Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir.
Tarixi 1993-cü ildə Ermənistan ordusu hücuma keçərək Cəbrayıl rayonunun bütün ərazisini ələ keçirib və kənd tamamilə dağıdılıb. 4 ay sonra Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistan ordusu kənddən çıxmağa məcbur olaraq kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutub. Atəşkəsdən sonrakı dövr ərzində kənd cəbhə zonasına çox yaxın yerləşdiyi üçün əhali ora qayıda bilməyib 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Toponimikası Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.Гаджиев Г. И. Восстановление древних морфем в тюркских языках // Этимологические и историко-морфологические исследования тюркских языков. — Б., 1987. — С. 7.
Əhalisi Birinci Qarabağ müharibəsindən əvvəl kənddə 1075 nəfər – 283 ailə yaşayıb.
Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, 2018-ci il üçün 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub.
İnfrastruktur Kənddə bir ümumi təhsil məktəbi, tibb və polis məntəqəsi, kitabxana, poçt və Şuşa məscidinin bənzəri olan kənd məscidi fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
10 fevral 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədilə 4,3 milyon (dörd milyon üç yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Baş Mil kanalı üzərində nasos stansiyasının tikintisi məqsədilə vəsait ayrılmışdır.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və üzümçülük təşkil edib. Kənddə dəyirman fəaliyyət göstərib.
İstinadlar
Xarici keçidlər Cocuqmərcanlı kəndinin yeganə sakini evini tərk etmək fikrində deyil
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri