Saksen-Veymar-Ayzenaxlı Mariya Luiza Avqusta Yekaterina (; ) — Böyük Saksen-Veymar-Ayzenax hersoqu Karl Frederikin qızı, Prussiya kraliça-konsortu və Alman imperatriçası.

30 sentyabr 1811-ci ildə Veymarda dünyaya gəldi. Atası Saksen-Veymar-Ayzenax hersoqu Karl Avqustun oğlu vəliəhd-şahzadə Karl Frederik, anası isə rus çarı I Pavelin qızı Mariya Pavlovnadır. 6 oktyabrda vəftiz edildi. Saray mürəbbiyələri tərəfindən təlim-tərbiyə edildi. İngilis, rus, fransız və latın dillərində təhsil aldı.

11 iyun 1829-cu ildə Berlində Prussiya kralı III Fridrix Vilhelmin oğlu şahzadə Vilhelmlə evləndirildi. Bu əsnada bəy namizədinin 32, Avqustanın isə yalnız 17 yaşı vardı. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

III Fridrix (1831-1888) Luiza Mariya (1838-1923)

7 iyun 1840-cı ildə qaynatası vəfat etdi və böyük qaynı IV Fridrix Vilhelm taxta çıxdı. Qaynı evli olsa da, varisi yox idi və bu səbəblə, əri şahzadə Vilhelmlə birlikdə vəliəhd-şahzadə ünvanı daşıdılar. Onun səltənəti dövründə müxalif cəbhəni dəstəkləyən Avqusta 1843-cü ildən etibarən həm ərinə, həm də bəzi dövlət adamlarına siyasi tövsiyələr verməyə başladı. Digər yandan Britaniya kraliçası Viktoriya ilə siyasi əlaqələr qurdu. 1845-ci ildə kraliçanı Berlində qonaq edən cütlük ertəsi il Londona səfər etdilər. Kraliça Viktoriya ilə uzun illər davam edən məktublaşmalar nəticəsində dost münasibətlər yarandı. Üstəlik onların bu dostluğu yeganə oğlu şahzadə Fridrixlə kraliçanın ən böyük qızı və adaşı şahzadə Viktoriyanın evliliyi ilə nəticələndi.

1848-ci il inqilabları əsnasında Berlindəki sivil əhali ilə milislər arasındakı çatışmalardan əri şahzadə Vilhelm təqsirli görüldü və Britaniyaya sürgün edildi. Çatışmalar əsnasında Avqusta övladlarıyla birlikdə Potsdamda gizləndi. Həm müxalif cəbhədə yer alması, həm də inqilabi hərəkatı dəstəkləməsi onu üsyançıların hədəfindən uzaq tutdu. Üstəlik gələcəkdəki kansler Otto fon Bismarkla düşmən münasibətlər qurmasına səbəb oldu.

1858-ci ildə qaynı IV Fridrix Vilhelm keçirdiyi ifliclərin ardından dövlət idarəsindən uzaqlaşdı və 1858-ci ildə əri şahzadə Vilhelm naib olaraq təyin olundu. Həmin ilin payızında əriylə birlikdə Berlinə köçən Avqusta Otto fon Bismarkın baş nazir təyin edilməsindən sonra nüfuzunu itirməyə başladı. Qaynının vəfatının ardından 2 yanvar 1861-ci ildə əri I Vilhelm adıyla taxt çıxdı. Beləcə, Prussiya kraliça-konsortu ünvanını daşımağa başladı. Cütlüyün tacqoyma mərasimi həmin ilin 18 oktyabrında Köniqsberqdə baş tutdu. Almaniyanın birləşdirilməsi və ərinin imperator ünvanı almasının ardından 1871-ci ildə imperatriça ünvanı daşımağa başladı.

Berlində yalnız qış aylarında qalan Avqusta ilin çox hissəsini qızının yaşadığı Baden-Badendə və Konstanzda keçirirdi. Uzun illər boyunca sümük problemi vardı və revmatizmdən əziyyət çəkirdi. 1881-ci ilin iyununda Koblensdə yıxıldı və qalan illərini dəyənək a təkərli əlil arabasıyla gəzməyə məhkum oldu. Buna baxmayaraq sosial həyatdan uzaq almadı və bütün tədbirlərdə iştirak etməyə davam etdi.

Ərinin 1888-ci ildə ölümünün ardından yeganə oğlu III Fridrix taxta çıxdı. Ancaq oğlu qırtlaq xərçəngindən əziyyət çəkirdi və yalnız bir neçə ay sonra vəfat etdi. Oğlunun qısa səltənətinin ardından nəvəsi II Vilhelm taxta çıxdı. Özü isə 7 yanvar 1890-cı ildə yoluxduğu qrip epidemiyası səbəbilə Berlində vəfat etdi.

Mənbə Ədəbiyyat

Download (museum edition) [retrieved 24 March 2024]

recs.hypotheses.org [retrieved 24 March 2024]

Download [retrieved 24 March 2024] (also dissertation, University of Münster, 1987).

İstinadlar

Kateqoriya:Almaniya imperatorları Kateqoriya:Almanlar Kateqoriya:Pasifistlər