Ems depeşesi () — 13 iyul 1870-ci ildə Prussiya kralı I Vilhelm ilə Fransanın Prussiyadakı səfiri Vensan Benedetti arasında baş tutmuş söhbət haqqında Prussiya kansleri Otto fon Bismark tərəfindən dərc edilmiş teleqram.

Bismark bu depeşenin böyük diplomatik insident, hətta müharibə yarada biləcəyini bilsə də, qəsdən qarşıdurma yolunu seçmişdi. Rəsmi məlumat kralın teleqramının məzmununu tam və dəqiq əks etdirmirdi, əslində isə təhrif edilmiş mətn idi. Bu fakt sonradan dərc olunmuş sənədlərlə təsdiq edildi. Bismarkın planlaşdırdığı kimi, Ems depeşesi böyük diplomatik böhrana səbəb oldu və nəticədə 1870–1871-ci illər Fransa–Prussiya müharibəsinə gətirib çıxardı. Müharibə Prussiyanın parlaq qələbəsi ilə başa çatdı.

Zəmin 1866-cı il Avstriya–Prussiya müharibəsi 16 iyundan 23 avqusta qədər davam etdi. Müharibədə həm Şimali, həm də Cənubi Alman dövlətləri müxtəlif tərəflərdə iştirak edir, eyni zamanda yeni formalaşmaqda olan İtaliya Krallığı da münaqişəyə qoşulurdu. Bu müharibə nəticəsində Prussiyanın qüdrəti əhəmiyyətli dərəcədə artdı. Avstriya 3 iyul 1866-cı ildə baş vermiş həlledici Sadova döyüşündə məğlub edildi. 26 iyul tarixində bağlanmış Nikolsburq ilkin sülh sazişindən sonra 23 avqustda Praqa sülh müqaviləsi imzalandı. Beləliklə, Otto fon Bismark Avstriyanı Alman İttifaqından kənarlaşdırmağa, Main çayının şimalında Şimali Alman İttifaqını yaratmağa və bu ittifaq üzərində Prussiyanın hegemonluğunu təmin etməyə nail oldu. Bundan əlavə, Hannover, Şlezviq-Holşteyn, Nassau, Hessen-Kassel və Frankfurt Prussiyaya birləşdirildi. Nəticədə Prussiya ərazisi təxminən dörddəbir qədər genişləndi, əhalisi isə 4 milyondan çox artaraq təxminən 24 milyona çatdı. Bununla belə, bu rəqəm hələ də Fransanın təxminən 38 milyonluq əhalisindən az idi. Fransa bu qısa, lakin Avropada qüvvələr balansını əsaslı şəkildə dəyişdirən müharibədə iştirak etmədi və nə yeni ərazilər, nə də siyasi nüfuz qazandı. Bunun nəticəsində Fransada «Sadovaya görə qisas» (revanche pour Sadowa) şüarı geniş yayılmağa başladı.

1870-ci ilin əvvəllərində Hohensollern-Ziqmarinqen sülaləsinin katolik qoluna mənsub şahzadə Leopolda boş qalmış İspaniya taxtı təklif edildi. Fransa imperatoru III Napoleon və onun hökuməti Prussiyanı idarə edən protestant Hohensollern sülaləsi ilə İspaniya arasında mümkün siyasi ittifaqın yaranacağından ciddi narahat oldu. Fransa hökuməti bu namizədliyə etiraz edərək müharibə ehtimalına da işarə etdi. Fransanın təzyiqlərindən sonra şahzadə Leopold 11 iyul 1870-ci ildə İspaniya taxtına namizədliyini geri götürdü. Bu hadisə artıq Prussiya üçün diplomatik məğlubiyyət kimi qiymətləndirilirdi. Lakin Fransa bununla kifayətlənmədi. Paris hökuməti əlavə təminatlar tələb edərək Prussiya kralından rəsmi zəmanət verməsini istədi ki, Hohensollern sülaləsinin heç bir qoluna mənsub şəxs gələcəkdə heç vaxt İspaniya taxtına namizəd göstərilməyəcək.

İnsident

Fransanın Prussiyadakı səfiri Vensan Benedetti Prussiya kralı I Vilhelmin yanına göndərildi. Həmin vaxt 73 yaşlı kral Bad-Ems kurortunda müalicə alırdı. Benedetti təcili göstərişlə Emsə gələrək kraldan şəxsi qəbul istədi. Səhhətinin yaxşı olmamasına baxmayaraq, I Vilhelm səfiri qəbul etdi.

Benedetti krala bildirdi ki, Fransa imperatoru III Napoleon şahzadə Leopold Hohensollernin boş qalmış İspaniya taxtına namizəd göstərilməsindən son dərəcə narazıdır. O, imperatoru adından I Vilhelmdən Leopold Hohensollernin namizədliyinin bir daha heç vaxt İspaniya taxtı üçün nəzərdən keçirilməyəcəyinə dair təminat verməsini tələb etdi.

I Vilhelm cavabında belə bir namizədliyi özü də məqsədəuyğun hesab etmədiyini və Leopoldun namizədliyinin geri götürüləcəyini bildirdi. O, verdiyi sözə əməl edərək şəxsən Leopold və onun atası knyaz Anton Hohensollernlə əlaqə saxladı və onlara İspaniya taxtından imtina etməyin məqsədəuyğun olacağını bildirdi. Leopold kralın istəyinə qarşı çıxmağa cəsarət etmədi.

İlk baxışdan münaqişənin həll olunduğu görünürdü. Lakin artıq xəstə olan III Napoleonun ətrafı, xüsusilə də nazirləri, Bismark qədər müharibə tərəfdarı idi.

Fransız səfirinə verilmiş güzəştli cavabdan xəbər tutan Prussiya kansleri Bismark qəzəbləndi. O, Fransa ilə müharibəyə başlamaq istəyirdi, lakin ehtiyatlı davranan I Vilhelm Parisin təxribatına uymadı. Nəticədə Fransa diplomatiyası Prussiya üzərində tam diplomatik üstünlük qazandı ki, bu da ölkə daxilində artan narazılığı xarici siyasətdə əldə edilən uğur vasitəsilə yumşaltmaq baxımından III Napoleon üçün mühüm əhəmiyyət daşıyırdı.

Başlanğıcda III Napoleon bu diplomatik qələbədən razı idi. Lakin onu əhatə edən nazirlər, xüsusilə Ruye və xarici işlər naziri Qramon, radikal mühafizəkar bonapartçılar, eləcə də imperatorun həyat yoldaşı imperatriça Evgeniya müharibədə israr edirdilər. Evgeniya açıq şəkildə ərini müharibəyə sövq edir, hərbi qələbənin monarxiyanın qorunması və sülalənin gələcəyinin təmin edilməsi üçün zəruri olduğunu bildirirdi.

Hərbi nazir Leböf isə açıq şəkildə bəyan edirdi ki, «Prussiya ordusu mövcud deyil» və o, belə bir ordunu «tanımır». Fransa hərbi rəhbərliyi mərhum marşal Nielin həyata keçirdiyi islahatların kifayət etdiyini düşünürdü. Əslində isə bu islahatlar uğursuz olmuş, ordunun yenidən silahlandırılması və təşkilati yenidən qurulması başa çatdırılmamışdı. Üstəlik, hərbi islahat ölkənin demək olar ki, bütün sosial təbəqələrində narazılıq doğururdu.

Bununla belə, Fransa cəmiyyətində güclü hərbi əhvali-ruhiyyə hökm sürürdü. Əksəriyyət Prussiya üzərində asan qələbəyə inanır, Napoleon müharibələri dövründən etibarən Alman dövlətlərinin və xüsusilə Prussiyanın hərbi qüdrətində baş vermiş köklü dəyişiklikləri nəzərə almırdı.

13 iyul 1870-ci ildə, III Napoleonun ilk tələbindən beş gün sonra Benedetti yenidən I Vilhelmin yanına göndərildi. O, diplomatiya tarixinin ən cəsarətli tələblərindən birini krala çatdırmalı idi. Fransa Prussiya kralından rəsmi öhdəlik götürməsini istəyirdi ki, əgər gələcəkdə Leopold Hohensollernə yenidən İspaniya taxtı təklif olunarsa, kral onun bunu qəbul etməsini qadağan edəcək. Diplomatik etiketə zidd olan və əslində Fransanın Prussiyanın xarici siyasətinə kobud müdaxiləsi kimi qiymətləndirilən bu tələb I Vilhelmi hiddətləndirdi. Bununla belə, o, səfirlə nəzakətlə vidalaşdı və bildirdi ki, belə bir öhdəlik götürmək səlahiyyətinə malik deyil.

Paris I Vilhelmdən qəti cavab ala bilmədikdən sonra Benedetti ilə yenidən əlaqə saxladı və ona yeni göstəriş verdi. Bu dəfə Prussiya kralı yazılı şəkildə öhdəlik götürməli idi ki, bundan sonra heç vaxt Fransanın şərəf və ləyaqətinə toxunacaq addım atmayacaq.

Benedetti yenidən kraldan qəbul istədi, lakin artıq qəzəblənmiş I Vilhelm onu qəbul etməkdən imtina etdi. 13 iyulda, kralın Bad-Emsdən yola düşdüyü gün Benedetti vağzala gəldi və Fransa hökumətinin son tələblərini bir daha I Vilhelmə çatdırdı. Kral cavab verdi ki, bu söhbəti Berlində davam etdirəcək. Emsdən ayrılarkən I Vilhelm Xarici İşlər Nazirliyinin müşaviri fon Abekenə həmin gün baş vermiş hadisələri yazılı şəkildə qələmə alaraq kansler Otto fon Bismarka göndərməyi tapşırdı.

Bismarkın depeşeni saxtalaşdırması

13 iyul 1870-ci il axşamı Prussiya kansleri Otto fon Bismark hərbi nazir Albrext fon Run və Prussiya ordusunun Baş Qərargah rəisi Helmut fon Moltke ilə birlikdə şam edirdi. Elə bu zaman Bad-Emsdən təcili teleqram gətirildi. Bismark teleqramı qonaqlarına ucadan oxudu. Kralın Fransa səfiri ilə söhbəti Berlində davam etdirməyə hazır olduğunu bildirən hissəyə çatdıqda, məclisdə ümumi məyusluq yarandı. Hamı başa düşürdü ki, III Napoleon müharibə istəyir, lakin yaşlı Prussiya kralı I Vilhelm münaqişədən yayınmaq üçün güzəştlərə getməyə hazırdır. Bismark fon Moltke və fon Rundan soruşdu ki, Prussiya ordusu mümkün müharibəyə hazırdırmı? Onlar müsbət cavab verdilər. Bundan sonra Bismark qonşu otağa keçərək depeşanı yenidən diqqətlə oxudu. O, illər sonra bu hadisəni belə xatırlayırdı: «Depeşeni yenidən diqqətlə oxudum, əlimə qələmi aldım və Benedettinin yeni qəbul xahişindən bəhs edən hissəni cəsarətlə üstündən xətt çəkdim; depeşedən yalnız başlanğıcı və sonu saxladım.» Beləliklə, I Vilhelmin Benedettiyə Berlində danışıqların davam etdiriləcəyini bildirdiyi sözlər mətndən çıxarıldı. Redaktə olunmuş mətn elə təəssürat yaradırdı ki, Prussiya kralı Fransa səfiri ilə bu məsələ üzrə hər hansı gələcək danışıqlardan tamamilə imtina etmişdir.

Depeşenin mətni

İspaniya hökuməti Hohensollern sülaləsinin vəliəhd şahzadəsinin taxtdan imtina etməsi barədə Fransa imperator hökumətinə məlumat verdikdən sonra Fransa səfiri Emsdə Əlahəzrətə müraciət edərək Parisə teleqram vurmasına icazə verilməsini xahiş etdi və bildirdi ki, Əlahəzrət Hohensollernlər yenidən namizədliklərini irəli sürəcəkləri təqdirdə buna heç vaxt razılıq verməyəcəyinə dair öhdəlik götürür. Bundan sonra Əlahəzrət Fransa səfirini qəbul etməkdən imtina etdi və adyutant vasitəsilə ona daha əlavə deyəcəyi heç bir sözünün olmadığını çatdırdı.

Nəticələri Bismark qonaqlarının yanına qayıtdıqdan sonra onlara artıq "redaktə" edilmiş depeşeni oxudu. Fon Moltke və fon Run bundan böyük məmnunluq hissi keçirdilər. Ardınca Bismark dərhal göstəriş verdi ki, redaktə olunmuş mətn qəzetlərdə dərc olunsun. Bismarkın hesabladığı kimi, Fransanın milli qüruruna toxunan bu xəbər Parisdə dərhal kəskin reaksiya doğurdu. Şəhərdə geniş antiprussiya nümayişləri baş verdi, Prussiya səfirliyinin pəncərələri sındırıldı. Fransa parlamentində deputatların əksəriyyəti Prussiyaya qarşı müharibənin lehinə səs verdi. Müharibəyə qarşı çıxan 83 deputatdan biri Adolf Tyer olsa da, onların mövqeyi artıq hadisələrin gedişinə təsir göstərə bilmədi. 13 iyul 1870-ci ildə Fransada ümumi səfərbərlik elan edildi, 16 iyulda isə Prussiyada mobilizasiya başlandı. Nəhayət, 19 iyul 1870-ci ildə III Napoleon Prussiyaya müharibə elan etdi. Sonrakı hərbi əməliyyatlar Fransanın ağır və sarsıdıcı məğlubiyyəti ilə nəticələndi.

İstinadlar

Kateqoriya:Fransa–Prussiya müharibəsi Kateqoriya:Diplomatik insidentlər