Kristrun Myoll Frostadottir (; ) — İslandiya siyasətçisi, iqtisadçı, Altinq deputatı (2021-ci ildən), Sosial Demokrat Alyansı partiyasının sədri (2022-ci ildən) və İslandiyanın 33-cü Baş naziri (2024-cü ildən). 36 yaşında İslandiya tarixinin ən gənc baş naziri olmuşdur.

Erkən həyatı və təhsili Kristrun Frostadottir 12 may 1988-ci ildə Reykyavik şəhərində anadan olub. O, ali təhsilini 2011-ci ildə İslandiya Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə başa vurub. Daha sonra təhsilini ABŞ-də davam etdirərək 2014-cü ildə Boston Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi, 2016-cı ildə isə Yel Universitetində beynəlxalq tədqiqatlar üzrə ikinci magistr dərəcəsini qazanmışdır.

Karyerası 2015-2017-ci illərdə Frostadottir ABŞ-nin investisiya bankı "Morgan Stanley"in Nyu-York və London ofislərində analitik kimi fəaliyyət göstərmişdir. Bundan əvvəl o, İslandiya Mərkəzi Bankında, "Arion Bank"da və həmçinin "Vidskiptabladid" qəzetində biznes müxbiri kimi çalışmışdır. 2017-ci ildə İslandiya Ticarət Palatasının baş iqtisadçısı təyin olunub. 2018–2021-ci illərdə isə "Kvika Bank"ın baş iqtisadçısı vəzifəsini icra etmiş, daha sonra siyasətə yönələrək 2021-ci ilin yanvarında "Kvika Bank"dakı vəzifəsindən istefa vermişdir.

Siyasi fəaliyyəti 2020-ci ilin dekabrında Kristrun Frostadottir Sosial Demokrat Alyansının seçkilərində namizədliyini irəli sürəcəyini açıqladı.

Həmin il keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, o, Altinq (İslandiya parlamenti) deputatı seçildi. Parlamentdə fəaliyyəti dövründə 2021–2024-cü illərdə Büdcə Komitəsinin üzvü olmuş, həmçinin 2023-cü ildə qısa müddətə İqtisadi İşlər və Ticarət Komitəsində çalışmışdır.

28 oktyabr 2022-ci ildə Frostadottir 94,5 % səs toplayaraq Sosial Demokrat Alyansının sədri seçildi. Partiya rəhbərliyinə gəldikdən sonra ölkədə idarəetmənin təkmilləşdirilməsinin vacibliyini irəli sürərək, Sosial Demokratların 2024-cü il parlament seçkilərinə hazırlıq kampaniyasına rəhbərlik etdi.

Baş nazirliyi və hökumətin qurulması (2024) 30 noyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində Kristrun Frostadottirin rəhbərlik etdiyi Sosial Demokrat Alyansı 20,8 % səs toplayaraq 15 yerlə Altinqdə ən çox yer qazanan siyasi qüvvə olmuş və bu nəticə 2017-ci ildən bəri ölkədə hakimiyyətdə olan koalisiyanın üstünlüyünə son qoymuşdur. Seçkilərdən sonra 3 dekabr 2024-cü ildə İslandiya Prezidenti Halla Tomasdottir hökuməti formalaşdırmaq mandatını Kristrun Frostadottirə təqdim etmişdir. Bununla da, Frostadottir ölkənin yeni baş naziri kimi hökumət qurma prosesinə başlamışdır.

Aparılan rəsmi koalisiya danışıqları uğurla nəticələnmiş və Sosial Demokrat Alyansı, İslahat Partiyası və Xalq Partiyasının iştirakı ilə üçpartiyalı yeni koalisiya hökuməti qurulmuşdur. 21 dekabr 2024-cü ildə Bessastadirdə (Prezident iqamətgahı) keçirilən Dövlət Şurasının iclasında Kristrun Frostadottir rəsmən İslandiyanın Baş naziri kimi and içərək vəzifəsinin icrasına başlamışdır. O, hökumətinin inflyasiyanı və faiz dərəcələrini azaltmaq üçün çalışacağını və 2027-ci ilə qədər İslandiyanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirəcəyini elan etdi. Vəzifəyə başlayarkən 36 yaşında olan Frostadottir, İslandiya tarixinin ən gənc baş naziri olmaqla yanaşı, həmin dövrdə dünyada vəzifə başında olan ən gənc dövlət başçısı ünvanını qazanmışdır.

Şəxsi həyatı Kristrun Frostadottir Einar Berqur İnqvarsson ilə ailəlidir, cütlüyün 2019 və 2023-cü il təvəllüdlü iki qızı var.

İstinadlar

Kateqoriya:İslandiya siyasətçiləri Kateqoriya:Qadın baş nazirlər Kateqoriya:Boston Universitetinin məzunları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Qadın ilkləri