Sen-Şapelin relikviyaları () — Orta əsrlərdə Fransa monarxiyası tərəfindən əldə edilmiş və bu gün Paris arxiyepiskopluğu tərəfindən qorunub saxlanılan İsa Məsihə aid müqəddəs əmanətlər.
Kolleksiyanın tarixi
Tikanlı Tacın alınması 270px|thumb|left|Rafael Tegeo -"Müqəddəs Lüdovikin II Balduindən Müqəddəs Tacı qəbul etməsi", 1827–1839-cu illər XIII əsr xristian dünyasında görkəmli müqəddəs əmanətlərə sahib olmaq həm dərin dini sədaqətin göstəricisi, həm də böyük nüfuz mənbəyi hesab olunurdu. Bu şəraitdə, 1237-ci ildə Konstantinopolun Latın imperatoru II Balduin de Kurtene, İznik yunanlarına qarşı mübarizədə əmisi oğlu IX Lüdovikdən yardım istəmək üçün Fransaya gəldi.II Balduin de Kurtenenin anası Yolanda, Müqəddəs Lüdovikin ata tərəfdən nənəsi İzabellanın bacısı idi. O, Müqəddəs Lüdovikin sarayında olduğu müddətdə öyrəndi ki, Konstantinopolun latın baronları maliyyə çətinlikləri səbəbindən Məsihin Tacını xarici alıcılara satmaq niyyətindədirlər.
Həmin dövrdə Konstantinopolda qorunan müqəddəs əmanətlər arasında bu Tac ən qiymətlisi hesab olunurdu; digər müqəddəs əmanətlər (məsələn, Həqiqi Xaç) isə artıq hissələrə bölünərək müxtəlif yerlərə yayılmışdı. Buna görə də II Balduin IX Lüdovikə və Kastiliyalı Blankaya yalvararaq Müqəddəs Tacın əcnəbilərin əlinə keçməsinin qarşısını almağı xahiş etdi. Bu məşhur müqəddəs əmanətin əldə edilməsi ideyası həm kralın, həm də anasının dərin dindarlıq hisslərini təmin edir, eyni zamanda onların şöhrətini daha da artırırdı.
Parisdən II Balduin elçi vasitəsilə məktub göndərərək Məsihin Tacının IX Lüdovikin göndərəcəyi nümayəndələrə təhvil verilməsini əmr etdi. Fransa kralı bu məqsədlə iki dominikan rahibini — Jak və Andreni göndərdi. Onlardan Jak əvvəllər Konstantinopolda Vaiz Qardaşları Ordeninin prioru olmuşdu və buna görə də relikviyanın həqiqiliyini təsdiq edə biləcək şəxs hesab edilirdi.
II Balduinin və IX Lüdovikin nümayəndələri Konstantinopola çatdıqda öyrəndilər ki, pul çatışmazlığı o qədər kəskinləşmişdir ki, latın baronları Venesiya tacirlərindən borc almış və Tikanlı Tacı girov qoymuşlar. Əgər relikviya Müqəddəs Gervasi və Müqəddəs Protasi bayramına, yəni 18 iyun tarixinədək geri alınmasaydı, o, venesiyalıların mülkiyyətinə keçəcək və laqun şəhəri olan Venesiyaya aparılacaqdı. Lakin gözlənilmədən II Balduinin və IX Lüdovikin elçiləri son tarixdən əvvəl Konstantinopola yetişdilər və venesiyalılarla danışıqlara başladılar. Venesiyalılar relikviyanı Fransa kralına satmağa razılaşdılar, lakin bir şərtlə ki, o əvvəlcə Venesiyadan keçsin. Danışıqlar 1238-ci ilin dekabrında başa çatdı.
Qış mövsümünün dəniz səfərləri üçün əlverişsiz olmasına və İznik yunanlarının relikviyanı ələ keçirmək məqsədilə mümkün marşrutlarda qaleralar yerləşdirməsinə baxmayaraq, Müqəddəs Tac dəniz yolu ilə yola salındı. O, sağ-salamat Venesiyaya çatdırıldı və burada Müqəddəs Mark bazilikasında nümayiş etdirildi.
Qardaş Andre Tacın mühafizəsinə nəzarət etmək üçün Venesiyada qaldı. Qardaş Jak isə bu xəbəri IX Lüdovik və Kastiliyalı Blankaya çatdırmaq üçün Fransaya yollandı. Daha sonra o, alış üçün ödənilən — məbləği bizə məlum olmayan, lakin son dərəcə böyük — vəsaitlə birlikdə, həmçinin əməliyyatın təminatçıları olan II Balduinin adamlarının müşayiəti ilə Venesiyaya qayıtdı. Bundan sonra yeni danışıqlar aparıldı. IX Lüdovik və II Balduinin iradəsinə qarşı çıxmağa cəsarət etməyən venesiyalılar, böyük narazılıqla olsa da, relikviyanı təhvil verdilər. Bu dəfə Fransa istiqamətində daşınma quru yolu ilə həyata keçirildi. Karvanın təhlükəsizliyini təmin etmək üçün onu Müqəddəs Roma imperatoru II Fridrix tərəfindən verilmiş təhlükəsiz keçid fərmanı müşayiət edirdi. Bu sənəd həmin dövrdə bütün xristian dünyasında ən yüksək hüquqi təminat hesab olunurdu.
Nəhayət, Müqəddəs Tac öz yeni sahibinə yaxınlaşdı və Vilnöv-l'Arşevekdə saxlanıldı. IX Lüdovik anası, qardaşları, Qotye Kornü, I Bernard de Sülli, eləcə də çoxsaylı baron və cəngavərlərin müşayiəti ilə onu görmək üçün dərhal ora yollandı.
Növbəti gün Müqəddəs Tacı daşıyan relikviya sandığı Yonna və Sena çayları ilə qayıq vasitəsilə Vensenə gətirildi. Burada relikviyanın yerləşdiyi sandıq bütün xalqın görə bilməsi üçün ucaldılmış böyük taxta meydançanın üzərinə qoyuldu.
Daha sonra relikviya sandığı Parisə gətirildi. Onu IX Lüdovik və qardaşı Robert ayaqyalın şəkildə daşıyırdılar. Onların ardınca ayaqyalın yepiskoplar, ruhanilər, rahiblər və cəngavərlər yürüyürdülər. Relikviya qısa müddətə Paris Notr-Dam kafedralında nümayiş etdirildi. Nəhayət, uzun səfər başa çatdı və müqəddəs əmanət Site sarayının Müqəddəs Nikolay kapellasında yerləşdirildi.
Digər relikviyalar İmperator II Balduinin maliyyə çətinlikləri artdıqca, IX Lüdovik ondan Məsihin iztirabları ilə bağlı digər müqəddəs əmanətləri də böyük məbləğlər müqabilində satın aldı. O, 1241-ci ildə Həqiqi Xaçın mühüm bir parçasını, Müqəddəs Süngəri və Müqəddəs Nizənin dəmir ucunu 135 000 livr müqabilində əldə etdi. Bu məbləğ həmin dövrdə Fransa Tacının illik gəlirlərinin təxminən yarısına bərabər idi.
Sen-Şapelin elan edilmiş relikviyaları arasında İsa Məsihin surətini əks etdirən Mandilion, Məsihin Qanı, Körpə İsanın bələk parçaları, zəncir, Müqəddəs Qəbirdən götürülmüş daş, xaç, bənövşəyi paltar, qamış, kəfənin bir hissəsi, Həvarilərin ayaqlarını sildiyi dəsmal, Musanın əsası, Vəftizçi İohannın başının bir hissəsi, eləcə də Müqəddəs Vlas, Müqəddəs Kliment və Müqəddəs Simeonun başları daxil idi.
Yeni dövrün əvvəllərində Fransa kralları böyük hərbi xərclərini qarşılamaq məqsədilə dövlət xəzinəsini tükətdilər, yaqut daşlarını satdılar və qızılı əridərək pula çevirdilər. Nəticədə kapellanın bütün kilsə xəzinəsi, orta əsrlərdə olduğu kimi, zərurət yarandıqda istifadə oluna biləcək maliyyə ehtiyatına çevrildi. Bunun nəticəsində IV Henrinin (hakimiyyəti: 1589–1610) dövründə Sen-Şapelin xəzinəsi xeyli azaldı və Fransa inqilabına qədər demək olar ki, həmin vəziyyətdə qaldı.
İnqlabdab dövrümüzə kimi Fransa inqilabı dövründə müqəddəs əmanətlərin və krallıq hakimiyyəti ilə əlaqəli bütün digər dini rəmzlərin qorunması qadağan edildi. Bununla belə, yüksək bədii dəyərə malik hesab edilən bəzi əşyaların məhv edilməsinin qarşısı alındı. 1804-cü ildə bu müqəddəs əmanətlər Paris arxiyepiskopluğuna təhvil verildi və bu gün də Paris Notr-Dam kafedralının Xəzinəsində saxlanılır. Onların qorunmasına Müqəddəs Qəbir Cəngavərləri Ordeni və kafedralın kapitulu nəzarət edir.
Hər ayın ilk cümə günü saat 15:00-da, Müqəddəs Qəbir Cəngavərləri Ordeninin mühafizəsi altında, müqəddəs əmanətlər kafedralın baş altarı önündə möminlərin ehtiramı üçün nümayiş etdirilir.Notre-Dame de Paris: Veneration of the Crown of Thorns Müqəddəs Cümə günü isə bu ehtiram mərasimi gün boyu davam edir və liturgik ibadətlərlə müşayiət olunur.
2001-ci ildə Luvr muzeyində "Le trésor de la Sainte-Chapelle" adlı sərgi təşkil edilmişdir.
2019-cu ilin aprel ayında Paris Notr-Dam kafedralında baş vermiş yanğından sonra müqəddəs əmanətlər təhlükəsizlik məqsədilə əvvəlcə bir gecəlik Paris meriyasına aparılmış, daha sonra isə mühafizə olunmaq üçün Luvr muzeyinə köçürülmüşdür.
İstinadlar
Ədəbiyyat Durand, Jannic. Le trésor de la Sainte Chapelle. Exh. cat. Paris, 31 mai–27 août 2001. Réunion des musées nationaux, Paris, 2001. Hahn, Cynthia. The Reliquary Effect: Enshrining the Sacred Object. London: Reaktion Books, 2017: 122–130. Hahn, Cynthia. "The Sting of Death is the Thorn, But the Circle of the Crown is Victory Over Death: The Making of the Crown of Thorns." In Saints and Sacred Matter, edited by Cynthia Hahn and Holger Klein. Washington: Dumbarton Oaks, 2014: 107–109.
Kateqoriya:İsa ilə əlaqəli relikviyalar Kateqoriya:Paris Notr-Dam kilsəsi Kateqoriya:Müqəddəs Qəbir Cəngavərləri Ordeni Kateqoriya:Müqəddəs Nizə Kateqoriya:Həqiqi Xaç Kateqoriya:Xristian incəsənəti Kateqoriya:Orta əsrlər inancları