Bənu Əbdüddar () — Qureyş qəbiləsinin qollarından biri.
Mənşəyi Əbdüddar Qusayın oğlu idi və adının mənası ərəb bütü olan "əd-Darın qulu" deməkdir.
Tarixi Qusay ibn Kilab (v. 480) ölümündən əvvəl Kəbəyə qulluq etməyi, hacılara su vermə işini, bayraqdarlığı və Darun-Nədvəyə rəhbərlik etməyi oğlu Əbdüddara vəsiyyət etmiş, bu da Əbdümənafoğulları ilə qarşıdurmaya səbəb olmuşdur. Əbdümənafoğullarını Bənu Əsəd, Bənu Zöhrə, Bənu Haris, Bənu Teym, Əbdüddarı isə Bənu Səhm, Bənu Cüməh, Bənu Ədi və Bənu Məxzum dəstəkləmişdir. Tərəflər bir-birilərini son nəfərə qədər ölmük üçün and içsələr də, hadisəyə müdaxilə edənlər sayəsində tərəflər barışdırılmış və vəzifələr bölüşdürülmüşdür. Bölgüyə əsasən Kəbəyə qulluq, bayraqdarlıq və Məkkəyə rəhbərlik vəzifələri Əbdüddarda qalmış və onlar bu vəzifələri Məkkənin fəthinə qədər icra etmişdirlər.
Əbdi, İbadi, Əbdəri kimi nisbələrlə tanınan Əbdüddaroğulları Kəbənin təmiri zamanı iştirak etmiş, hicr (Hicri-İsmayıl) hissəsindəki divarı bəzi digər qəbilələrlə birlikdə inşa etmişdirlər. Zəm-zəm quyusu qazılmamışdan əvvəl bu qəbilənin Ümmü Əhrəd adlanan bir quyu qazdığı məlumdur. Həbəşistana edilən ilk hicrətdə Əbdüddaroğullarından beş kişi və bir qadın iştirak etmişdir. Müsəlmanlara qarşı tətbiq edilən boykot zamanı razılaşdırılmış sənədi bu qəbilədən Mənsur ibn İkrimə yazmışdır. Həmçinin, Quranı öyrətmək üçün Mədinəyə göndərilən Musab ibn Umeyr də bu qəbiləyə mənsub idi.
Qureyşin bayrağını daşıyan Bənu Əbdüddar Uhud döyüşü zamanı Əbu Süfyan və onun həyat yoldaşı Hindin təhriki ilə bir-birinin ardınca döyüş meydanına çıxmış və onların çoxu öldürülmüşdür. Məkkənin fəthindən sonra Məhəmməd Kəbənin açarını həmişə onların əlində qalmaq şərti ilə bu qəbiləyə mənsub olan Osman ibn Təlhəyə təhvil vermişdir.
İstinadlar
Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Qureyş Kateqoriya:Ədnanilər