1819-cu il Şeyxəli xanın Quba həmləsi, 1819-cu il Dağıstan hakimlərinin Quba yürüşü və ya 1819-cu il Dağıstan hakimlərinin Rusiya imperiyasına qarşı hərbi kampaniyası — 1819-cu ildə Rusiya imperiyasının Şimali Qafqazda genişlənməsinə qarşı Dağıstan hakimləri tərəfindən həyata keçirilən hərbi-siyasi fəaliyyətlər silsiləsi. Kampaniya Çeçenistanda Rusiya hakimiyyətinə qarşı mübarizə aparan qüvvələrə yardım göstərilməsi və Rusiya nəzarətinə keçmiş Kürə xanlığı ilə Quba xanlığının geri alınması planı ilə əlaqədar yaranmışdı.
Tarixi şərait
1817–1818-ci illərdə general Aleksey Yermolovun rəhbərliyi altında Rusiya imperiyası Şimali Qafqazda hərbi mövqelərini möhkəmləndirməyə başladı. "Sunja xətti"nin yaradılması, yeni yolların və istehkamların salınması, Çeçenistanın düzənlik hissəsində Rusiya nəzarətinin genişləndirilməsi və dağlıq ərazilərin təcrid edilməsi siyasəti yerli əhali arasında narazılığı artırdı. Yermolovun siyasəti yalnız Çeçenistanla məhdudlaşmırdı. Rusiya komandanlığı Dağıstanla Çeçenistan arasındakı əlaqələrin məhdudlaşdırılmasına, ticarət yollarına nəzarətin gücləndirilməsinə və bölgədəki yerli hakimlərin Rusiya hakimiyyətinə tabe etdirilməsinə çalışırdı. 1819-cu ildə Çeçenistanda Rusiya hakimiyyətinə qarşı müqavimətin güclənməsi Dağıstan hakimlərinin bu mübarizəyə müdaxilə etməsinə səbəb oldu.
Hələ 1818-ci ildə keçmiş Quba xanı Şeyxəli xan Aquşa ərazisində məskunlaşaraq Rusiyaya qarşı çıxış üçün qüvvələr toplamağa başlamışdı. Rusiya komandanlığının 4 avqust 1818-ci il tarixli məxfi raportunda qeyd edilirdi ki, Şeyxəli xan Aqquşadan bir neçə nəfəri Abdulla bəy Yersilinin yanına göndərərək onu öz məclisinə dəvət etmiş və Tabasaran əhalisini üsyana qaldırmağa təşviq etməsini istəmişdi. Həmin raportda Dağıstan icmalarının Rusiyaya qarşı çıxış hazırlığında olduğu, Avar xanı Sultan Əhməd xanın isə Çeçenistana dəstək göndərdiyi barədə məlumatların alındığı da bildirilirdi. 1818-ci ilin 23–26 oktyabr tarixlərində Başlı döyüşlərində qumuq zadəgan sülaləsi Mehdioğullarından olan Avar xanı və onun qardaşı Həsən xanla birlikdə dağlı qüvvələrinə rəhbərlik edən Şeyxəli xan, qələbədən sonra öz dəstəsi ilə Quba istiqamətində hərəkət etməyə başlamışdır. Rusiya ordusunun general-leytenantı 25 iyun 1819-cu il tarixli sənədində Şirvan hakimi Mustafa xana xəbərdarlıq edilirdi ki, Dağıstan icmalarından bəzi qüvvələr Şeyxəli xanın təhriki və şər təlqinləri ilə Quba əyalətinə və həmsərhəd ərazilərə hücum etməyə hazırlaşırlar.
Kampaniyanın planı 1819-cu ilin yazında Dağıstanın bir sıra siyasi qüvvələri arasında Rusiya imperiyasına qarşı birgə fəaliyyət təşəbbüsü meydana gəldi. Dağıstan hakimləri yardım göstərməyi qərara aldılar. Bununla yanaşı, hərbi planın mühüm istiqamətlərindən biri Rusiya hakimiyyətinin nəzarətində olan Kürə xanlığı və Quba xanlığının ələ keçirilməsi idi. Bu vəzifəni yerinə yetirmək üçün qüvvələrini birləşdirən əsas hakimlər Şeyxəli xan, Surxay xan II və Qaytaq usmisi Adil Girey idi. Mazaroviç Təbrizdən xəbər verirdi ki, Abbas Mirzə Şeyxəli xana dəstək üçün 40 000 tümən qızıl və təxminən 20 000 rubl gümüş göndərib.
Mədətovun Tabasarana yürüşü Dağıstan hakimlərinin hərbi hazırlığından xəbər tutan Rusiya komandanlığı Quba əyalətinin müdafiəsini təşkil etmək "bacarıqlı və sınaqdan keçmiş adamı, Yermolovun "sağ əli", qarabağlı, Qafqazı, yerli dilləri və adamları yaxşı tanıyan, Yermolovla hələ Napoleona qarşı birgə xidmət etmiş" general-mayor, knyaz Valerian Mədətovu təyin etdi. Mədətov müdafiə mövqeyində qalmaq əvəzinə təşəbbüsü ələ alaraq Tabasarana daxil oldu. 13 avqust 1819-cu ildə onun qoşunları mühüm yolların qovşağında yerləşən Marağa kəndini ələ keçirdi. Marağa Quba, Dərbənd və Qaraqaytaq istiqamətlərini birləşdirən yollar üzərində yerləşdiyindən strateji əhəmiyyət daşıyırdı.
Xuçni döyüşü Mədətovun Tabasarana daxil olmasından sonra dağlı qüvvələri Xuçni kəndi ətrafında toplanmağa başladı. Mənbələrdə kəndin Şeyxəli xanın qohumu Abdulla bəy Yersiliyə məxsus olduğu və burada Rusiya qoşunlarına qarşı müqavimət göstərmək üçün qüvvələrin toplandığı qeyd edilir. Mədətov Marağada dayanmayaraq gecə yürüşünü davam etdirdi. Qoşunlar təxminən 30 verst məsafə qət etdikdən sonra 14 avqust səhəri Xuçni yaxınlığında toplanmış dağlı dəstələrinə hücum etdilər. Dağlı qüvvələri məğlub edilərək dağıdıldı. Xuçni yaxınlığındakı məğlubiyyətdən sonra Tabasaran Rusiya hakimiyyətinə tabe etdirildi.
Qaytaq yürüşü Tabasaranın tabe etdirilməsindən sonra Mədətov qüvvələri ilə Qaytaq istiqamətində hərəkət etdi. 5 oktyabr 1819-cu ildə onun qoşunları Qaytaq usmisi Adil Gireyin qüvvələri ilə döyüşərək onları məğlub edir və Yengikənd tutulur, Tərəkəmə kəndləri dağıdılır. Məğlubiyyətdən sonra Qaytaq hakimləri Rusiya imperiyasına tabelik andı içdilər. Rusiya hakimiyyəti Qaytaq usmiliyini ləğv etdi.
Tərki şamxallığına hücum 1819-cu ilin noyabr-dekabr aylarında Dağıstanda Aquşa qazisinin rəhbərliyi ilə Rusiyaya qarşı ittifaq formalaşdı. İttifaqa Avar xanı, Mehdioğlu hakimi Həsən xan, Qaytaq usmisi və çoxsaylı tərəfdarları ilə Quba xanı Şeyxəli xan daxil idi. İttifaqın məqsədi Rusiyaya tabe olan Tərki şamxallığını ələ keçirməklə Çeçenistan və Dağıstanda yerləşən rus qüvvələri arasında əlaqəni kəsmək idi. İttifaqın planından xəbər tutan rus komandanlığı Aquşaya qarşı hərbi əməliyyat təşkil etdi. General Aleksey Yermolov və general-mayor Mədətovun dəstələri müxtəlif istiqamətlərdən Aqquşa ərazisinə doğru irəlilədilər. Mədətovun dəstəsi Dərvaqçay istiqamətindən hərəkət edərək dekabrın 2-də çatdı, Yermolovun əsas qüvvələri isə Tərki və Qarabudaqkənddən keçərək və Şora istiqamətində mövqeləndi. Əsas yolların nəzarətə götürülməsindən sonra rus qoşunları kəndinə doğru hərəkət edərək dekabrın 16-da burada cəmləşdilər.
Mədətovun Tabasaran və Qaytaq istiqamətində keçirdiyi hərbi əməliyyatlar Dağıstandakı Rusiya əleyhinə koalisiyanın mövqelərinin zəiflədilməsinə və sonrakı hərbi əməliyyatların, o cümlədən Levaşi döyüşünün baş verməsi üçün şəraitin yaranmasına səbəb oldu.
Qubaya son həmlə: Çıraq döyüşü Aquşalılara kömək etmək, rus qoşunlarının diqqətini yayındırmaq və itirilmiş torpaqları qaytarmaq üçün Şeyxəli xan 5–6 min nəfərlik böyük bir qoşun toplayaraq koalisiya təşkil etdi və Koqmadağ keçidindən keçərək dərəsi boyunca cənuba doğru enməyə, buradan isə Həzrə keçidini adlayıb birbaşa Quba xanlığı ərazisinə daxil olmağa cəhd etdi. Qoşun Çıraqçay dərəsinə enərkən yürüş uğursuzluqla nəticələndi. Səbəb isə rusların strateji dağ yolundakı ən irəlidə olan dayaq məntəqəsi — kəndindəki qarnizon idi. 19 dekabr 1819-cu ildə var idi Dekabrın 19-na keçən gecə kənddə topla təchiz olunmuş 400-ə yaxın rus əsgərinə qəfil hücum etdilər. İlk hücumda 80 əsgər məhv edildi, qalanları isə kənd məscidində və istehkamda gizlənərək mövqe tutdular. Mühasirədəkilər minarənin uçurulmasına və su ehtiyatlarının kəsilməsinə baxmayaraq 4 sutka müqavimət göstərdilər. Bu şiddətli müqavimət Surxay xan və Şeyxəli xanın irəliləməsini ləngitdi. Surxay cənubdan köməkçi rus dəstələrinin gəldiyini və Akuşanın artıq Yermolova təslim olduğunu eşidib yürüşü dayandırdı, körpüləri dağıdaraq geri çəkilməyə məcbur oldu. Çıraq döyüşü nəticəsində rus qarnizonundan təxminən 70 nəfər sağ qalmışdı ki, bunlardan da yalnız 8-i xəsarət almamışdı. Beləliklə, toqquşmada 300-dən çox rus hərbçisi həlak olmuşdu.
Bədii ədəbiyyatda Rus yazıçısı Aleksandr Bestujev-Marlinski 1831-ci ildə yazdığı "Ammalat bəy" povestində 1819-cu ildə Dağıstanda rus hakimiyyətinə qarşı müqavimət göstərən şəxslər sırasında Şeyxəli xanın adını çəkir. Əsərdə qeyd olunur ki, Şeyxəli xan həmin dövrdə rus hakimiyyətinə qarşı üsyan etmiş Aquşa əhalisini hərəkətə gətirmişdi.
Mənbə
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Quba üsyanı Şeyxəli xanın Quba xanlığını bərpa cəhdi (1811) Başlı döyüşü
Kateqoriya:1819-cu ildəki hadisələr Kateqoriya:Qafqaz müharibəsi Kateqoriya:Rusiya imperiyasının müharibələri Kateqoriya:1819-cu ildə münaqişələr Kateqoriya:Quba xanlığı