Rəbiə əl-Ədəviyyə (; ) — bəsrəli xanım sufi, Qərbdə üzərində tədqiqat aparılan ilk qadın sufi. O, təsəvvüf düşüncəsindəki "ilahi eşq" məvhumunu sistematik şəkildə dilə gətirən ilk sufi olmuşdur.
Əs-Süləmi, Rəbiə ilə yanaşı eyni ada sahib iki qadın sufidən də bəhs etmişdir. Bunlardan biri dövrün sufilərindən Əbdülvahid ibn Zeydin bəsrəli xanımı Rəbiə əl-Əzdiyyə, digəri isə Əhməd ibn Əbül-Həvarinin xanımı şamlı Rəbiə (və ya Rəyiə) bint İsmayıldır. Eyni dövrdə üç Rəbiənin olması Rəbiə əl-Ədəviyyə haqqında mənbələrdə fərqli məlumatların yer almasına səbəb olmuşdur. Rəbiə əl-Ədəviyyədən ilk bəhs edən onun müasiri olan Cahizdir. Cahiz Rəbiə əl-Ədəviyyənin onun dövrünün üç məşhur xanım sufisindən biri olduğunu söyləmişdir. Təsəvvüf mənbələrində bu xanımlar "nəsikət, salehət, mütəzahhidət" olaraq adlandırılmışdır. Bu mənbələrə görə, bu xanım sufilərin ən məşhuru Rəbiə əl-Ədəviyyədir.
Rəbiə əl-Ədəviyyənin həyatı haqqındakı ən detallı məlumatları və mənqibələri nəql edən şəxs isə Fəridəddin Əttar olmuşdur.
Fəridəddin Əttarın onu "Həzrət Məryəmin naibi" şəklində tanıtması və Rəbiə əl-Ədəviyyənin zahidliyi seçib subay yaşaması Qərbli müəlliflərin onu Antioxiyalı Pelagiya, Avilalı Tereza kimi xristian müqəddəslərlə müqayisə olunmasına səbəb olmuşdur.
Bioqrafiya Rəbiə əl-Ədəviyyə 714-cü və ya 718-ci ildə Bəsrədə doğulmuş və 796 və ya 801-ci ildə Bəsrədə vəfat etmişdir. Maddi çətinliklər çəkən bir ailənin dördüncü övladı olduğundan ona "Rəbiə" adı verilmişdir. Nisbələri "Ədəviyyə" və "Qeysiyyə"dir. Künyəsi "Ümmül-xeyr"dir.
Fəridəddin Əttara görə Rəbiə əl-Ədəviyyə yetim qalmış, aclıq səbəbi ilə bacılarından ayrı düşmüş və tək yaşamağa başlamışdır. Bu vaxtlarda zalım bir şəxs tərəfindən qul kimi satın alınaraq ağır işlərdə çalışdırılmışdır. Gecələri ibadətlə keçirən Rəbiə əl-Ədəviyyə 12 yaşında ağası tərəfindən azad edilmişdir. Bunun da səbəbi bir gecə onun başının üzərində bir işığın parıldaması və ağasının da bundan qorxması olmuşdur.
Azadlığını əldə edən Rəbiə əl-Ədəviyyə, həccə getməyə qərar vermiş və bu səyahətdə onun zahidliyə yönəlməsinin ilk nişanələri görünməyə başlamışdır. Həcdən qayıtdıqdan sonra Bəsrədə məskunlaşan Rəbiə əl-Ədəviyyə, ona evlilik təklif etmiş bir çox dövlət adamının və sufinin təklifini rədd etmişdir. Rədd etdiyi şəxslərdən biri də Əbdülvahid ibn Zeyd olmuşdur.
Rəbiə əl-Ədəviyyə istəməsə də bir çox şəxs tərəfindən ziyarət olunmuşdur: Zün-Nun əl-Misri, İbrahim ibn Ədhəm, Süfyan əs-Səvri, Şəqiq əl-Bəlxi, Malik ibn Dinar, Əbdə bint Əbu Şəval, Məryəm əl-Bəsriyyə, Leyla əl-Qeysiyyə və başqaları bu şəxslərdən bəziləridir.
Fikirləri Prof. Dr. Semih Ceyhan və Hülya Kiçikə görə, Rəbiə əl-Ədəviyyəni digər sufilərdən fərqləndirən əsas xüsusiyyət onun zahidlik anlayışını ilahi eşq fikri ilə tamamlamasıdır. Rəbiə əl-Ədəviyyənin söylədiyi şeirlər və sözlərdə həm də vəhdəti-vücud fəlsəfəsinin ilkin izlərini müşahidə etmək də mümkündür.
Məruf əl-Kərxi, Haris əl-Mühasibi, Bəyazidi-Bəstami, Zün-Nun əl-Misri, Cüneyd əl-Bağdadi, Həllac əl-Mənsur kimi sufilər onun fikirlərindən təsirlənmişdir.
İstinadlar Kateqoriya:İraq şairləri Kateqoriya:İslamda qadınlar Kateqoriya:Övliyalar Kateqoriya:Sufi şairləri Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:VIII əsr ərəbdilli şairlər
Kateqoriya:Sufilər Kateqoriya:Əməvi xilafətindən olan qadınlar Kateqoriya:Ərəb filosoflar Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:İslam filosofları Kateqoriya:Orta əsrlərin qadınları Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Mistiklər Kateqoriya:Orta əsrlər şairləri Kateqoriya:Vegetarianlar Kateqoriya:VIII əsr filosofları Kateqoriya:IX əsr filosofları