Son ümid folu — müxtəlif idman növlərində rəqibin gözlənilən təhlükəsini kəsmək məqsədilə qəsdən törədilən elə bir qayda pozuntusu. Bu zaman həmin fol üçün nəzərdə tutulan cəza rəqibin təhlükəni reallaşdırmasından daha az zərər vurur. Son ümid folları, adətən, rəqibin xal və ya qol qazanmasının qarşısını almaq üçün törədilir.
Son ümid folları adətən, fırıldaqçılıqdan ziyadə oyun taktikası kimi qiymətləndirilir. Müxtəlif idman növlərinin qaydalarında belə əməllərdən əldə edilən üstünlüyü ləğv etmək və ya adi hallardakı oxşar folla müqayisədə daha ağır cəza tətbiq etmək yolu ilə onların qarşısını almaq üçün müvafiq müddəalar nəzərdə tutulmuşdur.
Futbol Futbolda son ümid folu dedikdə, müdafiəçinin rəqibin qol vurmasının qarşısını almaq və ya aşkar qol imkanından məhrumetmə (DOGSO) məqsədilə qaydanı pozması başa düşülür. Nəticədə təyin olunan cərimə zərbəsi və ya penalti hücum edən komandaya ilkin oyun epizodu ilə müqayisədə daha aşağı qol vurma şansı verə bilər. Bu səbəbdən müdafiə olunan oyunçu taktiki olaraq qaydanı pozmaqda maraqlı olur. Qaydanı pozan oyunçular folun şəraitindən asılı olaraq xəbərdarlıq alır və ya meydandan kənarlaşdırılırlar. Cəza həm faulun xarakterindən, həm də rəqibin məhrum edildiyi imkandan asılı olaraq müəyyən edilir.
12-ci qaydaya əsasən, nəyin aşkar qol imkanı təşkil etməsi hakim münsiflərin mülahizəsinə buraxılır, lakin hakimlərə qərar verməyə kömək etmək üçün bir neçə amil müəyyən edilmişdir. Bunlar pozuntu ilə qapı arasındakı məsafə, topa nəzarəti saxlamaq və ya ələ keçirmək ehtimalı, oyunun istiqaməti, eləcə də müdafiəçilərin mövqeyi və sayıdır.
Tarixi Bu anlayış futbolda 1980-ci il İngiltərə Kubokunun finalındakı insidentdən sonra diqqət çəkmişdir. Həmin vaxt "Arsenal"ın futbolçusu Villi Yanq qol vurmaq üçün aşkar imkanı olan "Vest Hem"in oyunçusu Pol Allenə qarşı qəsdən qayda pozuntusuna yol vermişdir. O dövrdəki oyun qaydalarına əsasən, hakim Corc Kortni Yanqa yalnız sarı vərəqə göstərə və "Vest Hem"in lehinə cərimə zərbəsi təyin edə bilərdi və o, bunu etmişdir. Bu hadisə rəqibin hücum xəttini qəsdən kəsən follar haqqında ölkəmiqyaslı müzakirələrə səbəb olmuşdur.
Həmin dövrdə İngiltərə futbolunda azarkeş sayının azalması müşahidə olunurdu və Futbol Liqası klublarının sədrləri oyunun daha həyəcanlı edilməsi yollarını nəzərdən keçirməyə karar vermişdilər. Cimmi Hillin sədrliyi ilə Mett Basbi və Bobbi Çarltonun da daxil olduğu alt komitə müvafiq təkliflər hazırlamaq üçün təyin olunmuşdur. Komitə 1982-ci ildə tövsiyə etmişdir ki, əgər hakim hücumçuya qarşı faulun aşkar qol imkanının qarşısını aldığını hesab edərsə, qayda pozanları çəkindirmək üçün həmin oyunçuya "ciddi qayda pozuntusuna" görə birbaşa qırmızı vərəqə verməlidir, lakin İngiltərə Futbol Assosiasiyasının Hakimlər Komitəsi 1983-cü ilin iyulunda bu qaydanı ləğv etmişdir. Qayda nəhayət 1990-cı ildə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən Oyun Qaydalarına daxil edilmiş və FİFA 1990-cı il Dünya Çempionatında xidmət edən hakimlərə aşkar qol imkanını pozan oyunçuları meydandan kənarlaşdırmağı tapşırmışdır. 1991-ci ildə IFAB tərəfindən əlavə edilmiş müddəaya əsasən, aşkar qol imkanının qarşısını almaq üçün əllə oynayan oyunçunun da ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırılması müəyyən olunmuşdur. Məsələn, cərimə meydançası xaricində əllə oynayan qapıçı bu əməl aşkar qol imkanını məhdudlaşdırarsa, kənarlaşdırıla bilər.
2016-cı ildə Oyun Qaydalarına dəyişiklik edilmişdir. Buna əsasən, həm qırmızı vərəqə, həm də penalti şəklində olan "ikiqat cəzanı" azaltmaq məqsədilə, oyunçunun topa vicdanla müdaxilə etmək cəhdi olduğu təqdirdə penalti ilə nəticələnən fol yalnız sarı vərəqə ilə cəzalandırılır. Bununla belə, hakimlərə cərimə meydançasında qaydalara uyğun topa oynamaq cəhdi göstərilmədən törədilən ciddi intizam pozuntularına görə oyunçuları meydandan kənarlaşdırmaq hüququ saxlanılmışdır.
İstinadlar
Kateqoriya:Futbol terminologiyası Kateqoriya:Futbol oyununun qaydaları