alt=Mədə turşusunun sekresiyasını müəyyən edən amillər|thumb|Mədə turşusunun sekresiyasını müəyyən edən amillər
Mədə turşusu — mədə şirəsinin turşu xassəli komponenti olan xlorid turşusudur. O, mədənin selikli qişasında yerləşən mədə vəzilərinin parietal hüceyrələri tərəfindən istehsal olunur. İnsanlarda mədə turşusunun pH göstəricisi 1–3 arasında dəyişir. Bu göstərici əksər digər heyvanlarla müqayisədə xeyli aşağıdır, lakin leşlə qidalanan və qida vasitəsilə orqanizmə daxil olan patogenlərdən qorunmağa ehtiyacı olan ətyeyən heyvanların mədə turşuluğuna çox yaxındır.
Yüksək turşuluğuna görə mədə turşusu orqanizmin patogenlərdən qorunmasında mühüm rol oynayır. O, həmçinin həzm fermentlərini aktivləşdirərək zülalların həzmində əsas rol oynayır. Bu fermentlər birlikdə amin turşularından ibarət uzun zəncirləri parçalayır. Mədə turşusunun sekresiyası əks-əlaqə mexanizmləri vasitəsilə tənzimlənir və ehtiyac yarandıqda, məsələn, qida qəbulundan sonra onun istehsalı artır. Mədənin digər hüceyrələri mayenin pH səviyyəsini tənzimləmək üçün bufer rolunu oynayan qələvi xassəli bikarbonat istehsal edir. Bu hüceyrələr, həmçinin mədə turşusunun mədə divarını zədələməsinin qarşısını alan özlü qoruyucu baryer — selik ifraz edir. Mədəaltı vəzi də böyük miqdarda bikarbonat istehsal edir və onu mədəaltı vəzi axacağı vasitəsilə onikibarmaq bağırsaqa ifraz edir. Bu bikarbonat həzm traktına keçən mədə turşusunu neytrallaşdırır.
Mədə turşusunun sekresiyası mürəkkəb və nisbətən yüksək enerji sərfi tələb edən prosesdir. Parietal hüceyrələrdə kanalikullar adlanan geniş sekretor kanallar şəbəkəsi mövcuddur. Xlorid turşusu bu kanallar vasitəsilə mədənin mənfəzinə ifraz olunur. Mədə turşusunun pH səviyyəsi proton nasosu olan H+/K+-ATFaza vasitəsilə saxlanılır. Bu proses zamanı parietal hüceyrələr bikarbonatı qan dövranına buraxır. Nəticədə qanın pH səviyyəsi müvəqqəti olaraq yüksəlir. Bu hadisə qələvi dalğası adlanır.
Mədə şirəsinin tərkibində mədə vəzilərinin digər hüceyrələri — mədənin əsas hüceyrələri tərəfindən istehsal olunan həzm fermentləri də mövcuddur. Mədənin əsas hüceyrələri qeyri-aktiv pepsinogen ifraz edir. Pepsinogen mədənin mənfəzinə daxil olduqdan sonra mədə turşusunun təsiri ilə aktivləşərək pepsinə çevrilir.
Sekresiya Yetkin insanın mədəsi gündə təxminən 1,5 litr mədə şirəsi ifraz edir. Mədə şirəsi mədə vəzilərinin ifrazatlarından ibarətdir. Onun tərkibinə əsas komponent olan xlorid turşusu (mədə turşusu), mədə lipazası və pepsinogen daxildir. Pepsinogen mədəyə daxil olduqdan sonra mədə turşusunun təsiri ilə həzm fermenti olan pepsinə çevrilir və beləliklə, mədə şirəsinin tərkibinə bu aktiv ferment də əlavə olunur. İnsanlarda mədə turşusunun pH göstəricisi 1–3 arasında dəyişir. Bu göstərici əksər digər heyvanlarla müqayisədə xeyli aşağıdır, lakin qida ilə orqanizmə daxil olan patogenlərdən əlavə qorunmaya ehtiyacı olan, leşlə qidalanan ətyeyən heyvanların mədə turşuluğuna çox yaxındır. Mədə turşusunun sekresiyası bir neçə mərhələdə baş verir. Xlorid və hidrogen ionları parietal hüceyrələrin sitoplazmasından ayrı-ayrılıqda ifraz olunur və kanalikullarda qarışır. Bu proses parietal hüceyrənin membranı boyunca −40ilə−70mV arasında dəyişən mənfi potensial fərqi yaradır. Nəticədə kalium ionları və az miqdarda natrium ionları sitoplazmadan parietal hüceyrələrin kanalikullarına diffuziya edir. Daha sonra mədə turşusu digər vəzi ifrazatları ilə birlikdə mədə çuxurcuğuna ifraz olunur və buradan mədənin mənfəzinə buraxılır.
Karboanhidraza fermenti karbon qazı ilə su arasında baş verən və karbonat turşusunun əmələ gəlməsi ilə nəticələnən reaksiyanı kataliz edir. Bu turşu dərhal hidrogen və bikarbonat ionlarına dissosiasiya olunur. Hidrogen ionları hüceyrəni H+/K+-ATFaza antiporter nasosları vasitəsilə tərk edir.
Eyni zamanda natrium ionları aktiv şəkildə geri sorulur. Bu o deməkdir ki, ifraz olunmuş K+ (kalium) və Na+ (natrium) ionlarının böyük hissəsi yenidən sitoplazmaya qayıdır. Kanalikullarda ifraz olunmuş hidrogen və xlorid ionları qarışır və oksintik vəzinin mənfəzinə ifraz olunur.
Mədə turşusunun mədədə çatdığı ən yüksək konsentrasiya kanalikullarda 160mM təşkil edir. Bu göstərici arteriya qanındakı hidrogen ionlarının konsentrasiyasından təxminən 3 milyon dəfə yüksəkdir, lakin digər bədən mayeləri ilə demək olar ki, tamamilə izotonikdir. İfraz olunan turşunun ən aşağı pH göstəricisi 0,8-dir, lakin mədənin mənfəzində turşu durulaşır və pH göstəricisi 1–3 arasında dəyişir.
Qida qəbulları arasında mədə turşusunun az miqdarda davamlı bazal sekresiyası baş verir. Bu sekresiyanın sürəti adətən saatda 10mEq-dən az olur.Page 192 in:
Mədə turşusunun sekresiyası qidanın həzmi üçün turşu ifrazının sürətini artıran üç mərhələdən ibarətdir:
Sefalik faza — mədə turşusunun ümumi sekresiyasının təxminən 30%-i qida qəbulunun gözlənilməsi, qidanın qoxusu və ya dadı ilə stimullaşdırılır. Bu siqnallar baş beynin ali mərkəzlərindən azan sinir (X kəllə-beyin siniri) vasitəsilə ötürülür. Nəticədə parietal hüceyrələr turşu, enteroxromaffinəbənzər hüceyrələr (ECL hüceyrələri) isə histamin ifraz etməyə stimullaşdırılır. Azan sinir (X kəllə-beyin siniri) həmçinin G hüceyrələrinə təsir göstərən qastrin azad edən peptid ifraz edir. Bundan əlavə, o, D hüceyrələrindən somatostatin ifrazını inhibə edir.Lecture, "Function of the Stomach and Small Intestine" Deakin University School of Medicine. October 15, 2012 Mədə fazası — qida qəbuluna cavab olaraq ifraz olunan ümumi mədə turşusunun təxminən 60%-i bu mərhələdə istehsal olunur. Turşu sekresiyası mədənin genişlənməsi və qidanın tərkibində olan amin turşuları vasitəsilə stimullaşdırılır. Bağırsaq fazası — mədə turşusunun qalan 10%-i ximus nazik bağırsağa daxil olduqda ifraz olunur. Bu proses nazik bağırsağın genişlənməsi və amin turşuları vasitəsilə stimullaşdırılır. Onikibarmaq bağırsağın hüceyrələri enterooksintin ifraz edir. Bu maddə qastrinə təsir göstərmədən birbaşa parietal hüceyrələrə təsir edir.
Sekresiyanın tənzimlənməsi
thumb|upright=1.2|Mədə sekresiyasının üç mərhələsi
Mədə turşusunun istehsalı həm avtonom sinir sistemi, həm də bir sıra hormonlar tərəfindən tənzimlənir. Parasimpatik sinir sistemi azan sinir vasitəsilə, qastrin hormonu isə hormonal mexanizmlərlə parietal hüceyrələri mədə turşusu istehsal etməyə stimullaşdırır. Bu təsir həm birbaşa parietal hüceyrələrə, həm də dolayı yolla enteroxromaffinəbənzər hüceyrələrdən (ECL hüceyrələri) histamin ifrazının stimullaşdırılması vasitəsilə həyata keçirilir. Vazoaktiv intestinal peptid, xolesistokinin və sekretin mədə turşusunun istehsalını inhibə edir.
Mədədə turşu istehsalı stimullaşdırıcı tənzimləyici amillər və mənfi əks-əlaqə mexanizmləri vasitəsilə ciddi şəkildə tənzimlənir. Bu prosesdə dörd növ hüceyrə iştirak edir: parietal hüceyrələr, G hüceyrələri, D hüceyrələri və enteroxromaffinəbənzər hüceyrələr. Bundan əlavə, azan sinirin (X kəllə-beyin siniri) sinir ucları və həzm traktının divarında yerləşən intramural sinir kələfi də sekresiyaya əhəmiyyətli dərəcədə təsir göstərir.
Mədədə yerləşən sinir ucları iki stimullaşdırıcı neyromediator ifraz edir: asetilxolin və qastrin azad edən peptid. Bu maddələr həm birbaşa parietal hüceyrələrə təsir göstərir, həm də G hüceyrələrindən qastrin və enteroxromaffinəbənzər hüceyrələrdən histamin ifrazını stimullaşdırmaqla dolayı təsir göstərir. Qastrin də parietal hüceyrələrə həm birbaşa, həm də histamin ifrazını stimullaşdırmaqla dolayı yolla təsir edir.
Histaminin ifrazı mədədə turşu sekresiyasının müsbət tənzimlənməsinin ən mühüm mexanizmidir. Onun ifrazı qastrin və asetilxolin tərəfindən stimullaşdırılır, somatostatin tərəfindən isə inhibə olunur.
Neytrallaşma Onikibarmaq bağırsaqda mədə turşusu natrium bikarbonat vasitəsilə neytrallaşdırılır. Bu proses, həmçinin turş pH mühitində optimal fəaliyyət göstərən mədə fermentlərinin aktivliyini dayandırır. Mədəaltı vəzidən bikarbonatın ifrazı sekretin tərəfindən stimullaşdırılır. Bu polipeptid hormon onikibarmaq bağırsaqda pH göstəricisi 4,5–5,0-dən aşağı düşdükdə onikibarmaq bağırsağın və ac bağırsaqın selikli qişasında yerləşən S hüceyrələrində aktivləşir və ifraz olunur. Neytrallaşma reaksiyası aşağıdakı tənliklə ifadə edilir:
HCl + NaHCO3 → NaCl + H2CO3
Karbonat turşusu bağırsağın epitel örtüyünə bağlı olan karboanhidraza fermentlərinin katalitik təsiri nəticəsində sürətlə karbon qazı və su ilə tarazlıq vəziyyətinə gəlir. Nəticədə neytrallaşma prosesi zamanı bağırsağın mənfəzində karbon qazı ayrılır. Onikibarmaq bağırsaq kimi sorulma funksiyasına malik nazik bağırsağın yuxarı şöbələrində həm həll olmuş karbon qazı, həm də karbonat turşusu qanla tarazlıq vəziyyətinə gəlməyə meyillidir. Bunun nəticəsində neytrallaşma zamanı əmələ gələn qazın böyük hissəsi ağciyərlər vasitəsilə xaric olunur.
Klinik əhəmiyyəti Qastroezofageal reflüks xəstəliyi (QERX) mədə turşusunun təkrar-təkrar qida borusuna geri qayıtması nəticəsində yaranan geniş yayılmış xəstəlikdir. Turşunun bu şəkildə geri qayıtması (reflüks) qıcqırma ilə müşayiət oluna və qida borusunun selikli qişasını qıcıqlandıra bilər. Əksər insanlar həyat tərzində dəyişikliklər etməklə və dərman preparatlarından, xüsusilə proton nasosu inhibitorlarından və H2-reseptor blokatorlarından istifadə etməklə qastroezofageal reflüks xəstəliyinin yaratdığı narahatlığı nəzarətdə saxlaya bilirlər. Mədə turşusunu neytrallaşdırmaq üçün antasid preparatlardan da istifadə oluna bilər. Bəzi hallarda simptomları yüngülləşdirmək üçün cərrahi müdaxilə tələb oluna bilər.
Mədənin selikli qişasının xroniki iltihabı atrofik qastritin inkişafına səbəb ola bilər. Bu vəziyyət mədə turşusunun sekresiyasının azalması və bunun nəticəsində həzm prosesinin pozulması ilə müşayiət olunur.
Hipoxlorhidriya və axlorhidriya zamanı mədə turşusunun miqdarı müvafiq olaraq azalır və ya tamamilə olmur. Bu hallar qida ilə orqanizmə daxil olan Vibrio və ya Helicobacter cinslərinə aid bakteriyalar kimi patogenlərə qarşı qorunmanın zəifləməsinə səbəb ola bilər.
Zollinger–Ellison sindromu zamanı qastrinin səviyyəsi yüksəlir. Bu, mədə turşusunun həddindən artıq istehsalına səbəb olur və nəticədə mədə xorası yarana bilər.
Hiperkalsemiya da qastrinin səviyyəsini və mədə turşusunun sekresiyasını artırır və xora əmələ gəlməsinə səbəb ola bilər.
Həddindən artıq qusma ilə müşayiət olunan xəstəliklər zamanı hipoxloremik metabolik alkaloz inkişaf edə bilər. Bu vəziyyət H+ ionlarının və xlorun itirilməsi nəticəsində qanın turşuluğunun azalması ilə xarakterizə olunur.
Tarixi Mədə turşusunun həzm prosesindəki rolu 1820–1830-cu illərdə Uilyam Bomont tərəfindən Aleksis Sent-Martin üzərində aparılan müşahidələr nəticəsində müəyyən edilmişdir. Aleksis Sent-Martinin keçirdiyi bədbəxt hadisə nəticəsində onun mədəsində fistula (dəlik) əmələ gəlmişdi. Bu fistula Bomonta həzm prosesini birbaşa müşahidə etmək və mədə turşusundan nümunələr götürmək imkanı vermişdir. Aparılan müşahidələr mədə turşusunun həzm prosesində mühüm rol oynadığını təsdiqləmişdir.
İstinadlar