2015-ci ilin məlumatlarına görə, İranda əlilliyi olan 1,87 milyondan çox şəxs (ümumi əhalinin təxminən 4,2%-i) hökumətdə rəsmi qeydiyyata alınmışdır. Ölkə qanunvericiliyi əlilliyi olan şəxslərin sayı, eləcə də əlilliyin növləri barədə məlumatların əldə edilməsini tələb etsə də, 2011-ci ilin ümummilli siyahıyaalınmasında əhalinin cəmi 1,35%-nin əlilliyi olduğunu iddia edən aşağı statistik göstəricidən sonra İran Statistika Mərkəzi 2016-cı il siyahıyaalınmasından əlilliklə bağlı bütün sualları çıxarmışdır. 2014-cü ildə İran Dövlət Rifah Təşkilatının "Əlilliyi olan şəxslərin hüquq və imkanlarının genişləndirilməsi ofisi"nin direktoru Keyvan Davatqaran ölkə əhalisinin təxminən 11%-nin bu və ya dərəcədə əlilliyinin olduğunu bildirmişdir.
thumb|Zəhra Nemati — 2016 Yay Olimpiya Oyunlarının açılış mərasimində İran yığmasının bayraqdarı olan iranlı oxatan
Qanunvericilik
İran İslam Respublikası Konstitusiyasının 3-cü maddəsinin 9-cu bəndi maddi və mənəvi sahələrdə ədalətsiz ayrı-seçkiliyin aradan qaldırılmasını və hamı üçün bərabər imkanların yaradılmasını vurğulayır. Əlilliyi olan şəxslərin hüquqlarını dəstəkləyən qanunlar hökumətin üzərinə onların hüquqlarının təmin edilməsi və lazımi dəstəyin göstərilməsi üçün müvafiq şərait yaratmaq öhdəliyi qoyur.
2004-cü ildə İslam Şurası Məclisi (İran Parlamenti) 16 maddədən ibarət "Əlillərin Müdafiəsi üzrə Kompleks Qanun"u qəbul etmişdir; dörd il sonra, 2008-ci ildə isə parlament Əlillərin hüquqları haqqında Konvensiyanı təsdiqləmiş və beləliklə, İran bu beynəlxalq konvensiyaya qoşulmuşdur.
Həsən Ruhaninin prezidentliyi dövründə əlilliyi olan şəxslərin hüquqlarının mühafizəsinə dair yeni bir qanun layihəsi irəli sürülmüşdür. "Əlillərin Hüquqlarının Müdafiəsi Haqqında Qanun" adlanan bu layihə 2018-ci ilin martında parlament tərəfindən bəyənilmiş və həmin ilin mayında prezident tərəfindən icraya yönəldilmişdir. Buna baxmayaraq, qanunların tətbiqi prosesində bir çox maneələr mövcuddur və buna görə onların böyük hissəsi kağız üzərində qalır (icra olunmur).
İran hökumətinin rəsmi məlumatlarına görə, 2016-cı ildə Dövlət Rifah Təşkilatında qeydiyyatda olan əlilliyi olan şəxslərin yalnız 25%-i əlillik müavinəti ala bilmişdir.
Hərbi xidmətdən azad edilmə
İranda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair kompleks qanunvericiliyə əsasən, qanunun müvafiq bəndlərində göstərilən şərtlərə cavab verən əlilliyi olan şəxslər tibbi göstərişlərə görə müddətli həqiqi hərbi xidmətdən azad edilirlər. Bununla belə, həm dövlət müəssisələrində, həm də özəl sektorda tibbi göstərişə görə hərbi xidmətdən azad olunma vəsiqəsi olan şəxslərə qarşı məşğulluq sahəsində ciddi ayrı-seçkilik hallarının mövcudluğu barədə yerli media və ictimaiyyətdə geniş məlumatlar mövcuddur. Əlilliyi olan uşağı olan ailələrin üzərinə düşən mənəvi, psixoloji və iqtisadi yüklərin ağırlığı nəzərə alınaraq, əvvəllər belə ailələrin digər sağlam övladlarından biri də hərbi xidmətdən azad edilirdi. Lakin hazırda qüvvədə olan "Əlillərin Müdafiəsi üzrə Kompleks Qanun"un 6-cı maddəsinə əsasən, yalnız ailədə iki əlilliyi olan uşaq olduqda, ailənin digər sağlam övladı hərbi xidmətdən azad olunma hüququ qazanır. Eyni zamanda, mövcud qanunvericiliyin mətninə əsasən, valideynləri (atası və ya anası) ağır dərəcəli əlilliyi olan şəxslər də müddətli həqiqi hərbi xidmətdən azad olunurlar.
Hüquqi baza və beynəlxalq öhdəliklər
İran İslam Respublikası 2009-cu ildə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasını (CRPD) ratifikasiya etmişdir. Konvensiyanın 9-cu maddəsi birbaşa fiziki mühitin, nəqliyyat vasitələrinin və digər daxili və xarici obyektlərin əlilliyi olan şəxslər üçün əlçatan olmasını tələb edir. Buna baxmayaraq, beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarına görə, İranda qəbul edilmiş yerli əlillik qanunları və şəhərsalma normativləri icra mexanizminin zəifliyi və büdcə çatışmazlığına görə praktiki olaraq tam tətbiq olunmur.
İranın Rifah Təşkilatının (Behzisti) rəsmi statistikasına görə, paytaxt Tehran daxil olmaqla, ölkənin böyük şəhərlərindəki ictimai binaların və keçidlərin yalnız kiçik bir faizi hərəkət qabiliyyəti məhdud şəxslərin sərbəst istifadəsinə müvafiqdir. Tikinti normalarına (məsələn, İran Milli Tikinti Reqlamentinin 21-ci bəndinə) əməl olunmamasına görə yeni salınan infrastruktur layihələrində belə texniki qüsurlar qalmaqdadır.
Şəhər mühitindəki problemlər
İranın əksər şəhərlərində əlilliyi olan şəxslər müxtəlif infrastruktur problemləri ilə üzləşirlər. Bu problemlərə qeyri-münasib tikinti materiallarından istifadə edilməklə tikilmiş dar, maili və sürüşkən səkilər, lazımi pandusların (rampaların) olmaması, səki ilə yol hərəkəti hissəsi arasında maneələrin mövcudluğu və keçid körpülərinin yoxluğu daxildir. Həmçinin mövcud körpülərin yararsızlığı, piyada keçidlərinin, eləcə də bardür, səki və su axarları (arxlar) arasında əlaqənin olmaması, görmə məhdudiyyətli şəxslər üçün hiss edilə bilən səth səkilərinin (taktil plitələrin) quraşdırılmaması əsas çətinliklər sırasındadır. İnsan Hüquqları Müşahidə Qrupunun (HRW) hesabatlarında da qeyd olunur ki, İranda şəhər infrastrukturunun qeyri-münasib olması əlilliyi olan şəxslərin təhsil, iş və ictimai həyata çıxışını ciddi şəkildə məhdudlaşdırır.
2021-ci ilin fevralında "Həmşəhri" qəzeti xəbər vermişdir ki, əlilliyi olan şəxslər üçün reabilitasiya avadanlıqlarının qiymətlərinin kəskin artması fonunda bu növ texniki vasitələrin oğurlanması halları da çoxalmışdır; maddi imkansızlığa görə bir çox əlil şəxs bəhs edilən avadanlıqları yenidən almaq iqtidarında deyildir.
İran Korlar Assosiasiyası
İran Korlar Assosiasiyası 1993-cü ilin dekabrında yaradılmış xeyriyyə müəssisəsidir. Assosiasiyanın rəsmi bəyanatlarına əsasən, cəmiyyətin görmə məhdudiyyətli vətəndaşların təbii hüquqları ilə tanış edilməsi və onların hüquqlarının müdafiəsinin təşviqi təşkilatın ən mühüm hədəflərindən hesab olunur.
İstinadlar
Kateqoriya:İranda əlillik Kateqoriya:Asiyada əlillik