Prakrit dilləri və ya sadəcə Prakritcə; (Sanskritcə: प्राकृत, prākṛta) — Hindistan yarımadasında eramızdan əvvəl III əsrdən eramızın VIII əsrinə qədər olan dövrü əhatə edən, qədim xalq danışıq dillərini və ədəbi dialektləri özündə birləşdirən Orta Hind-Aryan dilləri qrupudur. "Prakrit" termini, daha erkən dövrün dini mətnlərində mühafizə edilmiş Pali dili istisna olmaqla, ümumilikdə qədim sanskritdən sonrakı Orta Hind-Aryan dil mərhələsinin orta dövrünü xarakterizə etmək üçün istifadə olunur.
Tarixi və sosiolinqvistik baxımdan bu dillər elitar təbəqənin, kahinlərin və sarayın mürəkkəb ədəbi dili olan Sanskrit dilinə qarşı xalqın gündəlik, təbii və canlı regional dialektləri olaraq inkişaf etmişdir. Prakrit dilləri qədim və müasir Hindistan dilləri arasında həlledici bir təkamül körpüsü rolunu oynamışdır. Belə ki, müasir dövrdə Hind və Urdu (Pakistan) dillərindəki söz bazasının təxminən 75%-i, feillərin isə 99%-i birbaşa olaraq Sanskrit və Prakrit mənşəlidir (leksikanın qalan 25%-i isə sonradan daxil olmuş Fars və Ərəb sözləridir). Bu dillər həm də qədim Hindistanın Caynizm və Buddizm kimi heterodoks dini təlimlərinin yayılmasında, eləcə də imperator Aşokanın məşhur daş fərmanlarında rəsmi dövlət-təbliğat dili kimi mühüm rol oynamışdır.
Etimologiyası və sosiolinqvistik fəlsəfəsi "Prakrit" termininin dilçilik fəlsəfəsi və etimoloji mənşəyi qədim Hindistan cəmiyyətinin sosiolinqvistik təbəqələşməsini başa düşmək üçün ən mühüm açardır. Sözün kökü Sanskrit dilindəki "prākṛta" (प्राकृत) sözünə əsaslanır. Bu anlayış "prakṛti" (प्रकृति) — yəni "təbiət", "ilkin mənbə", "orijinal vəziyyət" sözündən törəmişdir və hərfi mənası "təbii", "sadə", "adi", "modifikasiya olunmamış" və ya "xalqa məxsus olan" deməkdir.
Tarixi kontekstdə Prakrit qətiyyən təkbaşına bir anlayış deyil, o, həmişə digər böyük qədim Hind-Aryan dili olan Sanskrit (Sanskritcə: saṃskṛta संस्कृत) ilə dialektik qarşıdurmada və sıx təmasda nəzərdən keçirilmişdir. "Sanskrit" sözünün mənası isə "mükəmməlləşdirilmiş", "bəzədilmiş", "qaydaya salınmış" və ya "müqəddəs nizam daxilində təmizlənmiş" deməkdir. Beləliklə, qədim hind linqvistik fəlsəfəsində dualist (ikitirəli) bir dünyagörüşü hakim idi:
Saṃskṛta (Sanskrit): Süni şəkildə qrammatika qanunlarına (xüsusən Panininin sərt linqvistik düsturlarına) tabe edilmiş, kahinlər (Brahmanlar), alimlər, zadəganlar və saray elitası tərəfindən istifadə olunan "yüksək" mədəniyyət və ritual dili. Prākṛta (Prakrit): Heç bir süni qrammatik təmizlənməyə məruz qalmayan, təbii coğrafi təkamül nəticəsində formalaşan, cəmiyyətin aşağı təbəqələrinin, qadınların, tacirlərin və geniş xalq kütlələrinin gündəlik canlı ünsiyyət dili.
Qədim Hindistanda linqvistik təbəqələşmə Qədim hind qrammatiklərinin (məsələn, Namisadhu kimi şərhçilərin) əsərlərində Prakrit dilinin mənşəyinə dair iki fərqli elmi baxış mövcud idi. Birinci yanaşmaya əsasən, bütün Prakrit dillərinin fundamental anası məhz Sanskritdir; xalq Sanskrit sözlərini təbii olaraq tələffüz xətaları və sadələşdirmələr vasitəsilə "korlamış" və beləliklə Prakrit yaranmışdır. Müasir linqvstika isə ikinci nəzəriyyəni dəstəkləyir: həm Veda sanskriti, həm də erkən Prakrit dialektləri eyni bir proto dildən (Proto Hind-Aryan dilindən) paralel şəkildə budaqlanmışdır. Sadəcə olaraq, Sanskrit dili e.ə. V-IV əsrlərdə dondurulduğu halda, Prakrit xalqın dilində canlı olaraq dəyişməyə və inkişaf etməyə davam etmişdir.
Bu linqvistik fərq həm də kasta sisteminin (Varna) sərt sərhədlərini əks etdirirdi. Brahmanlar tərəfindən idarə olunan dini rituallarda Prakritcə danışmaq böyük günah və ritualın murdarlanması hesab olunurdu. Sanskrit müqəddəs və dəyişməz, Prakrit isə dünyəvi və keçici sayılırdı. Lakin bu sosiolinqvistik təzyiq Prakrit dillərinin siyasi müqavimət və yeni dini hərəkatların (Buddizm və Caynizm) əsas silahına çevrilməsinə yol açmışdır. Brahmanların dini elitarizmini rədd edən peyğəmbərlər və filosoflar xalqın qəlbinə yol tapmaq üçün qəsdən müqəddəs sayılan Sanskriti deyil, məhz "təbii" Prakrit dillərini seçmişdilər.
Tarixi inkişaf mərhələləri Hind-Aryan dillərinin tarixi xronologiyasında Prakrit dilləri "Orta Hind-Aryan" ( — Qısaca: MIA) dövrünü təşkil edir. Bu dövr eramızdan əvvəl təxminən VI-V əsrlərdən başlayaraq eramızın X əsrinə qədər davam edən uzun bir təkamül prosesidir. Dilçilər Prakrit dillərinin tarixi inkişafını daxili qrammatik dəyişikliklərə və yazılı abidələrin xarakterinə görə üç əsas tarixi mərhələyə bölürlər:
Erkən Orta Hind-Aryan mərhələsi (e.ə. VI əsr – e.ə. I əsr): Bu mərhələ hələ tam formalaşmış "klassik" Prakrit mətnlərindən əvvəlki dövrdür. Buraya regional xalq şivələri, Buddizmin müqəddəs dili olan Pali və ən qədim yazılı sənədlər hesab olunan Aşoka fərmanlarının dili daxildir. Bu dövrün dili Sanskrit dilinin qrammatik təsirindən tam xilas olmamışdı, lakin fonetik sadələşmələr artıq başlamışdı. Orta Orta Hind-Aryan mərhələsi (I əsr – VIII əsr): Bu mərhələ Prakrit dillərinin "Qızıl dövrü" və ədəbi zirvəsi hesab olunur. Məhz bu dövrdə xalq dilləri ədəbiyyat şivələrinə çevrilmiş, qrammatika qaydaları yazılmışdır. Şauraseni, Maharaştri və Maqadhi kimi klassik Prakrit dilləri bu dövrdə çiçəklənmişdir. Son Orta Hind-Aryan mərhələsi (VIII əsr – XI əsr): Bu mərhələ Prakrit dillərinin struktur baxımdan tənəzzülə məruz qalaraq "Apabhramşa" (Sanskritcə hərfi mənası: "tənəzzül", "yoldan çıxma") mərhələsinə keçdiyi dövrdür. Apabhramşa qədim Prakrit ilə müasir Hind-Aryan dilləri (hindi, benqal, marathi) arasında son keçid pilləsidir.
Aşoka fərmanları və Prakritin rəsmi dilə çevrilməsi Prakrit dillərinin tarix səhnəsinə epifrafik (yazılı daş abidələr) cəhətdən daxil olması birbaşa Mauriya imperiyasının məşhur hökmdarı imperator Aşokanın (e.ə. 268–232) adı ilə əlaqədardır. Hindistan yarımadasında tapılmış ən qədim oxunabilən yazılı sənədlər məhz Aşokanın qayalara və sütunlara həkk etdirdiyi fərmanlardır.
İmperator Aşoka Buddizmi qəbul etdikdən sonra öz qanunlarını, mənəvi prinsiplərini (Dharma) və xalqa müraciətlərini imperiyanın dörd bir tərəfinə yaymaq qərarına gəlmişdir. O, elitar təbəqənin dili olan və xalqın başa düşmədiyi Sanskriti şüurlu şəkildə rədd etmişdir. Bunun əvəzinə, fərmanların xalq tərəfindən birbaşa oxunub başa düşülməsi üçün imperiyanın müxtəlif regionlarında danışılan yerli Erkən Prakrit dialektlərindən istifadə olunmasını əmr etmişdir.
Aşoka fərmanları coğrafiyasına görə üç əsas Prakrit şivəsində yazılmışdır: Şərq dialekti (Maqadhi): İmperiyanın paytaxtı Pataliputra (müasir Patna) və ətrafında istifadə olunan, Aşoka fərmanlarının böyük qisminin yazıldığı əsas inzibati dil. Qərb dialekti: Müasir Qucarat və Girnar regionundakı qayalarda hifz edilib saxlanmış şivə. Şimal-Qərb dialekti (Qandhari): Müasir Pakistan və Əfqanıstan ərazilərində istifadə olunan, Kharoşthi qrafikası ilə yazılmış spesifik dialekt.
Aşoka dövründə Prakrit dilləri ilk dəfə saray dəftərxanasına daxil olmuş və imperiyanın müştərək ünsiyyət (linqva frankası) statusunu qazanmışdır. Bu siyasi addım Sanskrit dilinin dominantlığına bir neçə əsr boyu ciddi zərbə vurmuşdur.
Əsas regional dialektlər və onların təsnifatı Qədim hind qrammatiklərinin tədqiqatlarına və müasir linqvistik təsnifata əsasən, Prakrit vahid bir dil deyil, Hindistan yarımadasının müxtəlif coğrafi areallarında formalaşmış geniş bir dillər ailəsidir. Bu dillər təbii coğrafi sərhədlər, regional mədəniyyətlər və dini üstünlüklər əsasında fərqlənirdi. Klassik dövrdə beş əsas Prakrit dili dominantlıq təşkil edirdi:
1. Maharaştri (Prākṛta Mahārāṣṭrī) Geopolitik olaraq Hindistanın cənub-qərb və mərkəzi regionlarında (müasir Maharaştra ştatı ərazisində) danışılan bu dil, qədim qrammatiklər tərəfindən Prakrit dillərinin "ən alisi və ən standart forması" ("Prākritsya pradhānam") hesab olunurdu. Xüsusiyyətləri: Səs quruluşu baxımından olduqca yumşaq, musiqili və axıcı idi. Sözlərin ortasındakı samit səslərin (xüsusən -k-, -g-, -c-, -j-, -t-, -d- samitlərinin) düşməsi və yalnız sait səslərin qalması bu dilin ən bariz qrammatik cəhəti idi. İstifadəsi: Hindistanın qədim lirik poeziyasının, sevgi şeirlərinin və böyük epik dastanların əsas dili idi. Kral Halanın tərtib etdiyi "Qatha Saptasati" məhz bu dildə yazılmışdır. Müasir Marathi dili birbaşa bu dildən törəmişdir.
2. Şauraseni (Prākṛta Śaurasenī) Şimali Hindistanın mərkəzində, Şurasena regionunda (müasir Matura şəhəri və ətrafı) danışılan əsas regional dil idi. Şauraseni coğrafi baxımdan klassik Sanskritin formalaşdığı areala çox yaxın olduğu üçün digər Prakrit dillərinə nisbətən Sanskritə qrammatik cəhətdən ən yaxın olan dil hesab olunurdu. Xüsusiyyətləri: Söz ortasındakı kar samitləri cingiltililəşdirmək meyli güclü idi (məsələn, Sanskritcə "bhavati" (olmaq) sözü Şaurasenidə "bhavadi" şəklinə düşürdü). İstifadəsi: Qədim hind klassik dramaturgiyasında (pyeslərdə) kübar qadınların, saray qulluqçularının və orta təbəqənin əsas danışıq dili kimi standartlaşdırılmışdı. Müasir Hind və Urdu dillərinin əsasını qoyan qərb qrupu dialektləri məhz bu dildən budaqlanmışdır.
3. Maqadhi (Prākṛta Māgadhī) Hindistanın şərqində, müasir Bihar, Benqaliya və Orissa regionlarını əhatə edən qədim Maqadha krallığında danışılan xalq dili idi. Xüsusiyyətləri: Digər Hind-Aryan dillərindən kəskin fərqlənən fonetik xüsusiyyətləri var idi. Məsələn, Sanskrit və digər Prakritlərdəki "s" (स्) səsi Maqadhidə tamamilə "ś" (श् - ş) səsinə çevrilirdi. Həmçinin "r" (र्) səsi tamamilə yox olur və "l" (ल्) səsi ilə əvəzlənirdi (məsələn, Sanskritcə "raja" (kral) sözü Maqadhidə "laja" tələffüz olunurdu). İstifadəsi: Cəmiyyətin ən aşağı təbəqələrinin, qumarbazların, quldurların, balıqçıların və saray keşikçilərinin dili sayılırdı. Lakin tarixi cəhətdən müasir Benqal dili, Assam və Oriya dillərinin birbaşa ulu anasıdır.
4. Ardhamagadhi (Yarı Maqadhi) Maqadhi ilə Şauraseni coğrafiyasının kəsişməsində (müasir Avadh/Koşala regionu) danışılan keçid dili idi. Hərfi mənası "Yarı Maqadhi" deməkdir, çünki Maqadhi dilinin bəzi fonetik xüsusiyyətlərini daşısa da, onun kimi kəskin deyildir. İstifadəsi: Bu dil sırf dini sosiologiyada böyük əhəmiyyət daşıyır. Caynizm dininin banisi Mahavira öz təlimlərini yaymaq üçün məhz bu dili seçmişdir. Caynizmin müqəddəs kanonik mətnləri olan Cayn Ağamaları (və ya Cayn kanonu. Caynizmdə müqəddəs mətnlər məcmusuna (kanonuna) verilən ümumi ad Sanskrit və Prakrit dillərində Āgama (Ağama) adlanır. "Ağama" sözünün mənası "ənənə yolu ilə gələn elm/təlim" deməkdir.) qədim dövrdə məhz bu dildə qələmə alınmışdır.
5. Paisaci (Prākṛta Paiśācī) Qədim hind mənbələrində ən sirlərlə dolu və spesifik Prakrit formasıdır. "Paisaci" sözünün mənası "Cinlərin/Divlərin dili" deməkdir. Müasir linqvstika bu dilin Hindistanın şimal-qərbində (müasir Pakistan və Qandhara regionunda) danışılan və bəzi arxaik veda xüsusiyyətlərini hifz etmiş bir tayfa dili olduğunu sübut etmişdir. Müasir dövrdə tamamilə itsə də, qədim Hindistanın ən böyük ədəbi şah əsərlərindən biri sayılan və bu gün itmiş olan "Brihatkatha" (Böyük Hekayələr) əsəri məhz bu dildə yazılmışdı.
Ədəbiyyatda və qədim hind dramaturgiyasında istifadəsi Qədim Hindistanın bədii mədəniyyətində Prakrit dilləri zəngin bir ədəbiyyatın formalaşmasına zəmin yaratmışdır. Lakin bu dillərin ən unikal tətbiq sahəsi klassik hind teatrı və dramaturgiyası idi. Hindistan dram sənətinin fundamental qanunnaməsi hesab olunan Bharata Muninin "Natyaşastra" (e.ə. II əsr — ms. II əsr) traktatına əsasən, pyeslərdə personajların sosial statusuna, kastasına və cinsinə görə ciddi bir "dil bölgüsü" tətbiq olunurdu. Bu xüsusiyyətinə görə qədim hind teatrı dünya dramaturgiya tarixində ilk çoxdilli (multilinqval) teatr formalarından biri hesab olunur.
Dramaturgiyada sosiolinqvistik dil bölgüsü Klassik dram əsərlərində (məsələn, Kalidasanın və ya Şudrakanın pyeslərində) bütün personajlar eyni dildə danışmırdılar. Dil seçimi birbaşa fərdin cəmiyyətdəki yerini və intellektual səviyyəsini vizuallaşdırırdı: