200px|thumb|right|Koroğlu dastanının Latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrinin üz qabığıKoroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir.
Haqqında Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Həsən paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunu da qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur. Koroğlunun həyat yoldaşı Nigar xanımdır. Koroğlu Nigar xanımı Türkiyənin İstanbul şəhərindən qaçıraraq evlənmişdir. Koroğlu ilə Nigar xanımın oğlu Eyvazdır. Lakin Eyvaz onların əsl oğlu deyil. Dastanın tədqiqatçı alimlərin fikrincə ilk əlyazma nüsxəsi hesab edilən Paris nüsxəsində isə Eyvazın ümumiyyətlə Nigar xanım qaçırılmadan daha öncə qaçırıldığı qeyd edilir və həmin hadisələrin cərəyan etdiyi bu nüsxənin üçüncü məclisində Koroğlunun Eyvaza olan münasibəti ata və oğuldan daha çox romantik çalarlarda öz əksini tapmışdır. Bu arada tədqiqatçılar Koroğlunun tarixi şəxsiyyət olduğunu bildirirlər. Koroğlu Osmanlı imperiyasına qarşı mübarizə aparan Cəlalilər hərəkatının fəal üzvlərindən biri olmuşdur.
Nüsxələri
Paris nüsxəsi Tanınmış polyak şərqşünası, şair və dilmancı Aleksandr Xodzko İranın Cənubi Azərbaycan ərazisindən Avropaya apardığı "Koroğlu" dastanının əlyazmasını Hacı Mirzə İsgəndərin təşəbbüsü ilə ingilis dilinə çevirib Londonda dərc etdirməklə (1842) eposun tarixində iz qoymuşdur. Dastanın söyləyicisi Aşıq Sadıq adı ilə tanınan Sadıq bəy olmuşdur. Dastanı Mirzə Əbdülvahab qələmə almış, Mirzə İsgəndərin nökər və qulluqçuları — Mirzə Mehdi Gilani, Həzrətqulu bəy və Yaqub bəy isə bu işə şahidlik etmişlər. Qələmə alınma tarixi: çərşənbə günü, rəbiüləvvəl ayının 15-i, hicri-qəməri 1250-ci il. Əlyazmanın müəllifindən soraq verən son qeyd isə belədir: "Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbüli Dircuy toplamışdır. Mətn düzgündür, lakin türki rəsmül-xəttində bir neçə səhv gedibdir. Ulu Mirzə İsgəndər bunu qeyd etsə də, onları düzəltməyə fürsət olmadı."
Xodzko dastanın 13 qolunu toplayıb nəşr etdirir. Bu nüsxədə bəzi çatışmayan xüsusiyyətlər var․ Burada Koroğlu obrazı qaçaq quldur adlandırılır․ A. Xodzkoya görə əsasən Şimali İran və Xəzərətrafı torpaqlarda yayılan bu poetik söz sənət abidəsi həmin bölgənin sakinlərinə məxsusdur. Bu nüsxəni Mahmud bəy Dünbuli Dircuy toplamışdır.
Bu nəsr 1843-cü ildə O. Volfun tərcüməsində alman oxucularına da çatdırılmışdır. Yenə həmin ildə Jorj Sand "Koroğlunun sərgüzəşt və improvizasiyaları"nı A. Xodzkonun nəsrindən tərcümə edərək "Müstəqil icmal" jurnalında, 1853-cü ildə isə oğlu Moris Sandın illustrasiyaları ilə ayrıca kitab şəklində çap etdirilməsi eposun Avropada daha geniş vüsət almasına təkan vermişdir. London nəşrinin S. S. Penninin tərcüməsi ilə rus dilindəki çapı (Tiflis, 1856) isə eposu daha böyük oxucu auditoriyasına çıxarmışdır.Koroğlu dastanı (Paris nüsxəsi) . Bakı: "Şərq-Qərb", 2005.
Bilinən üç nüsxədən biri olan Paris nüsxəsi ilk dəfə 1997-ci ildə Azərbaycanda "Ozan" nəşriyyatı tərəfindən nəşr edilmiş və ölkə ictimaiyyəti tərəfindən sərt tənqidə məruz qalmışdı. Dastanın bu nüsxəsində olan homoseksualizm, təhqir, sadomazoxizm motivlərinin yer alması tənqidlərin əsas səbəbi idi. 1997-ci ildən sonra 2005-ci ildə Paris nüsxəsi "Şərq-Qərb" nəşriyyatı tərəfindən təkrar nəşr edildi. Bu nəşrdə qismi-senzura aparılmışdır (qeyri-etik hesab edilən sözlər tam şəkildə yazılmayıb).
Tiflis nüsxəsi 1967-ci ildə gürcü L. G. Çlaidze Tiflisdəki Əlyazmalar İnstitutunda "Koroğlu" dastanının unikal nüsxəsini tapır. Tiflis nüsxəsində su işarələri var — bu da əlyazmanın 1856-cı ildə yazılıdığına işarə edir. Mətnin quruluşu, stili və dilin özəllikləri isə 80–100 il əvvəl yazıldığını və 1856-cı ildə günümüzə gəlib çatmayan əlyazmadan köçürüldüyünü sübut edir.
Təbriz nüsxəsindən fərqli olaraq, burada Koroğlu Bolu bəyə qarşı deyil, Səfəvi şahı I Şah Abbasa qarşı savaşır. Osmanlı canişini Bolu bəyə gəlincə, o, Koroğlunun dostu kimi təsvir olunur. Ən əsası isə bu nüsxədə Koroğlunun əslən türk cəlali tayfasından olduğu bildirilir.Фарид АЛЕКПЕРЛИ, д. и. н. Легенды о Кероглу. "Зеркало", 07.12.201
Versiyaları
Türkmən versiyası "Koroğlu" dastanının türkmən versiyası "Goroğlu" () adlanır. "Goroğlu" dastanı yalnız keçmişin qəhrəmanlıq hadisələrini deyil, həm də xalqın ədalət uğrunda mübarizəsinin və kollektiv yaddaşının ifadəsidir. "Goroğlu"nun yaranması ilə bağlı əsasən iki fikir mövcuddur:
Dastanın XVI–XVII əsrlərdə baş verən xalq hərəkatları ilə bağlı yaranması; Dastanın daha qədim dövrlərdə meydana gəlməsi və sonralar bəzi hadisələrin söyləyicilər tərəfindən əlavə edilməsi.
"Koroğlu" dastanının müxtəlif versiya və variantlarını qarşılaşdıran məşhur folklorşünas–alim B. A. Karrıyev (1914–1981) Moskvada 1983-cü ildə həm türkmən, həm də rus dilində nəşr edilmiş "Goroğlu"nun "Ön söz"ündə yazır: "Bir çox xalqların və nəsillərin əsəri olan "Goroğlu" biri digərindən süjet, bədii yaradıcılıq vasitələri, o cümlədən hadisələrin təsviri və özünəməxsus xüsusiyyətlərilə fərqlənir. Cənubi Azərbaycan versiyasında o birilərdən fərqli olaraq, tarixi elementlər daha çoxdur. O cəlalilər (XVI əsr), həmçinin XVI–XVII əsrdəki digər xalq hərəkatı hadisələrini əks etdirir".Qöroqlı(1983), Türkmen qaxrımançılıq eposı, Moskva:7 B. Karrıyev türkmən versiyasına Güney Azərbaycanda yaranan "Koroğlu"nun ciddi təsiri olduğunu qeyd edir.Qöroqlı(1983), Türkmen qaxrımançılıq eposı, Moskva Türkmən versiyasının tədqiqatçılarından Babış Mametyazov "Goroğlu"da Xızır, İmam Əli, pərilər və mifik personajların iştirakını nəzərdə tutaraq, onun daha qədim dövrlərdə yarandığını, sonradan Qaraqoyunlu, Ağqoyunlu dövlətləri dönəmilə bağlı bəzi əlavələr olunduğunu qeyd etməkdədir.Mämmetyazov, Babış (1982). Göroglı Eposınıñ Döreyşi Hakkında Türkmən eposunda Rövşən məzarda dünyaya gəlir, ona görə Goroğlu adlanır. Annaguh Nurmuhammet "Dünyada və türkmənlərdə "Goroğlu" adlı tədqiqatında qəhrəmanın adı ilə bağlı yazır: "Qəhrəmanın adı Goroğludur. Yəni "məzarın oğlu"dur. Bu ad ona sonradan verilmiş və ya süni yaradılmış ad deyildir. Bu dastanın öz mənasından qaynaqlanmaqdadır. Belə ki, xalq dastan yaradıldığı zamanda onun ər olmasını, qəhrəman olmasını, igid olmasını istəmişdir və belə bir qəhrəman arzulamışdır. O da ancaq onların qaranlıq dünyasını aydınlatmaq arzusu ilə bağlıdır."Nurmuhammet, Annaguh (1996). Türkmenlerde ve dünyada Göroglu, 149 Türkmən "Goroğlu"sunda mifoloji qüvvələr (İmam Əli, qırxlar, pərilər və s.) daha çox iştirak edir. Goroğlu çətinə düşəndə hər zaman Hz. Əli ona yardım edir.
Türkmən "Goroğlu"su qollarının sayına görə ən böyük versiyalardan biri hesab edilir, təbii ki, söyləyicilər onların hamısını əzbər bilmirlər. Xüsusən nəzərə alınsa ki, söyləyicilərin əksəriyyəti ancaq iti yaddaşlarına güvənirlər, auditoriyanın tərkibinə, vaxt məhdudiyyətinə və dinləyicilərin marağına uyğun müəyyən qolları ifa edirlər. Ayrıca, xatırladaq ki, baxşılıq qabiliyyəti belə ailələrdə nəsilbənəsil ötürülür. Hətta "Göroğlu"nun mətninin ən böyük variantının Pelvan baxşının dilindən toplandığını qeyd edən B. Karrıyev onun ata-babalarının da bu sənətin sahibi olduqlarını bildirmişdir. Pəlvan baxşının babası "Ata baxşı və ya Xoca baxşı dastan söyləyicisi məktəbinin banisi – dastançı olmuşdur. Ata baxşının atası isə Ata Nəzər baxşı, Ata Nəzər baxşının atası isə Qoç baxşı olmuşdur. Qoç baxşı həm də "Goroğlu" eposunun qoruyucusu və yayanlardan biri olnuşdur".Qöroqlı(1983), Türkmen qaxrımançılıq eposı, s.10 Tədqiqatçıların verdiyi məlumatlardan Pəlvan baxşıdan toplanan mətnin tam olmadığını, təxminən onun "Göroğlu"nun qırxa qədər qolunu, bundan başqa "Huyrlukqa və Həmra", "Sayatla Həmra" dastanlarını əzbər söylədiyini müəyyənləşdirmək mümkündür. Xatırladaq ki, "Huyrlukqa və Həmra", "Sayatla Həmra" dastanlarını professor Almaz Həsənqızı orijinaldan tərcümə edərək, Azərbaycanda "Türkmən məhəbbət dastanları" adı ilə 2022-ci ilə nəşr etdirmişdir.Türkmən məhəbbət dastanları, 2022
"Goroğlu" nəşr edilməmişdən xeyli əvvəllər türkmən baxşıları tərəfindən ölkənin bütün ərazisində, həmçinin Özbəkistanda ifa edilən əsas dastanlardan biri olmuşdur. Hələ 1863-cü ildə məşhur macar şərqşünası Armin Vamberi (1832–1913) Mərkəzi Asiyaya səyahət edərkən Türkmənistan səfərində gördüklərini özünün "Bir saxta dərvişin Orta Asiya gəzisi" əsərində belə təsvir edir: "Xüsusən qış vaxtlarında onlar (türkmənlər) gözəl nağıllar və hadisələr dinləməyi sevirlər. Onlar baxşıların ikisimli alət – dütarla "Goroğlu" və ya Amin molla, ya da Məhtimqulunun şeirlərini dinləyəndə çox sevinirlər.. O, (baxşı) əvvəlcə sakitcə tellərə vuraraq davam edirdi, amma döyüş qızışdıqca həm oxuyanın, həm də dinləyənlərin həyəcanı daha artırdı, gənc köçərilər papaqlarını yerə atıb dəlilər kimi saçlarını yolurdular, sanki özlərilə döyüşürdülər."Vambery, Arminius. Bir sahte dervişin Orta Asya gezisi Türkmən "Goroğlu"su XIX əsrdən başlanaraq hissələr şəklində toplanmağa başlanmışdır. 1941-ci ildə Ata Govşudov 13Görogly: Türkmen halk eposy / A. Gowşut, M. Kösäyewiň red. bilen, 1958-ci ildə Nagim Aşurov 14Görogly / Tertibe salan N. Aşyrow. – Aşgabat: Türkmenistan, 1980-ci ildə yenə Ata Gövşudov 15 qol həcmində dastanı nəşr etdirmişdir.Görogly. Türkmen halk eposy / çapa taýýarl. A. Gowşudow, M. Kösäýew; red. D. Haldurdy Nəhayət, 2012-ci ildə Amanmurat Baymuradov dastanı 14 qol həcmində nəşr etdirmiş, ona geniş bir "Son söz" də yazmışdır.Görogly(2012). çapa taýýarl. A. Gowşudov
Koroğlu kimdir?
300px|thumb|right|Koroğlu və Həcər (rəssam: Tağı Tağıyev) Eposun meydana gəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B. A. Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, Eliyas Muşeq, Arakel Təbrizi, Övliya Çələbi, İvan Şopen, A. Xodzko, S. S. Penn, İ. Petruşevski, H. Samuelyanın və başqalarının Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi sitatlar sonralar dərslikləri bəzəmişdir.
"Doğrudan da, XVII yüzildə böyük şöhrət qazanmış Koroğlu adlı şəxs yaşamışdır. Azərbaycan və türkmən variantlarında göstərilir ki, Koroğlu tuk (daha dəqiq desək, təkə) tayfasından çıxmış türkmən idi və onun atası sultan Murada xidmət etmişdi". H. Samuelyanın bu qənaətlərinin Arakel Təbrizinin və Eliyas Muşeqin (XVIII əsr) şahidliyinə əsasən irəli sürüldüyünü bildirən alimə görə, bunlar eposun meydanagəlmə səbəblərini və yerini müəyyənləşdirən yeganə mənbələrdir. Arakel Təbrizi İran şahı I Abbasın hakimiyyəti dövründəki hadisələrdən bəhs açmış və baş verən üsyana başçılıq edən şəxslərdən birinin adının Koroğlu olduğunu bildirmişdir. Qəribədir ki, o, indi aşıqların oxuduğu mahnıların çoxunun da Koroğlu tərəfindən qoşulduğunu vurğulayırdı. Arakel Təbrizi söyləyirdi ki, üsyankarlar özlərini "cəlalilər" (ərəb sözü "cəlal" – məşhur, şöhrətli, ölən yaradan deməkdir) adlandırırdılar. Onlar şaha və tərəfdarlarına qarşı amansızcasına vuruşurdular. O yazırdı: "Cəlalilər monarxa bütünlüklə tabe olmurdular; onların heç yerdə daimi yaşayış məskənləri yox idi, qabaqlarına nə çıxırdı, hamısını dağıdırdılar, haralara onlar haqqında heç bir məlumat çatmamışdı, tez oralara üz tutur, soyğunçuluğa başlayır, qənimətlər toplayır və yerdə qalan hər şeyi oda atırdılar".