Əmr ibn Əs məscidi () — Misirdə yerləşən və islam memarlığında ilk minarəli məscid.
İnşası və əhəmiyyəti Məscid Əmr ibn Əsin əmri ilə 642-ci ildə inşa edilmişdir. İslamın ilk dini tikililərindən olan bu məscid olduqca sadə quruluşa malik idi. Bəzi iddialara görə, məscid qədim qipti kilsəsinin xarabalıqları üzərində inşa edilmişdir. Övliya Çələbiyə görə məscidin yerində bir qipti və bir rum manastrı olmuşdur. Kindinin yazdığına görə, xəlifə I Müaviyənin göstərişi ilə Misir valisi Məsləmə 673-cü ildə ilk məscidi sökdürmüş və onu daha geniş şəkildə yenidən tikdirmişdir. Məqrizinin verdiyi məlumata görə isə məscidin dörd küncünə dörd minarə əlavə etdirilmişdir. Bunların islam memarlığında inşa edilən ilk minarələr olduğu hesab edilir.
Misir valisi Əbdüləziz ibn Mərvan isə 698–699-cu illərdə məscidi qərb tərəfdən genişləndirərək yeniləmişdir. 711–712-ci illərdə Qürrə ibn Şərik əl-Əbsi, I Vəlid ibn Əbdülməlikin əmri ilə həyata keçirdiyi təmir zamanı məscidə yarımdairəvi mehrab əlavə etdirmiş, Əmrin dövründə qoyulmuş minbərin yerinə yeni minbər qoydurmuşdur.
750–751-ci illərdə vali Saleh ibn Əli şimal tərəfə dörd sıra sütun əlavə etdirməklə məscidi genişləndirmişdir. 791–792-ci illərdə Harun ər-Rəşidin hakimiyyəti dövründə Misir valisi Musa ibn İsa məscidin arxa hissəsinə Əbu Əyyub Rəhbəsi adı ilə tanınan həyət və revak əlavə etdirmişdir. Yolu daraltdığı üçün bu əlavənin sonralar yarısı sökülmüş və yol genişləndirilmişdir. 827-ci ildə Abdullah ibn Tahir məscidi yenidən tikdirərək onu qərb tərəfdən əvvəlkindən iki dəfə böyütmüşdür.
Xüsusiyyətləri Abdullah ibn Tahirin 827-ci ildəki tikinti işlərindən sonra məsciddəki sütunları 378-ə çatmış, ölçüləri təxminlərə görə 110 × 87 m təşkil etmişdir. Suad Mahir Məhəmmədə görə isə məscidin ölçüləri 112,5 × 120,5 m təşkil etmişdir ki, bu ölçülər də hazırkı ölçülərlə eynidir.
Təmir-bərpa Məscid Əyyubilər, Məmlüklər və Osmanlılar tərəfindən qismən və ya əsaslı təmir edilmişdir.
Məscid sonuncu dəfə 1977 və 1988-ci illərdə Misir hökuməti tərəfindən əsaslı təmir edilmişdir.
Statusu Məscid hazırda da ibadətə açıqdır.
Mənbə
İstinadlar
Ədəbiyyatlar
Kateqoriya:1870-ci illərdə tamamlanmış məscidlər Kateqoriya:1875-ci ildə tamamlanmış dini tikililər Kateqoriya:Misir məscidləri