Əbu Yusif Yaqub ibn İbrahim ibn Kəsir əd-Dəvrəqi (; ) və ya Yaqub əd-Dəvrəqi () — mühəddis, fəqih və müfəssir.

Həyatı Hicri 166-cı ildə (782–83) Bağdadda anadan olmuşdur. Mühəddis olan qardaşı kimi, Əbdi və Qeysi nisbələri ilə də tanınır.

Yaqubun Bağdadda tabiinlərdən hesab olunan, məşhur hədis və fiqh alimi əl-Leys ibn Sədi gördüyü bildirilmişdir. O, elm öyrənmək məqsədilə müxtəlif ölkələrə səfər etmiş, Yəhya ibn Məin, Mərvan ibn Muaviyə, Süfyan ibn Uyeynə, Mötəmir ibn Süleyman, Yəhya əl-Qəttan, Həfs ibn Qiyas, Vəki ibn Cərrah və Əbdürrəhman ibn Mehdidən hədis öyrənmiş və Əhməd ibn Hənbəlin elmindən də bəhrələnmişdir. Ondan isə "Kütubi-Sittə" müəlliflərindən başqa qardaşı Əhməd, Əbu Züra ər-Razi, Əbu Hətim ər-Razi, İbn Xuzeymə və başqa tanınmış mühəddislər rəvayət etmişlər. "Kitabüt-Təbəqatil-kəbir" əsərinin müəllifi olan İbn Səd də onun tələbəsi olmuşdur.

Nəsai, İbn Hibban, Xətib əl-Bağdadi və Zəhəbi Yaqubu etibarlı bir mühəddis və hədis hafizi kimi səciyyələndirmişlər. Yaqub öz dövründə İraq bölgəsində çoxlu hədis rəvayət etməsi ilə tanınmışdır. Mənbələrin əksəriyyətində Yaqubun bir müsnəd əsərinin olduğu qeyd edilir. Bundan əlavə, Davudi onun bir təfsir əsəri də yazdığını söyləmişdir. Lakin onun müəllimi Hüşeym ibn Bəşirin "ət-Təfsir" əsərini rəvayət etmiş olması səbəbilə belə bir nəticəyə gəlinmiş ola biləcəyi düşünülə bilər.

Hicri 252-ci (866) ildə Yaqub Bağdadda vəfat etmişdir.

Həmçinin bax Əhməd ibn İbrahim əd-Dəvrəqi

İstinadlar

Kateqoriya:Ravilər