İbn Bəbaveyhi qəbiristanlığı və ya İbni-Babviyə qəbiristanlığı ( və ya ) — İranın Rey şəhərində qəbiristanlıq. Təxminən 10 hektar ərazini əhatə edən bu qəbiristanlıq Rey şəhərindəki Toğrul qalası tarixi abidəsinin yaxınlığında yerləşir.

Adı Qəbiristanlıq şiə alimi İbn Bəbaveyhinin adını daşıyır. O, Bağdadda dərs demiş və ömrünün sonunda Reydə yaşamışdır. Onun əsərləri (300 cilddən çox) fiqh elmində etibarlı mənbələr kimi istifadə olunur. Ən məşhur kitabı "Mən lə Yəhdurul-Fəqih"dir. O, hicri təqvimi ilə 381-ci ildə vəfat etmiş və məzarı burada yerləşir.

"Şahnamə"də nəql olunan rəvayətə görə, "Babuy" sözü iranlı bir pəhləvanın adıdır. "Babu" və "Babuy" sözləri "baba" və ya "ata" mənasını verən "bab" sözündən yaranmışdır və buradakı "vav" hərfi əzizləmə (təhbib) bildirir. Əslində "Babuy" – "əziz ata", "canım ata" mənalarını ifadə edir. Bu sözün ərəbləşdirilmiş forması "İbn Babuyə" nümunəsində olduğu kimi "Babuyə" şəklindədir.

Bundan əlavə, ikinci "b" hərfi "zəmmə" (u səsi) ilə tələffüz olunan "Babu" sözü ata, böyük və qələndərlərin rəhbəri mənasını daşıyır. Məsələn, Babu Qələndər Şah Nemətullah Vəlinin xəlifəsi olmuşdur.

"-u" və "-uyə" şəkilçiləri isim düzəldən, kiçiltmə və əzizləmə bildirən şəkilçilərdir. Bunlar müasir dildə artıq qeyri-fəal hesab olunurlar.

Tarixi Tarixi məlumatlara və sənədlərə əsasən, Nəsrəddin şah Qacarın hakimiyyəti (hakimiyyəti: 1848–1896-cı illər) dövründən əvvəl İbn Babuyə qəbiristanlığı çox geniş bir əkin sahəsi və bağ olmuşdur, lakin həmin bağın altındakı sərdabədə bütöv qalmış bir cəsədin tapılması və sərdabənin içərisindən çıxan daşın bu cəsədin 800 ildən çox əvvəl vəfat etmiş Şeyx Səduqa məxsus olduğunu aşkar göstərməsindən sonra həmin məzarın üzərində Şeyx Səduq türbəsi inşa edilmişdir. Bəzi mütəxəssislərin fikrincə, İbn Babuyə qəbiristanlığının ilk bünövrəsi Samanilər dövrünə (hakimiyyəti: 819–999-cu illər) təsadüf edir və sonradan sel nəticəsində dağılmışdır. Şeyx Səduqun ilk türbəsi də zaman keçdikcə monqol yürüşləri, Xarəzmşahlar, Teymurilər dövrünün müharibələri və müxtəlif hadisələr səbəbindən bir neçə dəfə dağıntıya məruz qalmışdır.

Şeyx Səduq türbəsinin yenidən bərpa olunmasından sonra onun ətrafında bir çox şəxs dəfn edilmiş, həmçinin ərazidə böyük və möhtəşəm məqbərələr ucaldılmışdır. Məhəmməd Rza Pəhləvi və Məhəmməd Müsəddiq də İbn Babuyədə dəfn olunmağı vəsiyyət etmişdilər.

2011-ci ildə Şeyx Səduq türbəsinin genişləndirilməsi məqsədilə bu kompleksdəki bir sıra tarixi başdaşları məhv edilmişdir. Nümunə olaraq Hadi Təcvidi və Hüseyn Kuhi Kirmaninin məzar daşlarının dağıdılmasını qeyd etmək olar.

İstinadlar

Kateqoriya:Şiə qəbiristanlıqları Kateqoriya:Tehran qəbiristanlıqları