Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİP — Azərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə isə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya.

Tarixi AİP Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə (26.02.2012)|thumb|200px Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır.

1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və daha sonra partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. AİP-in rəhbərliyi 1996-cı ildə “vətənə xəyanət” ittihamı ilə həbs edilib. 1997-ci ildə siyasi partiyaların yenidən qeydiyyatı aparılarkən AİP partiya olaraq qeydə alınmayıb.

1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. AQB-yə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır. Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır.

AİP 2005-ci il parlament seçkilərində AQB-nin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət Partiyası və Azər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır. 1999-da AQB-nin üzvü olan ASDP isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır. Blokun ümumilikdə 61 namizədi qeydiyyata alınmışdır.

2002-ci ildə Tahir Abbaslı partiya sıralarından istefa verərək islamyönümlü İslam Demokrat Partiyasını təsis etmişdir.

Partiyanın qurucularından olan Hacı Kəblağa 1998-ci ildə, partiya sədrinin müavini Hacı Vaqif Abdullayev isə 12 iyul 2012-ci ildə həbsxanada vəfat etmişdir.

Partiyanın sədri Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları, Qarabağ probleminin həlli, İslama və islamçılara təzyiq, hicab qadağası, İslamofobiya ilə bağlı hakimiyyətin siyasətini tənqid etmişdir. Bu hadisədən 5 gün sonra 7 yanvar 2011-ci ildə saxlanılıb və daha sonra 12 il azadlıqdan məhrum edilib. AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirmişdir.

Bu ərəfədə Azərbaycan Baş prokurorun birinci müavini Rüstəm Usubov İslam Partiyasını “saxta qurum” adlandırıb. Partiyanın 2007-ci ilə qədər sədri olmuş Hacı Hacıağa Nuriyev isə Usubova cavab verərəkən bildirib ki, "Biz saxta partiya deyilik. Qeydiyyatla bağlı müraciətimizə Ədliyyə Nazirliyi cavab vermir."

2019-cu il dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarda onun hüquqlarının pozulması tanınıb.

2013-cü ildə partiyanın gənc fəalları Rifah Vətəndaş Hərəkatını yaratmış və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşlar. Lakin 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində razılığa gələ bilməyən AİP və yeni yaradılmış Rifah Vətəndaş Hərəkatı arasında fikir ayrılığı yaranmışdır. Rifah VH Milli Şuranı və namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan etmişdir. Azərbaycan İslam Partiyası isə 2013-cü ildə Ədalət Partiyası və Azərbaycan Yaşıllar Partiyası tərəfindən yaradılmış "Vətən" Siyasi Blokuna qatılmış və blokun 2013-cü il prezident seçkilərində vahid namizədi İlyas İsmayılovu dəstəkləmişdir. Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.

2020-ci ildə AİP-in sədr əvəzi Hacı İlham Əliyev həbs edilib. 2021-ci il mayın 7-də Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev dövlətə xəyanət və yalançı sahibkarlıq ittihamları ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə Mehman Rzayevə 14 il həbs cəzası verilib. Hacı İlham Əliyev ittihamlarla razılaşmadığını bildirmişdir.

Rəhbərlik # Adı Vəzifəsi 1 Mövsüm Səmədov Sədr 2 Hacı İlham Əliyev Sədrin birinci müavini (sədr əvəzi) 3 Vüqar İbayev Sədr müavini (təşkilati məsələlər üzrə) 4 Akif Heydərli Sədr müavini (siyasi məsələlər üzrə)

Rəmzləri Partiyanın emblemi dairəvi formada ləfzi-cəlalə kəliməsi ("Allah" yazısı) həkk olunmuş dini nişandır. Bayraq isə həmin emblemin ağ parça üzərində həkk olunmuş formasıdır.

Partiya qərargahı Əvvəlki qərargahı Bakı şəhəri, Hidayətzadə küçəsi, ev 51 idi.

Partiyanın əsas-baş qərargahı 2013-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ev 18-də yerləşir.

Qeydlər

Mənbə AİP. "Keçmişdən gələcəyə" (siyasi düçüncələr, müsahibələr, xatirələr). Bakı — 2012. 188 səh. şəkilli

İstinadlar

Xarici keçidlər

Rəsmi Instagram səhifəsi Sabiq rəsmi Facebook səhifəsi

Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:Azərbaycanda islam Kateqoriya:Azərbaycandakı islamçı partiyalar Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1995-ci ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar