Əkbərov Akif Abbas oğlu () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Akif Əkbərov 2 fevral 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib. 1970-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunur. O, 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olur. Polis Baş Çavuşu Akif Əkbərov həmin bölmədə Yol-Patrul Xidməti müfəttişi vəzifəsində işləyirdi.

Birinci Qarabağ müharibəsi 1991-ci ilin 5 avqust tarixində Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun "Sarı yer" yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.

12 avqust tarixində ermənilər Cermuq şəhəri tərəfdən "Sarı yer" yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir və Akif Əkbərov qəhrəmancasına həlak olur.

Milli Qəhrəman Akif Əkbərov Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Beyləqan rayonunda dəfn edilmişdir.

Xatirəsi Akif Əkbərovun Beyləqan rayonunda büstü qoyulmuşdur. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.

Ailəsi Ailəli idi. 5 övladı yadigar qalıb.

Həmçinin bax Birinci Qarabağ müharibəsi

İstinadlar

Ədəbiyyat siyahısı Əkbərov Akif Abbas oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H. M. Həmidova.- Bakı, 2008.- S.53. Əsgərov, V. Əkbərov Akif Abbas oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.73. Seyidzadə, M. Əkbərov Akif Abbas oğlu /M. Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.50

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Kəlbəcər rayonunda vəfat edənlər