Əbdülrza Ənsari (1925–2020-ci illər) müxtəlif dövlət vəzifələrində çalışmış İran mühəndisi, bürokratı və siyasətçisi. O, əmək naziri (1959–1960-cı illər) və daxili işlər naziri (1966–1969-cu illər) vəzifələrini icra etmişdir.

Erkən həyatı və təhsili Əbdülrza Ənsari 1925-ci ildə anadan olmuşdur. Onun atası polkovnik Məhəmməd Hüseyn xan Əbdülrza Ənsarinin doğumundan əvvəl, 26 yaşında üsyançılara qarşı döyüşdə həlak olmuşdur. O, Tehran Universitetində və Yuta Dövlət Universitetində təhsil almış, kənd təsərrüfatı mühəndisliyi ixtisası üzrə dərəcələr əldə etmişdir. Əbdülrza Ənsari daha sonra Los-Ancelesdə yerləşən Kaliforniya Universitetində hüquq üzrə doktorluq dərəcəsinə yiyələnmişdir.

Karyerası Əbdülrza Ənsari 1951-ci ildə İrana qayıtdıqdan sonra əmək fəaliyyətinə Əmək Nazirliyində başlamışdır. Daha sonra Milli İqtisadiyyat Nazirliyinə qoşulan Ənsari İran-Amerika Birgə İqtisadi İnkişaf Fondunun direktor müavini və xarici yardım üzrə dövlət nazirinin müavini vəzifələrində çalışmışdır. O, həmçinin İranın baş xəzinədarı vəzifəsini icra etmişdir. Siyasi fəaliyyəti dövründə Mənuçöhr İqbalın rəhbərlik etdiyi Milliyyətçilər Partiyasının üzvü olmuşdur.

İqbal hökumətinin fəaliyyətinin ilkin mərhələsində ABŞ və qərbpərəst strukturların təsirinin artması müşahidə olunmuşdur. Vorren proqramının məzunları və Harri Trumenin dörd prinsip proqramının rəhbərləri ardıcıl olaraq dövlət aparatında mühüm mövqelər tutmağa başlamışdılar. Onların arasında Cəmşid Amuzegar, Mənuçöhr Qudərzi, Əbdülrza Ənsari, habelə əvvəllər ölkənin İqtisadi Şurasının baş katibi vəzifəsini tutmuş Həsən Əli Mənsur var idi. Bu şəxslərin hər biri ABŞ-də Vorrenin rəhbərliyi altında Trumenin "4-cü prinsip" proqramı çərçivəsində peşəkar hazırlıq keçmiş və əldə etdikləri biliklərin İranda praktiki tətbiqinə başlamışdılar.

1959-cu ildə Baş nazir Mənuçöhr İqbalın kabinetində Ağa xan Bəxtiyarı əvəz etmiş və onu əmək naziri təyin edilmişdir. Ənsari bu vəzifəni 1960-cı ilin sentyabr ayınadək tutmuşdur. 1966-cı ildə Baş nazir Əmir-Abbas Hüveydanın rəhbərlik etdiyi hökumətdə daxili işlər naziri təyin olunmuşdur. Onun bu vəzifədəki səlahiyyət müddəti 1969-cu ildə başa çatmış və onu Ataulla Xosravani əvəz etmişdir. Əbdülrza Ənsarinin tutduğu digər mühüm vəzifələr sırasına Xuzistan Su və Elektrik İdarəsinin icraçı direktoru, Xuzistan ostanının general-qubernatoru və İmperiya Sosial Xidmətlər Təşkilatının icraçı direktoru daxildir. Sonuncu vəzifədə o, şahzadə Əşrəf Pəhləvinin müavini kimi fəaliyyət göstərmişdir.

Sonrakı illəri, şəxsi həyatı və vəfatı 1979-cu ildə İran İslam inqilabından sonra Əbdülrza Ənsari İranı tərk etmiş və Fransanın Paris şəhərində məskunlaşmışdır. O, Parisdə yerləşən "Persia Education Foundation"ın (Persiya Təhsil Fondu) təsisçi qəyyumlarından biri olmuşdur. 2016-cı ildə onun "Şahın İranı – Yüksəliş və Tənəzzül: İnsayderlə söhbətlər" (The Shah’s Iran - Rise and Fall Conversations with an Insider) adlı kitabı nəşr olunmuş, əsərin ingilisdilli nəşri "I.B. Tauris" nəşriyyatı tərəfindən çap edilmişdir.

Ailəli olan Əbdülrza Ənsarinin Nazənin, Kitayun və Məhəmməd Rza adlı üç övladı var idi. O, 2020-ci ilin dekabr ayında Parisdə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:İranın daxili işlər nazirləri