Əbu Abdullah Musab ibn Abdullah ibn Musab əz-Zübeyri (; ) — şəcərəşünas, şair və mühəddis.

Həyatı Musab əz-Zübeyri 773-cü ildə Mədinədə anadan olmuşdur. Abdullah ibn Zübeyrin nəslindəndir.

Musab ilk təhsilini Mədinədə almış, Malik ibn Ənəsdən hədis öyrənmişdir. Daha sonra Bağdada köçərək təhsilini burada davam etdirmişdir.

Musabdan Yəhya ibn Məin, Əbül-Qasım əl-Bəğavi, İbn Macə, Müslüm, Əbu Davud və başqaları hədis rəvayət etmişdir.

Quranın məxluq olduğuna inanan Musab 8 aprel 851-ci (İbn ən-Nədimə görə 848) ildə Bağdadda vəfat etmişdir.

Musab eyni zamanda şair olmuşdur. Onun İshaq əl-Məvsilinin vəfatı münasibətilə yazdığı mərsiyə və digər bəzi şeirləri "əl-Əğani" əsərində yer alır. Həmçinin qeyd edilmişdir ki, Musab yüksəksəviyyəli ədəbi zövqə malik olmuşdur. O, məşhur şair Ömər ibn Rəbiə ilə bəzi digər şairlərin şeirlərini qiymətləndirib təhlil etmişdir.

Əsərləri Onun "ən-Nəsəbül-Kəbir" və "Kitabu Nəsəbi-Qureyş" adlı əsərləri məlum olsa da, bunlardan yalnız "Kitabu Nəsəbi-Qureyş" dövrümüzə qədər gəlib çata bilmişdir.

İstinadlar

Kateqoriya:Bəni-Əsəd (Qureyş) Kateqoriya:Ərəb şairlər Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Mədinəlilər