"Fångad av en stormvind" — musiqisi və prodüserliyi Stefan Berq tərəfindən həyata keçirilmiş, İsveç müğənnisi Karola tərəfindən ifa olunmuş mahnı. Kompozisiya həmin il "Melodifestivalen" yarışmasında qələbə qazandıqdan sonra, Roma şəhərində keçirilən 1991-ci il Avroviziya Mahnı Müsabiqəsində İsveçi təmsil etmiş və birinci yeri tutmuşdur.
Konsepsiya "Fångad av en stormvind" mahnısı İsveç sinql hit-paradında üçüncü, Norveç sinql hit-paradında isə altıncı pilləyə qədər yüksəlmişdir. Kompozisiyanın ingilisdilli versiyası olan "Captured by a Lovestorm" isə Avstriya, Belçika (Flandriya) və Niderland hit-paradlarına daxil olmuşdur. Bu əsər Stefan Berq tərəfindən yazılmış və Karola tərəfindən lentə alınmışdır. Müğənni isveç dilindəki orijinal versiya ilə yanaşı, Riçard Hemptonun mətni əsasında mahnının "Captured by a Lovestorm" adlı ingilisdilli versiyasını da yazdırmışdır. Hər iki versiyanın Emil Hellman tərəfindən hazırlanan remiksi "Hurricane Remix" adlandırılmışdır.
Avroviziya 31 mart 1991-ci il tarixində Karolanın ifasında səslənən "Fångad av en stormvind" mahnısı 30-cu "Melodifestivalen" yarışmasında iştirak etmişdir. Kompozisiya 78 xal toplayaraq — ikinci yeri tutan Tove Yaarnekin "Ett liv med dej" mahnısını 32 xal qabaqlayaraq — müsabiqənin qalibi olmuşdur. Bu festival İsveç Televiziyası (SVT) tərəfindən 36-cı Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə təşkil olunduğundan, sözügedən əsər İsveçin müsabiqə təmsilçisi, Karola isə ölkənin rəsmi ifaçısı hüququnu qazanmışdır.
4 may 1991-ci il tarixində Roma şəhərindəki "Çineçitta" kinostudiyasında İtaliya Radio və Televiziyası (RAI) tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. Karola özünün giriş video-təbrik çarxında Fiordalisonun "Non voglio mica la luna" mahnısını ifa etmişdir. O, həmin gecə Lüksemburq təmsilçisi Sara Breynin ifasındakı "Un baiser volé" kompozisiyasından sonra və Fransa təmsilçisi Aminanın ifa etdiyi "C’est le dernier qui a parlé qui a raison" mahnısından əvvəl, səkkizinci nömrə altında çıxış etmişdir. İsveç nümayəndə heyətinin çıxışı zamanı canlı orkestrə Anders Berqlund dirijorluq etmişdir.
Səsvermənin nəticələrinə əsasən, mahnı 146 xal toplayaraq Fransa təmsili ilə eyni xalı bölüşmüşdür. Hər iki kompozisiya həmçinin bərabər sayda on iki xallıq qiymətləndirmə almışdır. Lakin qələbə İsveçə verilmişdir; belə ki, İsveç Fransaya nisbətən daha çox on xallıq qiymət qazanmışdır və həmin dövrün qaydalarına görə xalların bərabərliyi halında qalib bu meyar əsasında müəyyənləşdirilirdi. Bu qayda 1969-cı il Avroviziya Mahnı Müsabiqəsində olduğu kimi qələbənin bir neçə ölkə arasında bölünməsi hallarının qarşısını almaq məqsədilə tətbiq edilmişdir. 1991-ci ilin müsabiqəsi bu prosedurun tətbiq olunduğu ilk və sonuncu hadisə kimi tarixə düşmüşdür. "Fångad av en stormvind" mahnısı İsveçə Avroviziya yarışmalarındakı üçüncü qələbəsini qazandırmışdır. Ölkə daha əvvəl 1974-cü ildə ABBA qrupunun "Waterloo" və 1984-cü ildə "Herreys" triosunun "Diggi-Loo Diggi-Ley" kompozisiyaları ilə qalib gəlmişdir. Bu çıxış, həmçinin Karolanın İsveç adından yarışmadakı ikinci iştirakı olmuşdur; o, 1983-cü il müsabiqəsində "Främling" mahnısı ilə iştirak edərək üçüncü yeri tutmuşdur. İfaçı 2006-cı ildə "Invincible" mahnısı ilə yenidən İsveçi təmsil etmiş və beşinci pillədə qərarlaşmışdır.
İstinadlar