Kənzüd-Dəqaiq () — Əbül-Bərəkət ən-Nəsəfinin klassik fiqh əsəri.
Əsər "Kənzüd-Dəqaiq" müəllifin öz əsəri olan "əl-Vəfi"nin qısa xülasəsidir. Hənəfi məzhəbində böyük nüfuza malik olan bu əsər Osmanlı mədrəsələrində uzun illər dərs kitabı kimi tədris edilmişdir. Əsər bu gün də öz sahəsində ən çox müraciət edilən mətnlərdən biri hesab olunur.
Əsər, Qudurinin "əl-Müxtəsər"i və Burhanüş-Şəriə Mahmud ibn Sədrüş-Şəriə əl-Əvvəlin "Viqayətür-Rivayə"si ilə birlikdə "əl-mütunüs-səlasə" (üç əsas mətn) sırasında, həmçinin Abdullah ibn Mahmud əl-Məvsilinin "əl-Muxtar"ı, Burhanüş-Şəriənin "əl-Viqayə"si və Müzəffərəddin İbn əs-Saati əl-Baləbəkkinin "Məcməul-bəhrəyn"i ilə birlikdə "əl-mütunül-ərbəə" (dörd əsas mətn) arasında da qeyd edilir.
"Kənzüd-Dəqaiq"in əsas xüsusiyyəti Hənəfi məzhəbində mötəbər və üstün tutulan rəyləri seçərək, onların dəlillərini adətən qeyd etmədən fiqhi məsələləri qısa və yığcam şəkildə təqdim etməsidir. Kitabın müqəddiməsində belə bir müxtəsərin yazılmasının səbəbi kimi insanların iri həcmli əsərlərdən çəkinməsi və daha çox gündəlik qarşılaşılan məsələləri bir araya gətirən qısa mətnlərə üstünlük verməsi göstərilir.
"Kənzüd-Dəqaiq"in müqəddiməsində istifadə edilən mənbələr haqqında məlumat verilməsə də, müəllifin əvvəlki əsəri olan "əl-Vəfi"nin mənbələri sırasında Məhəmməd ibn Həsən əş-Şeybaninin xüsusilə "əl-Cəmius-Səğir", "əl-Cəmiul-Kəbir" və "əz-Ziyadat" kimi zahirür-rivayə əsərləri, Burhanəddin əl-Mərğinaninin "əl-Hidayə"si, Əbu Cəfər Tahavinin "əl-Muxtəsər"i, Əbu Həfs ən-Nəsəfinin "əl-Mənzumə"si, Əbül-Leys əs-Səmərqəndinin "ən-Nəvazil"i, eləcə də Halvani, Qazıxan və başqalarının fətva məcmuələri vardır.
Məzmun baxımından klassik fiqh ədəbiyyatının xüsusiyyətlərini əks etdirən "Kənzüd-Dəqaiq" kitab-bəb-fəsil qaydasında tərtib edilmişdir. Əsər müxtəsər olduğuna görə yalnız məsələlər əsasında qurulmuş üsulla kifayətlənməmiş, oxşar hüquqi münasibətləri və ümumi prinsipləri birləşdirən mücərrəd qayda üsulundan da istifadə edilmişdir. Qısalığa üstünlük verildiyi üçün bəzən mətndə mövzunun mütəxəssisi olmayan oxucuların başa düşməkdə çətinlik çəkəcəyi qapalı ifadələr işlədilmişdir. Əsər üzərinə çoxlu sayda şərh və haşiyənin yazılmasının əsas səbəblərindən biri də budur.
Əsər sətirarası farsca tərcüməsi ilə birlikdə nəşr olunmuşdur (I–IV, Dehli: 1888; Pişəvər–Lahor: h. 1330 və 1331) və müxtəlif şərhləri ilə birlikdə dəfələrlə çap edilmişdir. "Kənzüd-Dəqaiq" haqqında çoxlu tədqiqatlar aparılmışdır. Katib Çələbinin qeyd etdiyinə görə əsərə otuza yaxın şərh və haşiyə yazılmışdır.
Həmçinin bax Sünni kitablarının siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat