri içərisində ən əsası və ən mühümü kimi çıxış edir, ilkin və universal beynəlxalq-hüquqi subyektliyə malikdir. Bəs hansı quruma dövlət demək olar? 1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyası bu suala cavab verir. Konvensiyanın 1-ci maddəsində deyilir: «Beynəlxalq-hüquqi şəxs kimi dövlət 4 meyara malik olmalıdır: a) daimi əhali; b) müəyyən ərazi; c) hökumət; ç) başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti». Törəmə subyektlik - müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq-hüquqi subyektlik yalnız dövlətlərin bu keyfiyyəti ona verməsindən və ya tanımasından sonra ortaya çıxır.
İstinadlar
Kateqoriya:Beynəlxalq hüquq Kateqoriya:Hüquqi terminlər