Məhəmməd İzzəddin ibn Əbdilqadir ibn Mustafa əl-Qəssam (; ) — Fələstinin müstəqilliyi uğrunda mübarizə aparan Qəssamiyyə hərəkatının lideri, yazıçı.
Həyatı Suriyanın liman şəhəri olan Cəblədə anadan olmuşdur. Atası bir mədrəsədə müdərris, şəriət məhkəməsində isə üzv idi; eyni zamanda həmin bölgədə Qadiriyyə təriqətinin mürşidi kimi tanınırdı. İzzəddin on dörd yaşında olarkən qardaşı Fəxrəddinlə birlikdə Qahirədəki əl-Əzhərə getdi və təhsilini 1909-cu ilə qədər davam etdirdi. Təhsil müddətində Məhəmməd Əbduh və Məhəmməd ibn Əbdülməlik əl-Aləmi kimi müəllimlərin elmindən bəhrələndi; M. Rəşid Rza, İzzəddin Ələməddin ət-Tənuxi, Züheyr əş-Şəviş və Əli ət-Təntavi kimi şəxsiyyətlərlə dostluq etdi. Cəbləyə qayıtdıqdan sonra atasının mədrəsəsində müdərris oldu; eyni zamanda Mənsuri və İbrahim ibn Ədhəm məscidlərində vaizlik vəzifəsini yerinə yetirdi.
İtalyanlar Liviyaya hücum etdikdə (1911) əl-Qəssam, əvvəlcə bəzi nümayişlər təşkil etdi və bir marş yazdı. Eyni zamanda xalqı silahlı mübarizəyə də çağırdı. Osmanlı imperiyası ordusu və könüllülərin ailələri üçün yardım toplamağa başladı. 250-yə könüllü ilə birlikdə Trablusqərbə getmək üçün bir ay gözlədi, lakin Balkan müharibəsinin başlaması səbəbilə cəbhəyə gedə bilmədən geri qayıtdı. Birinci Dünya müharibəsi başladıqda birbaşa Osmanlı imperiyası ordusunun sıralarında döyüşmək üçün müraciət etdi və hərbi təlim keçdikdən sonra cəbhədə qarnizon imamı vəzifəsinə təyin edildi. Yaxın Şərqin Osmanlı imperiyasından ayrılması məsələsi gündəmə gəldikdə Cəbələyə qayıtdı və xalq ordusu yaratdı. Müharibədən sonra fransızlar Suriyanı işğal etdikdə Ömər əl-Baytarla birlikdə müqavimət hərəkatına başladı. Fransızlar tərəfindən edam olunmaq üçün axtarılmağa başlandıqda Fələstinə keçərək Hayfada məskunlaşdı (1921).
Hayfada dərs deməyə başlayan əl-Qəssam, digər tərəfdən İstiqlal məscidində imam-xətib vəzifəsini yerinə yetirdi. Həsən əl-Bənnanın təşəbbüsü ilə Möhübbəddin əl-Xətib tərəfindən yaradılmış "Müsəlman Gənclər Dərnəyi"nə (Cəmiyyətüş-şübbənil-müslimin) üzv oldu və bir müddət sonra onun sədri seçildi. Bu vasitə ilə kəndləri gəzməyə başladı, yerli əhalinin Britaniya işğalı və sionist hərəkat barədə maarifləndirilməsi istiqamətində fəaliyyət göstərdi. Yəhudilərə torpaq satılmasına qəti şəkildə qarşı çıxaraq bunun qarşısının alınmasını tələb etdi. Ətrafında toplaşan və "məşayix" (ölümündən sonra Qəssamiyyun) adlandırılan tərəfdarlarının təşkilatlanmasını təmin etdi. 1930-cu ildən etibarən rəsmi nikah məmuru vəzifəsinə təyin edildi.
Əl-Qəssam sionizmin Britaniya mandat idarəsi tərəfindən dəstəkləndiyi qənaətində idi və əsas mübarizənin ingilislərə qarşı aparılmalı olduğuna inanırdı. Buna görə də ümumi mübarizə üçün hazırlıqlarını tamamladıqdan sonra İngiltərənin Fələstində sionist yəhudi dövlətinin yaradılmasını qəbul etdiyini elan edən Balfur Bəyannaməsinin ildönümündə hərəkata start verdi (2 noyabr 1935). Lakin sonrakı günlərdə ingilislər təşkilatın gizli qərargahına basqın etdilər və Nablus-Cənin arasındakı Yəbud bölgəsində baş verən toqquşma nəticəsində İzzəddin əl-Qəssam həlak oldu (20 noyabr 1935).
Əsərləri O, suriyalı liderlərdən Məhəmməd Kamil əl-Kəssab ilə birlikdə Məhəmməd Şubhi Xuzeyrana qarşı rəddiyyə mahiyyətində bir kitab qələmə almışdır.
İrsi və mirası HƏMAS-ın hərbi cinahı olan "Əl-Qəssam briqadaları" onun adını daşıyır. O, ölümü ilə Böyük Fələstin üsyanını başladan simvolik şəxsiyyət kimi qəbul edilir.
Həmçinin bax Hizbüt-Təhrir Təqiyyəddin ən-Nəbhəni
İstinadlar
Kateqoriya:Əl-Əzhər Universitetinin müəllimləri Kateqoriya:Ərəb milliyyətçiləri Kateqoriya:Müsəlman teoloqlar