Özbəkistan Respublikası Mərkəzi Bankı () — Özbəkistan Respublikasının mərkəzi bankı, həmçinin maliyyə və pul-kredit siyasətinin əsas tənzimləyicisi.
Tarixi Özbəkistan SSR Dövlət Bankı Özbəkistan SSR Ali Sovetinin 15 fevral 1991-ci il tarixli, 205-XII nömrəli "Banklar və bank fəaliyyəti haqqında" Qanunu əsasında yaradılmışdır. Özbəkistan Respublikasının 30 sentyabr 1991-ci il tarixli, 364-XII nömrəli "Özbəkistan SSR Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər edilməsi haqqında" Qanununa uyğun olaraq, Özbəkistan SSR Dövlət Bankının adı dəyişdirilərək Özbəkistan Respublikası Dövlət Bankı adlandırılmışdır. 2 iyul 1992-ci il tarixində isə Özbəkistan Respublikası Dövlət Bankı Özbəkistan Respublikası Mərkəzi Bankı olaraq yenidən adlandırılmışdır.
Mərkəzi Bank respublikanın dövlət, emissiya və ehtiyat bankı statusunu almışdır. Özbəkistan Respublikası Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 28 fevral 1992-ci il tarixində təsdiq edilmiş Mərkəzi Bankın Nizamnaməsində qurumun respublikanın baş bankı, eləcə də beynəlxalq maliyyə təşkilatlarının aktivlərinin depozitarisi olduğu təsbit edilmişdir. Nizamnaməyə əsasən, dövlət mülkiyyətində olan bank Özbəkistan Respublikası Ali Məclisinə (2002-ci ildə ikipalatalı parlament yaradıldıqdan sonra Senata) hesabatlıdır. Bankın qarşısına pul tədavülünün və ödəniş sisteminin tənzimlənməsi, həmçinin kommersiya bank strukturlarının formalaşdırılması kimi vəzifələr qoyulmuşdur. 21 dekabr 1995-ci il tarixində Özbəkistan Respublikasının 154-I nömrəli "Özbəkistan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunu qəbul edilmişdir.
Funksiyaları Mərkəzi Bankın hüquqi statusu, vəzifələri, funksiyaları, səlahiyyətləri, habelə təşkilati və fəaliyyət prinsipləri Özbəkistan Respublikası Konstitusiyası (XXV fəsil, 124-cü maddə), "Özbəkistan Respublikasının Mərkəzi Bankı haqqında", "Banklar və bank fəaliyyəti haqqında" qanunlar və digər qanunvericilik aktları ilə müəyyən edilir. Mərkəzi Bank Özbəkistan Respublikası Ali Məclisinin Senatına hesabatlıdır.
Özbəkistan Respublikası Mərkəzi Bankının fəaliyyətinin baş lütfi milli valyutanın sabitliyini təmin etməkdən ibarətdir. Pul-kredit siyasətinin həyata keçirilməsi, pul emissiyasına nəzarət, vahid hesablaşmalar sisteminin təşkili, kommersiya banklarının, mikrokredit təşkilatlarının, lombardların və kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və onlara nəzarət edilməsi bankın əsas vəzifələrindəndir. Bununla yanaşı, qurum Özbəkistan Respublikasının rəsmi qızıl-valyuta ehtiyatlarının saxlanılmasını və idarə edilməsini təmin edir, həmçinin digər dövlətlərin mərkəzi banklarında və beynəlxalq maliyyə-kredit təsisatlarında Özbəkistan Respublikasının maraqlarını təmsil edir. Mərkəzi Bank kredit resursları üzrə hərracların təşkilatçısı qismində çıxış edir, Respublika Valyuta Birjasının dəqiq fəaliyyət göstərməsini təmin edir və Maliyyə Nazirliyi ilə birlikdə dövlət büdcəsinin kassa icrasını təşkil edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1991-ci ildə yaradılan banklar Kateqoriya:1991-ci ildə yaradılmış dövlət orqanları Kateqoriya:Mərkəzi banklar Kateqoriya:Özbəkistan iqtisadiyyatı