Yaşıl külliyə () — Türkiyənin Bursa şəhərində 1420-ci ildə Osmanlı sultanı I Mehmed tərəfindən tikdirilən və yerləşdiyi səmtə adı verilən memarlıq kompleksi.

Yaşıl külliyə məscid, mədrəsə, imarət, Yaşıl türbə və karvansaralardan ibarətdir. Kompleksin tikililəri şəhərin mərkəzində, bir təpə üzərində; bir tərəfi dərə, iki tərəfi isə dərin uçurumla əhatə olunmuş ərazidə inşa edilib. Memarı Hacı İvaz Paşa olan kompleksin bəzək işləri və çiniləri isə Təbriz ustalarına məxsusdur. Külliyə adını kompleksin tikililərindəki çinilərin rəngindən alıb.

Kompleksin ən mühüm tikilisi Çələbi Mehmedin özü üçün inşa etdirdiyi türbədir. Qardaşları ilə yaşadığı taxt-tac mücadiləsində qalib gələn Çələbi Mehmedin bu türbəni, əzəmətli və parlaq əsərlərin tikilə biləcəyi bir dövrün başlandığını nümayiş etdirmək üçün inşa etdirdiyi düşünülür.

Külliyə 2014-cü ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş "Bursa və Cumalıkızık: Osmanlı imperiyasının doğuşu" Ümumdünya İrsi yerinin tərkib hissələrindən biridir. Arxa plan 1402-ci ildə Teymurilər dövləti ilə Osmanlı imperiyası arasında baş verən Ankara döyüşündə Osmanlı dövləti məğlubiyyətə uğradıqdan sonra Osmanlı tarixində "Fasili-Səltənət" (Səltənətlərarası dövr) və ya Fitrət dövrü kimi adlandırılan çətin bir dövrdən keçdi. Teymura əsir düşən Sultan İldırım Bəyazidin oğulları arasında illərlə davam edən taxt-tac çəkişmələri, bəyliklərin üsyanları və Şeyx Bədrəddin üsyanının baş verdiyi bu dövrün sonunda taxt mübarizəsini Çələbi Mehmed qazandı.

Beşinci Osmanlı padşahı olaraq taxta çıxan Çələbi Mehmed böyük çöküş dövrünün izlərini silmək, Fitrət dövrünün bitdiyini, görkəmli əsərlərin yaradıla biləcəyini başda Teymurilər dövləti olmaqla bütün dünyaya göstərmək üçün böyük tikinti-abadlıq işlərinə başladı. Taxta çıxışının ilkin göstəricisi olaraq Ədirnədəki Əski məscid və Mərzifondakı Çələbi Mehmed mədrəsəsinin tikilməsindən sonra Bursada böyük külliyə tikdirdi. Külliyənin tikintisində Səmərqənddə olmuş Təbrizli ustalar və sənətkarların əməyinə üstünlük verilib. Külliyədə çalışan Təbrizli ustaların dövrün digər tikililərində işlədiklərinə dair məlumat yoxdur. Yeri Məscid, türbə, mədrəsə, imarət və karvansaradan ibarət kompleksin inşası üçün yer olaraq Çələbi Mehmədin babası I Muradın şəhərin qərb hissəsindəki külliyəsi ilə atası İldırım Bəyazidin şəhərin şərq hissəsindəki külliyəsinin arasında — Uludağın ətəyində, yüksək təpə seçilmişdir. Çələbi Mehməd Osmanlı dövlətinin yenidən və daha qüdrətli şəkildə dirçəldiyini sübut etmək üçün bu əsərin hər yerdən görünə bilən bir ərazidə ucaldılmasını istəyib.

23082 m² sahəni əhatə edən külliyənin şərqi İmarət küçəsi, İncə Ardığı küçəsi və Uğurlu küçəsinə, cənubu Əmirsultan küçəsi və Yaşıl küçəsinə, qərbi isə Çələbi Mehmed bulvarı və Səlim küçəsinə açılır. Külliyənin adı Osmanlı sultanlarının öz gücünü əks etdirəcək və adını yaşadacaq külliyə inşa etmək ənənəsinə uyğun olaraq inşa edilmiş olan Yaşıl külliyə tarixi sənədlərdə "İmarəti-Sultan", "İmarəti-Sultan Çələbi xan" kimi adlarla xatırlanır. Lakin məscid və türbədə bolca istifadə olunan firuzəyi rəngli çini plitələr banisinin adını kölgədə qoyaraq, zamanla xalq arasında "Yaşıl" adlandırılan külliyənin ətrafında bu gün də eyni adı daşıyan məhəllənin salınmasına rəvac verib. Kitabələr Tikililərin üzərində külliyənın banisi, memarı, naxışları hazırlayan baş nakqaş, mehrab çinilərinin ustaları, hünkər məhfilindəki çinilərin ustası və taxta işləmələri görən ustanın adını qeyd edən altı ədəd kitabə vardır. Bu xüsusiyyəti ilə Yaşıl külliyə Osmanlı memarlığında təkdir.

Külliyanın mərkəzində yerləşən məscid kitabəsində banisinin Çələbi Sultan Mehmed olduğu qeyd edilir; baş qapının iki tərəfindəki kartuşlardan soldakının üzərindəki yazından binanın planının isə Hacı İvaz Paşanın etdiyi anlaşılır. Məscidin daxilindəki kiçik iki kitabədə "əməli-Mehmed əl-Məcnun" yazısı vardır. Sağdakı mehrab sütununun başlığında "əməli-üstadani-Təbriz" yazısı mövcuddur. Hünkər məhfilinin məscidə baxan tərəfinin yuxarı hissəsindəki ərəbcə kitabəsindən naxışları Nəqqaş Əlinin etdiyi öyrənilir. Tikililər Məscid

Külliyanın əsas tikilisi olan Yaşıl məscid, İlk Osmanlı dövrünə aid, memarı məlum olan azsaylı tikililərdən biridir. Məscid "Zəviyəli", "yanları qanadlı", "tabxanalı", "Bursa tipli" və ya "tərs T planlı" kimi müxtəlif şəkillərdə adlandırılan plan sxeminə malikdir. Giriş fasadı digər fasadlara nisbətən daha dəbdəbəli şəkildə mərmərlə örtülüdür. İçi çini və Nəqqaş Əli tərəfindən dizayn edilmiş naxışlarla bəzədilib. Çinilər və qızıl suyu ilə bəzədilmiş zəmini və bütün divarları Hünkər məhfili dövrünün yeganə nümunəsidir. İki minarənin tikilməsi nəzərdə tutulsa da, inşa edilmiş ilk minarə 1855-ci il Bursa zəlzələsində zərər gördüyündən sökülüb yenidən tikilib; ikinci minarə isə 1869-cu ildə əlavə olun olunub.

Türbə

Məscidin təxminən 55 metr cənubunda yerləşən Yaşıl türbə Çələbi Sultan Mehmed tərəfindən özü üçün inşa etdirilmişdir. Həmin dövrdə hakimiyyətə gələn sultanlar atasının türbəsini tikdirirdi; Çələbi Mehmedin isə külliyənin ən mühüm nöqtəsində özü üçün belə tikili inşa etdirir ki, bu da tikilini dövrün digər nümunələrindən fərqləndirirdi. Osmanlı sultanları tərəfindən tikdirilən külliyələr arasında məsciddən daha yüksək mövqedə olan və onunla yarışacaq ölçüdə yeganə türbədir. Adını firuzəyi rəngli mərmərlərdən alan Yaşıl türbə şəhərin simvollarından biridir. Bu əzəmətli tikili I Mehmedin həmin dövrdə həyatda olmayan Əmir Teymura dolaylı şəkildə meydan oxumaq istəyini əks etdirən bir əsər kimi qəbul edilir və 1405-ci ildə ölən Teymur üçün Səmərqənddə tikdirilmiş Gur-i Əmir adlı türbə ilə müqayisə edilir. Mədrəsə Məscidin 100 metr cənub-qərbində yerləşən Yaşıl mədrəsə türk-islam tarixinin ən mühüm təhsil müəssisələrindən biri hesab edilir. Mehmed Şah Fənari, Ələddin Tusi, Molla Yeqan, Molla Xosrov kimi məşhur alimlər bu müəssisədə müdərrislik (müəllimlik) etmişlər. 1419-ci ilə aid tikili tarixi qeydlərdə "Sultaniyyə" və "Bursa Sultaniyyəsi" kimi də xatırlanır. Məscid və türbə ilə müqayisədə olduqca sadə quruluşa malikdir. Bu gün mədrəsə binasında Türk İslam Əsərləri Muzeyi fəaliyyət göstərir.

İmarət Mədrəsədəki tələbələrə, külliyədəki xidmət göstərənlərə, qonaqlara, kənardan gələn yoxsul şəxslərə pulsuz yemək vermək məqsədilə məscidin cənub-şərqində tikilən binadır. Bu gün pulsuz yeməkxana kimi istifadə olunur.

Xanlar Arxiv sənədlərinə əsasən, Hacı İvaz Paşa tərəfindən məscidin qərb hissəsində, mədrəsənin yaxınlığında tikilmiş Yaşıl Xan günümüzə qədər gəlib çatmayıb. İpək Xan və Geyvə Xanı Yaşıl külliyənin tərkibindəki karvansaralardır (xanlardır).

Digər tikililər Fateh Sultan Mehmed dövründə "Sofu Bəddəddin", "Kösə", "Türbədar", "Kösə Əli Paşa" adları ilə tanınan bir şəxs tərəfindən Yaşıl mədrəsəyə gəlir gətirməsi məqsədilə Yaşıl türbənin qərbində bir hamam tikdirilmişdir. Soyunma otağının üzərində böyük bir qübbə, ortasında isə səkkizgüşəli mərmər hovuz vardır. Bu gün turistlərə yönəlik hədiyyəlik əşyaların satıldığı yer olaraq istifadə olunur.

Təmiri və çinilərin tarixi Külliyədə ilk təmir 1647-ci ildə Hassa memarı Əl-Hacı Mustafa Abidin tərəfindən, ikincisi isə 1769-cu ildə memar Əs-Seyyid Əl-Hacı Şərif Əfəndinin rəhbərliyi ilə gerçəkləşdirilib. Buradakı tikililərə 1855-ci il Bursa zəlzələsi zamanı zərər dəyib. Zəlzələdə ziyan çəkmiş monumental tikililərin bərpası üçün 1864–1867-ci illərdə Leon Parvillé adlı fransız mütəxəssis cəlb edilib. Zəlzələ vaxtı uçmuş minarə bərpa edilib; 1869-cu ildə məscidə ikinci minarə də inşa edilib.

Firuzə rəngli orijinal kaşıların böyük əksəriyyəti bərpa zamanı yeni kaşılarla əvəz olunub. Parvillenin 1865-ci ildə bərpa işləri davam edərkən ailəsini ziyarət bəhanəsi ilə Parisə getdiyi, başda Yaşıl türbə və Yaşıl məscid olmaqla bir çox monumental tikiliyə aid əsərlərdən ibarət kolleksiyasını da özü ilə apardığı araşdırılan sənədlərdən məlumdur. Vaxtilə Yaşıl türbədə olub-qalan kaşıların bəziləri Viktoriya və Albert Muzeyində və Los-Anceles Şəhər İncəsənət Muzeyində (ABŞ) üzə çıxmışdır. Bu gün çatışmayan kaşıların yerində eyni naxışların boya ilə çəkilmiş surətləri mövcuddur.

1907-ci ildə Yaşıl məscid və türbəsinin bərpası üçün Memar Asım bəy (Kömürcüoğlu) vəzifələndirildi. O, tikililərdə olan çini divar üzlüklərinin köhnəldiyi və zədələndiyi üçün Kütahyada yenidən istehsalını təmin etdi. Türbə 1941-1943-cü illərdə memar Macit Rüştü Kural tərəfindən yenidən quruldu; 1980-ci illərdə təmir edilən tikililər, 2006-2009-cu illərdə üç il davam edən bərpa işlərindən sonra ziyarətə açılıb. Külliyə tikililərindən olan Yaşıl məscidin ən son əhatəli restavrasiyası 2010-2014-cü illərdə memar Cem Bilginperkinin rəhbərliyi ilə Erdinç Gökçənin idarə etdiyi komanda tərəfindən həyata keçirilib.

İstinadlar

Kateqoriya:1420-ci illərdə tamamlanmış tikililər Kateqoriya:Türkiyədəki ümumdünya irsi