Müharibə başlayan sabah () — Avstraliya rejissoru Stüart Bittinin Con Marsdenin dördcildlik eyniadlı romanı əsasında çəkdiyi 2010-cu il macəra filmi. Hadisələr 17 yaşlı Elli Linton adlı gənc qızın dilindən nəql olunur. O, Avstraliyadakı uydurma Uirroui şəhərinə soxulan xarici dövlətin qoşunlarına qarşı partizan müharibəsi aparan yeddi yeniyetmədən biridir.

Filmin çəkiliş işləri 2009-cu ilin sentyabrında başlamışdır. Əsas çəkilişlər 2009-cu il sentyabrın 28-də başlamış və noyabrın 6-da başa çatmışdır. Çəkilişlər Yeni Cənubi Uelsdəki Hanter regionunda və Mavi dağlarda aparılmışdır.

31 mart 2010-cu ildə filmin treyleri təqdim edilmişdir. Film Avstraliya və Yeni Zelandiyada 2 sentyabr 2010-cu ildə, Böyük Britaniyada isə 8 aprel 2010-cu ildə nümayiş olunmuşdur.

Süjet Film Ellinin videoqeydi ilə başlayır. O, başlarına gələn əhvalatı danışmaq üçün özünü kameraya çəkir və hər şeyi ən başından danışmağı təklif edir.

Yuxarı sinif şagirdi Elli (Keytlin Steysi) altı dostu ilə bərabər təbiət qoynuna gəzintiyə çıxır: uşaqlıq rəfiqəsi Korri (Reyçel Herd-Vud), onun sevgilisi Kevin, Ellinin qonşusu Homer, orta məktəbdən köhnə tanışı Li, rəfiqələri Robin və Fi. Ellinin valideynlərinin "Land Rover" avtomobili ilə dağlara qalxdıqdan sonra, onlar piyada "Cəhənnəm" kimi tanınan uzaq bir dağ dərəsinə yollanırlar.

Meşədəki ilk gecələmələrində Elli oyanır və səmada çoxlu hərbi təyyarə görür. Şəhərə qayıtdıqdan sonra dəstə evlərinin tərk edildiyini, Ellinin itinin isə öldürüldüyünü görür. İnternet və televiziya söndürülüb, radio və telefonlar işləmir. Robinin evinin yaxınlığındakı təpədən şəhərdəki yeganə elektrik işıqlarının xəstəxanada və meydanda yandığını görürlər. Elli, Korri və Kevin kəşfiyyata gedirlər və şəhərin bütün sakinlərinin tikanlı məftillər və projektorlu gözətçi qüllələri ilə əhatə olunmuş meydana yığıldığını aşkar edirlər. Onlar bir mülki şəxsin düşmən əsgəri tərəfindən güllələndiyini görür və dəhşət içində qaçırlar, lakin projektor işığına düşürlər. Kevin qızları taleyin ümidinə buraxaraq birinci qaçır. Düşmən əsgərləri onları həyətdə təqib edir. Elli benzinlə işləyən otbiçənin yanacaq çənini yandıraraq partladır və onları izləyən əsgərləri məhv edir. Bu əsgərlərdən biri Elli ilə təxminən yaşıd olan bir asiyalı qız idi. Elli onun avtomatını götürür və Kevinlə Korrinin yanına qayıdır.

Korrinin evinə qayıtdıqda Linin və Robinin itkin düşdüyünü öyrənirlər. Elli və Korri düşmən təyyarələri tərəfindən vurulan Avstraliyanın "F/A-18" qırıcı təyyarəsini görürlər. Dəstə "Cəhənnəm"ə qayıtmağı planlaşdırmaq üçün evdə yığışarkən düşmən helikopteri evi diqqətlə yoxlayır. Kevinin iti az qala öldürüləcəkdi, helikopterdəki əsgər Homeri görür. Homer avtomatdan atəş açaraq helikopterin projektorunu qırır. Helikopter evi işıq siqnalı ilə işarələyib uzaqlaşır. Aviasiya bombası evi yerlə-yeksan etməzdən bir neçə saniyə əvvəl gənclər çətinliklə xilas olurlar.

Elə həmin gecə Elli və Homer gizlicə şəhərə qayıdır və Robini evində tapırlar. Li ayağından yaralanıb; yerli diş həkimi doktor Klemenc (Kolin Frilz) onu müayinə edir. Həkim onlara bildirir ki, işğalçı qüvvələr Koblers körfəzində lövbər salmış gəmilərdən avadanlıqları Uirroui körpüsü vasitəsilə daşıyırlar. Patrulla qısa atışmadan və zibil maşınında düşmənin baqqilərindən qaçdıqdan sonra Robin, Homer, Li və Elli bundan sonra necə hərəkət edəcəklərini müzakirə edirlər. Onlar "Cəhənnəm"ə qayıtmaq qərarına gəlirlər.

Yolda təsadüfi bir evdə dayanırlar və məktəb yoldaşları Kris ilə rastlaşırlar. Kris güclü narkotik maddə təsiri altındadır və müharibənin başlandığından xəbərsizdir. Kris dəstəyə qoşulur. Onlar dərəni sığınacaq kimi istifadə etmək məqsədilə "Cəhənnəm"ə qayıdırlar. Orada radiodan eşidirlər ki, Avstraliyanın zəngin təbii ehtiyatlarına haqqı olduğunu iddia edən müəyyən bir Koalisiya qoşunları ölkəyə soxulub. Yayımda həmçinin ölkəyə yeni əsgərlər gətirmək üçün istifadə olunan üç əsas limandan birinin qonşuluqdakı Koblers körfəzi olduğu bildirilir.

Dəstə Uirrouiyə qayıdır və körpünü partlatmaq üçün plan qurur. Elli və Fiona bələdiyyə anbarından benzin daşıyan çən maşınını qaçırırlar. Onlar maşını körpünün altına qoyub digər komanda üzvlərinin mövqe tutmasını gözləməyi planlaşdırırlar. Mühafizəçilər tərəfindən aşkar edildikdən sonra çən maşınını körpüyə tərəf sürürlər. Plan dəqiq işlənib: Homer və Li mal-qara sürüsünü körpüyə tərəf qovurlar, bu da mühafizəçiləri postlarını tərk etməyə məcbur edir və Elli ilə Fionaya maşını körpünün altına sürməyə şərait yaradır. Birlikdə çən maşınını partlatmağı bacarırlar və körpü tamamilə dağılır. Lakin mototsikllə qaçarkən Korri vurulur. Bütün dəstə evə qayıdır.

Aydın riskə baxmayaraq, Kevin Korrini sevdiyi üçün onu xəstəxanaya aparmaq və yanında qalmaq qərarına gəlir. Qalanları isə "Cəhənnəm"ə qayıdır. Elli davam edən partizan müharibəsini, mübarizə əzmini və bu döyüşdə qalib gəlmək istəyini ifadə edərək videoqeydini bitirir.

Filmin sonu açıq qalır.

Rollarda

Keytlin Steysi — Elli Linton Reyçel Herd-Vud — Korri Makkenzi Linkoln Lyuis — Kevin Holms Deniz Akdeniz — Homer Yannos Fibi Tonkin — Fiona Maksvell Kris Penq — Li Tekken Eşli Kamminqs — Robin Maters Endryu Rayan — Kris Lanq Kolin Frilz — doktor Klement Don Halbert — cənab Linton Oliviya Pidcot — xanım Linton Stiven Burk — polis Kelli Batler — xanım Maksvell Metyu Deyl — cənab Kouls Qari Kuey — baş əsgər Culiya Yon — xanım Tekken Deyn Karson — cənab Maters Maykl Kamilleri — çən maşınının sürücüsü

İstehsal Çəkilişlər 28 sentyabr 2009-cu ildə Avstraliyanın Yeni Cənubi Uels ştatındakı Hanter regionunda — Con Marsdenin kitabının ekranlaşdırılması üçün mükəmməl olan bir məkanda başlamışdır. Reymond-Terras "böyük əyalət şəhəri" olduğu üçün filmin əsas çəkiliş yeri seçilmişdir. Şəhərin əsas küçəsi olan tarixi Kinq-strit adətən sakit olan ab-havasından çıxarılaraq Uirrouideki Meyn-stritə çevrilmişdir. Film yaradıcıları 2009-cu ilin sentyabrında küçənin görkəmini dəyişməyə başlamışdılar; bura "Uirroui Sinema" kinoteatrı və Linin ailəsinə məxsus Tayland restoranı da daxil idi. Kinq-stritdə çəkilişlər 2009-cu il oktyabrın əvvəlində başlamış və oktyabrın 27-dək davam etmişdir. Şəhərin digər yerlərindəki çəkilişlər isə 6 noyabr 2009-cu ildə başa çatmışdır.

Dağlıq ərazilərdə, o cümlədən Meytlend, Mavi dağlar və Laskintayr körpüsündə çəkilişlər 2010-cu ilin aprelində başa çatdırılmışdır. Evin və körpünün partladılması səhnələri Şimali Sidneyin Terri-Hills ərazisində çəkilmişdir.

Musiqi

Məhz bu film üçün "Tomorrow" mahnısı bəstələnmiş və 31 avqust 2010-cu ildə iTunes platformasında satışa çıxarılmışdır. Mahnı Jet qrupunun üzvü Nik Cester () və You Am I qrupunun üzvü Tim Rocers () tərəfindən filmin bəstəkarları Conni Klimek və Raynhold Hayl ilə bərabər yazılmışdır. Mahnını Nik Cester, You Am I qrupundan Deyvi Leyn () və Spiderbait qrupundan Krem () ifa etmişdirlər.

Prodüser Endryu Meyson bildirmişdir: "Biz filmin nümayiş etdirdiyimiz hər şeyə həsr olunmuş möhtəşəm bir himnlə başa çatmasını istəyirdik!". İlk müzakirələr 2010-cu ilin yanvarında baş tutsa da, yalnız həmin ilin martında filmin bir hissəsini izlədikdən sonra Nik Cester mahnının necə olacağını anlamışdır.

Filmində həmçinin bu mahnılar səsləndirilmişdir:

Bob Evans — "Don’t You Think It’s Time" Jet — "Black Hearts (On Fire)" Missy Higgins — "Steer" Powderfinger — "Poison In Your Mind" The Cruel Sea — "Honeymoon Is Over" The Temper Trap — "Fader" Wolfmother — "Cosmic Egg" Sarah Blasko — "Flame Trees"

Buraxılışı

Kassada əldə edilən vəsait

27 milyon dollar büdcəsi ilə kassada əldə edilən vəsait arasında fərq olmasına baxmayaraq, film Avstraliya və Yeni Zelandiyada kassa göstəricilərinə görə çox populyar idi, baxmayaraq ki, beynəlxalq səviyyədə daha az nailiyyət qazanmışdır. Avstraliyada film gəlirinə görə 1-ci yerdə debüt etmişdir. Birinci həftəsonu ərzində gəlir 3,86 milyon dollar təşkil etmişdir. İki həftə ərzində film Avstraliyada 7,7 milyon dollardan çox vəsait əldə edərək 2010-cu ildə yerli kinoteatrlarda ən çox gəlir gətirən film olmuşdur.

Paramount şirkəti filmin Böyük Britaniya, Cənubi Afrika, Portuqaliya, Skandinaviya və Rusiyada nümayiş hüquqlarını əldə etmişdir. Filmin premyerasından əvvəl onlar həmçinin "beynəlxalq auditoriyanın bu filmi necə qarşılayacağını səbirsizliklə gözlədiklərini" bildirmişdilər.

Avstraliya kassalarında 13,5 milyon dollardan çox gəlir əldə etməsinə baxmayaraq, film "beynəlxalq auditoriyanın rəğbətini qazana bilməmişdir" və digər ölkələrdə ümumilikdə təxminən 3 milyon dollar qazanmışdır. Yəni Böyük Britaniyada 341.995 dollar, Yeni Zelandiyada 1.026.705 dollar və Rusiyada 1.002.119 dollar əldə edə bilmişdir.

Avstraliya Yeni Zelandiya Ümumi gəlir A$13.468.863 NZ$ 1.279.688A$972.255,30 A$14.441.118,30

Tənqid Film tənqidçilər tərəfindən orta qiymətləndirilmişdir. Kinopoisk veb-saytında 44 tənqidçinin rəyi əsasında 100 üzərindən 64 bal almışdır. Tamaşaçılar isə 4.000 istifadəçinin səsverməsinə əsasən filmi 10 üzərindən 5 bal ilə qiymətləndirmişdirlər.

Mükafatlar

Mükafat Kateqoriya Namizəd Nəticə 2010 Inside Film Awards Ən yaxşı bədii film Ən yaxşı ssenari Stüart Bitti Ən yaxşı bəstə Ən yaxşı aktrisa Keytlin Steysi 2010 Australian Screen Sound Guild Sound Awards İlin saundtreki Ən yaxşı səs yazısı Devid Li, Cerri Nusifora, Emma Berqem 52-ci Australian Film Institute Awards (2010) Ən yaxşı adaptasiya edilmiş ssenari Stüart Bitti Ən yaxşı səs Endryu Pleyn, Devid Li, Getin Qreh, Robert Sullivan Ən yaxşı film Endryu Meyson, Maykl Bouen Ən yaxşı gənc aktyor namizədliyi Eşli Kamminqs Ən yaxşı yazıçı Endryu Meyson, Maykl Bouen Ən yaxşı orijinal ssenari Endryu Meyson, Maykl Bouen Ən yaxşı montaj Markus Di Arsi Ən yaxşı quruluşçu rəssam işi Robert Vebb, Mixael Maggey, Damin Dryu, Bev Dann Ən yaxşı xüsusi effektlər Kris Qodfri, Sidji Eymutis, Deyv Moreli, Toni Kol 19-cu Film Critics Circle of Australia Awards (2011) Ən yaxşı film Lits Uots Ən yaxşı rejissor Stüart Bitti Ən yaxşı ssenari Stüart Bitti Ən yaxşı operator işi Ben Nott Ən yaxşı montaj Markus Di Arsi

Davamı

2016-cı ildə eyni süjetə əsaslanan, lakin fərqli aktyor heyətinin yer aldığı Müharibə başlayan səhər teleserialı işıq üzü görmüşdür. Serialın rejissoru Brendan Maher olmuşdur. Aktyor heyətinə Narek Armaqayan (Homer), Elison Bell (Liz), Sabila Badd (Reyçel) və başqaları daxil idilər.

İstinadlar

Xarici keçidlər

Tomorrow When the War Began at Oz Movies

Interview with Stuart Beattie about Tomorrow, When The War Began

Kateqoriya:2010-cu ilin ABŞ filmləri Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:Avstraliyanın dram filmləri Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Uydurmada istilalar Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Müharibə filmləri