X Alfonso () və ya Müdrik Alfonso (; ) — Kastiliya, Qalisiya və Leon kralı.

Həyatı 1221-ci ildə Toledoda dünyaya gəldi. Atası Kastiliya kralı III Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fridrix Barbarossanın nəvəsi Şvabiyalı Yelizavetadır. Böyük oğul kimi Kastiliya taxt-tacının vəliəhdi idi. 1230-cu ildə babası Leon kralı IX Alfonsonun vəfatının ardından atası Leon və Qalisiya bölgələrini krallığa birləşdirdi və beləcə, Alfonso bu krallıqların da varisi oldu. 1237-ci ildə atasının əmrində hərbi xidmətə başladı. 1240-cı illərdə atasıyla birgə Mursiya və Kadis kimi bir çox müsəlman şəhərlərini işğal etdi.

Atasının vəfatından sonra 1252-ci ildə taxta çıxdı. Ertəsi il Portuqaliyaya hücum edərək Alqarve bölgəsini işğal etdi. Portuqaliya kralı III Afonso təslim olmağa və kralın nigahdan kənar qızı Beatrisayla evlənərək sülh bağlamağa məcbur oldu.

1254-cü ildə İngiltərə kralı III Henriylə ittifaq bağlayaraq Fransa kralı IX Lüdovikə qarşı hərbi səfərə hazırlaşdı. İttifaqın əsas şərti kimi X Alfonso ögey bacısı Elyanoranı kralın oğlu və varisi vəliəhd-şahzadə Eduardla evləndirdi. Bir digər şərti isə Kastiliyanın Qaskoniya bölgəsi üzərindəki haqqından əl çəkməsi idi. Belə ki, Kastiliya kralı VIII Alfonso və Elyanora Plantagenetin 1170-ci ildə baş tutan evliliyindən bəri bölgə 2 dövlət arasında mübarizə meydanına çevrilmişdi.

1256-cı ildə Alman kralı II Vilyamın ölümünün ardından X Alfonso bəzi alman zadəganları tərəfindən Romalıların kralı () ünvanını aldı. Ancaq onun bu iddiası heç vaxt tanınmadı. Üstəlik Roma papası IV Aleksandrla münasibətlərini də pisləşdirdi. Digər yandan Kornvollu Riçard 1257-ci ildə Aaxendəki tacqoyma mərasimiylə Alman kralı ünvanını rəsmi şəkildə almışdı. Bu iddiasına dəstək tapmaq üçün aldığı borclar ölkənin iqtisadi vəziyyətini pisləşdirdi. Apardığı maliyyə islahatları zadəganların narazılığına səbəb oldu. 1272-ci ildə zadəganların başlatdığı üsyan ertəsi il böyük oğlu Ferdinandın səyləriylə yatırıldı.

1275-ci ildə böyük oğlu Ferdinand döyüş meydanında həlak oldu və geridə 2 körpə oğlu qaldı. Ənənəyə görə, taxt varisliyi onun oğullarına qalmalı idi. Ancaq kralın ikinci oğlu Sanço qardaşı oğullarının azyaşlı olmasını bəhanə edərək taxt varisliyini tələb etdi. Atasına düşmən olan bəzi zadəganları öz tərəfinə çəkən Sançonun 1282-ci ildə vəliəhd elan edilməsiylə nəticələnən taxt mübarizəsində yalnız Sevilya, Mursiya və Badaxoz şəhərləri krala sadiq qaldı. Mavrlara qarşı səlib yürüşü tərtibləmək istəsə də, bəzi zadəganlar və oğlu Sanço qarşı tərəfi dəstəkləyəcəklərini elan etdilər. Üstəlik, müsəlman Mərinilərdən dəstək istəməsi, kralın ölkə daxilindəki nüfuzuna zərər verdi. 1284-cü ildə Sevilyada vəfat etdi.

Ailəsi 1249-cu ildə Araqon kralı I Xaymenin qızı Yolanda ilə evləndi. Cütlüyün bu nigahdan 11 övladı doğuldu.

Berenqariya (1253-1284) Beatris (1254-1280) Ferdinand (1255-1275) Elyanora (1257-1275) IV Sanço (1258-1295) Konstans (1258-1280) Pyotr (1260-1283) Con (1262-1319) İzabella Yolanda (1265-1296) Ceyms (1266-1284)

Bundan başqa onun bir çox məşuqəsi və onlardan doğulan nigahdan kənar övladları vardı. Bunlardan ən məşhuru isə Mayor de Quzmandan doğulan Kastiliyalı Beatrisadır.

Mənbə

Ədəbiyyat

(PDF version) Cf. especially section on "The Alfonso X 'Book of Games'".

(PDF version)

İstinadlar Kateqoriya:XIII əsr Avropa hökmdarları Kateqoriya:Kastiliya infantları