"Jalla" (, ) — Birləşmiş Krallıq və Kipr müğənnisi Antiqoni Bakstonun ifa etdiyi mahnı. Mahnı 8 fevral 2026-cı il tarixində "Minos EMI" leybli tərəfindən buraxılmışdır. Musiqi əsəri Antiqoni Bakston, Haralambus Kallona, Konnor Mullali-Nayt, Demetris Nikolau, Kleydi Lupa, Paris Kalpos və Trey Kva tərəfindən yazılmışdır. Mahnı 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Kipri təmsil edəcəkdir.
Yaradılması "Jalla" mahnısı Antiqoni Bakston tərəfindən Haralambus Kallona, Konnor Mullali-Nayt, Demetris Nikolau, Kleydi Lupa, Paris Kalpos və Trey Kva ilə birlikdə qələmə alınmışdır. Kalpos, Lupa, Malalli-Nayt və Kva həmçinin mahnının prodüserləri qismində çıxış etmişdirlər. "Jalla" adı Kipr dialektində "daha çox" mənasını verən bir sözdür. Antiqoni mahnının mətninə bu dialekti daxil etməyi təklif etdikdə, Kipr dialektinə aid olan "Jalla" terminini mahnının adı kimi istifadə etmək ideyasının Demetris Nikolauya məxsus olduğu bildirilir.
Musiqi cəhətdən mahnı "ənənəvi sədaları güclü ritmlərlə birləşdirən sürətli bir melodiya" kimi xarakterizə edilmişdir. Daha sonra o, tərkibində ənənəvi Kipr musiqi alətlərindən, xüsusən də ciftəli və lütadan istifadə olunan "Aralıq dənizi yay pop himni" kimi təsvir olunmuşdur. Mətn baxımından, Antiqoninin sözlərinə görə, mahnı "enerji, ehtiras və həyatda daha çoxuna nail olmaq arzusu" haqqındadır. İfaçı həmçinin əlavə etmişdir ki, bu trek beynəlxalq cəlbediciliyini qoruyaraq "Kipr ruhunu" əks etdirməli idi.
Təbliğat 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi öncəsi mahnının tanıdılması məqsədilə Antiqoni Yunanıstanın milli seçim turu olan "Sing for Greece 2026" yarışmasının fasilə aktında çıxış etmişdir. O, həmçinin 21 mart 2026-cı il tarixində Norveçdə keçirilən "Nordic Eurovision Party 2026" tədbirində də iştirak etmişdir.
2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Daxili seçim 14 avqust 2025-ci il tarixində Kipri Avroviziyada təmsil edən Kipr Yayım Korporasiyası (CyBC) 2026-cı ildə müsabiqədə iştirak etmək niyyətini açıqlamış, daha sonra isə 2026-cı il təmsilçisini müəyyən etmək üçün daxili seçim keçiriləcəyini təsdiqləmişdir. Kiprin seçim prosesi iki mərhələdən ibarət olmuşdur. Birinci mərhələdə beş nəfərdən ibarət münsiflər heyəti Yunanıstanın səsyazma şirkətləri tərəfindən təklif olunan doqquz potensial ifaçı arasından səsvermə keçirmişdir. İkinci mərhələyə 30 oktyabr – 6 noyabr 2025-ci il tarixlərində yayım korporasiyasının internet saytında yerləşdirilən onlayn sorğu daxil edilmişdir ki, bu vasitəsilə ictimaiyyət artistlər və ümumilikdə ölkənin iştirakı barədə öz fikirlərini bildirə bilmişdir. 6 noyabr 2025-ci il tarixində CyBC britaniyalı-kiprli müğənni Antiqoni Bakstonun Vyanada Kipri təmsil edəcəyini elan etmişdir.
Avroviziyada 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərində, "Wiener Stadthalle" konsert zalında baş tutmuşdur. Müsabiqə müvafiq olaraq 12 və 14 may tarixlərində keçiriləcək iki yarımfinaldan, həmçinin 16 may 2026-cı il tarixindəki final mərhələsindən ibarətdir. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasimində Kiprin ikinci yarımfinalın ikinci hissəsində çıxış edəcəyi müəyyənləşmişdir. Sonradan Antiqoninin İsveçrə təmsilçisi Veronika Fusaro ilə Avstriya təmsilçisi "Cosmó" arasında, səkkizinci nömrə altında səhnəyə çıxacağı qərara alınmışdır.
Avroviziya səhnəsindəki çıxış üçün xoreoqrafiyanı Nataliya Maykl və Saşa Jan-Batist hazırlamışdılar. Maykl həmçinin səhnədə Antiqoniyə qoşulan dörd rəqqasədən biri olmuşdur. Digər rəqqasələr Anna Xatzikiariaku, Konstantina Spiru və Sofiya Papakonstantinudur.
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar