thumb|Gözmuncuqları nəzərdən qorunmaq üçün istifadə olunan çoxsaylı məşhur amulet və talismanlardan biridir. Nəzər — adətən paxıllıqdan qaynaqlanan pis niyyətli baxışın səbəb olduğu lənətə dair fövqəltəbii inanc. Ondan qorunmaq üçün istifadə olunan amuletlərə (tilsimlərə) təxminən 5 min il əvvələ aid tapıntılarda rast gəlinmişdir. Bu inanc Aralıq dənizi regionunda, Balkan yarımadasında, Şərqi Avropada, Qərbi, Mərkəzi və Cənubi Asiyada, Afrikada, Karib hövzəsində və Latın Amerikasında bir çox mədəniyyətlərdə mövcuddur. Həmin mədəniyyətlərdə çox vaxt nəzərə məruz qalmağın bədbəxtlik və ya xəsarətə səbəb olduğuna inanılır, digər inanclara görə isə bu, başqalarına (xüsusilə də günahsız insanlara) zərər vermək istəyənlərə qarşı pis niyyətli baxışı yönəldən və ya əks etdirən bir növ fövqəltəbii qüvvədir. Bu anlayış yəhudi ravvin ədəbiyyatında da dəfələrlə qeyd olunmuşdur.Judah Loew ben Bezalel, Netivot olam, Israel 2014, p. 214
Müxtəlif mədəniyyətlər nəzərdən qorunmaq üçün müxtəlif tədbirlər görmüşdür. Nəzərə qarşı ən məşhur talismanlardan bəziləri göz formasında olan gözmuncuğu və əl formasında olan xəmsə həmayilidir. Simvolun daha qədim nümunələri çox vaxt keramika və ya gildən hazırlanırdı. Lakin təxminən e.ə. 1500-cü ildə Aralıq dənizi regionunda şüşə muncuqların istehsalından sonra gözmuncuqları hindlilər, finikiyalılar, farslar, ərəblər, yunanlar, romalılar və osmanlılar arasında geniş yayılmağa başlandı. İlliriyalılar nəzərə qarşı fallus, əl, ayaq və heyvan dişləri formasında olan əşyalardan istifadə edirdilər. Qədim romalılar nəzərdən qorunmaq üçün fassinus kimi falluslardan istifadə edirdilər. Müasir Cənubi İtaliyada isə qorunma məqsədilə müxtəlif amuletlərdən və jestlərdən istifadə olunur; bunlara korniçello, çimaruta və müxtəlif buynuz işarələri daxildir.
Müxtəlif mədəniyyətlərdə nəzərə qarşı başqa üsullardan da istifadə olunur. Ərəb mədəniyyətində tərif söylənərkən "Maşallah" (ما شاء الله) ifadəsinin işlədilməsi həmin tərifin nəzəri cəlb etməsinin qarşısını alır. Bəzi ölkələrdə, məsələn, Fələstində və İranda isə müəyyən bitkilərin (xüsusilə sədəfotunun) nəzərdən qoruyucu xüsusiyyətə malik olduğuna inanılır.
İstinadlar
Kateqoriya:Aralıq dənizi hövzəsi Kateqoriya:Lənətlər Kateqoriya:Mədəniyyətlə əlaqəli sindromlar Kateqoriya:Şərdən qoruduğuna inanılan əşyalar Kateqoriya:Tilsimlər