İbn əl-Xətib () və ya Lisanəddin ibn əl-Xətib (; ) — dövlət xadimi, ədib, təbib və tarixçi. İbn əl-Xətibin vəzirliyi dövründə həm dövlət xadimlərinə, həm də dostlarına ünvanladığı məktublar tarixi və ədəbi baxımdan əhəmiyyətli hesab olunur.

Həyatı

Mənşəyi Onun tam adı "Əbu Abdillah Zül-vizərəteyn Lisanəddin Məhəmməd ibn Abdillah ibn Səid əs-Salmani əl-Əndəlüsi"dir. 16 noyabr 1313-cü ildə Ləvşədə (indiki Loxa) anadan olmuşdur. Vəzirlik və ordu sərkərdəsi vəzifələrini yerinə yetirdiyi üçün ona "Zül-vizərəteyn" deyilmişdir. Qəhtanilərə mənsub olduğu üçün nisbəsi "İbn əl-Xətib əs-Salmani", ləqəbi isə "Lisanəddin"dir. Onun atası Abdullah dövrünün tanınmış alimlərindən idi və Nəsri hökmdarının vəziri İbn əl-Cəyyabın xidmətində Divanül-inşada işləmişdi.

Təhsili və fəaliyyəti İbn əl-Xətib atasının vəzifəsi ilə əlaqədar Qranadada yaşayırdı və burada Əbu Abdullah Məhəmməd ibn əl-Fəxxar, Əbül-Qasım ibn Cüzeyy, Məhəmməd ibn Məhəmməd əl-Məqqari, vəzir İbn əl-Cəyyab və Əbu Zəkəriyya Yəhya ibn Hüzeyl kimi alimlərin dərslərində iştirak edirdi. Atası və böyük qardaşı Tərif döyüşündə həlak olduqdan sonra İbn əl-Cəyyabın sirr katibi vəzifəsinə təyin olunmuşdu. İbn əl-Cəyyab 1349-cu ildə vəbadan öldükdə İbn əl-Xətib vəzirlik, Divanül-inşa rəhbərliyi və sirr katibliyi vəzifələrini öz üzərinə götürdü.

İbn əl-Xətib 1354-cü ildə taxta çıxan V Məhəmməd Qəni-Billahın hakimiyyəti dövründə də öz vəzifəsini qoruyub saxlaya bilmişdi. Həmin il Kastiliya Krallığına qarşı əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Mərini hökmdarı Əbu İnən əl-Məriniyə elçi kimi göndərilmişdi.

1359-cu ildə II Əbül-Vəlid İsmayıl hakimiyyəti ələ keçirmişdi. Hakimiyyətdən devrilən Qəni-Billah isə Vadi-Əş şəhərinə (indiki Quadix) qaçmağa məcbur olmuşdur. Bu zaman İbn əl-Xətib həbs edilmiş və əmlakı müsadirə olunmuşdu. Lakin bir müddət sonra Mərini sultanı Əbu Salim İbrahimin katibi İbn Mərzuq əl-Xətibin müdaxiləsi nəticəsində həbsdən azad edilmiş və Qəni-Billah ilə birlikdə Fəsə sığınmışdı.

Burada İbn Xəldunla dostluq münasibətləri qurmuş və Sələ (indiki Salé) şəhərində iki il yaşamışdı. Bu müddət ərzində isə əsərlər yazmaqla məşğul olmuşdu. 1362-ci ildə Qəni-Billah yenidən taxtı ələ keçirmiş, İbn əl-Xətib də Qranada sarayındakı vəzifəsinə qayıtmışdı. Bir müddət şeyxül-quzat Osman ibn Əbu Yəhya ilə mübarizə aparmalı olsa da, sonda onu zərərsizləşdirməyi bacarmışdı.

İbn əl-Xətibin nüfuzunun artması həm Qəni-Billahın, həm də onun tələbəsi və köməkçisi İbn Zümrəkin və eləc də baş qazı (qazılar qazısı) Əbül-Həsən Əli ən-Nübahinin ona qarşı düşmənçilik bəsləməsinə səbəb olmuşdu.

Qəni-Billahın qəzəbindən qorxan İbn əl-Xətib 1371-ci ildə Tlemsənə gedərək Mərini hökmdarı I Əbdüləzizə sığınmışdı. Bu hadisədən sonra vəzir İbn Zümrək və qazı ən-Nübahi onun kitablarındakı bəzi ifadələrə əsaslanaraq İbn əl-Xətibi zındıqlıqda ittiham etmiş və onun edamına dair fətva vermişlər. Bu hökm Qəni-Billah tərəfindən də təsdiqlənmiş və İbn əl-Xətibin geri qaytarılması tələb olunmuşdu. Lakin Mərinilər dövləti onu bir müddət də qorumağa davam etmişdi. Bu vəziyyət iki dövlət arasındakı münasibətlərin pisləşməsinə səbəb olmuşdu.

Ölümü 1374-cü ildə Qəni-Billahın tələbi və Mərini sarayının nüfuzlu şəxslərindən Süleyman ibn Davudun təhriki nəticəsində Mərini hökmdarı I Əhməd Əbül-Abbasın əmri ilə İbn əl-Xətib həbs edilmişdi. İbn Zümrəkin də daxil olduğu məhkəmə heyəti onun həbsdə saxlanılmasına qərar vermiş və bir müddət sonra da, İbn Zümrək və Süleyman ibn Davudun adamları tərəfindən öldürülmüşdü. İbn əl-Xətib Fəsdə, Babül-Məhruk yaxınlığında dəfn edilmişdi.

Tələbələri Onun müəllik etməsi haqqında məlumatlar olmasa da, tələbələri sırasında Əbu Abdullah ibn Zümrək, Əhməd ibn Fərkun, Əbu Abdullah əş-Şərişi, Əbu Bəkr ibn Cüzeyy əl-Kəlbi, Əbu Məhəmməd Ətiyyə ibn Yəhya, İbn əl-Mihnə və İbn Qunfuzun adı qeyd olunmuşdur.

Əsərləri İbn əl-Xətib "əl-İhətə fi əxbəri", "əl-İşarə ilə ədəbil-vizərə", "Ceyşüt-təvşih" və başqa əsərlərin müəlifidir.

İstinadlar Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:Ərəb filosoflar Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:XIV əsr tarixçiləri Kateqoriya:Avtobioqraflar Kateqoriya:Ərəb həkimlər Kateqoriya:Ərəb yazıçılar Kateqoriya:XIV əsr filosofları Kateqoriya:XIV əsr şairləri Kateqoriya:İslam tarixçiləri Kateqoriya:Qranada Kateqoriya:Qranada əmirliyi Kateqoriya:Orta əsr İslam dünyasının həkimləri Kateqoriya:Öldürülmüş siyasətçilər