Ləmpə xalçaları və ya Lampa xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça.

Ümumi məlumat Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Ləmpə xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Ləmpə xalçaları" dəst (komplekt) şəkildə : iki yan və bir ortalıq xalçası kimi toxunurdu.

Bədii analiz Həm strukturuna, həm də kompozisiyasına görə "Ləmpə" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Ləmpə" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Ləmpə" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır. Şuşa xalçaçıları bu elementi "çəllək" adlandırır. Orta sahənin gölə yaxın olan boş qalmış aralıqları tutuquşu təsviri ilə doldurulur. "Ləmpə" üçün xarakterik olan bu element orta sahəni çox gözəl bəzəyir. Bundan əlavə, orta sahənin başında və sonunda (künclərdə) geniş kənarlı ləçəklər yerləşdirilir ki, bu da orta sahəni bəzəyir. 100X600 ölçülü uzunsov xalçalarda kənar haşiyə nazik olur. Bu prinsipə uzunsov formalı "Ləmpə" xalçalarında da riayət olunur. Beləliklə, belə nəticəyə gəlmək olar ki, XIX əsrin xalçaçılığının məhsulu olan "Ləmpə" xalçaları Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlmişdir. "Ləmpə" xalçalarının namazlıq formasında olanlarına da rast gəlmək mümkündürQarabağ xalçaları .

Texniki xüsusiyyətləri "Ləmpə xalçaları", bir qayda olaraq, uzunsov formada toxunurdu. Başqa ölçülərdə toxunmuş "Ləmpə xalçaları"nada rast gəlmək mümkündür.

"Ləmpə xalçaları"nın ölçüləri 100X500 sm-dən 150X700 sm-ə qədər ölçülər arasında dəyişir.

"Ləmpə xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 35X35 ilmədən (düyündən) 40X40 ilməyə (düyün) qədər yerləşir. Bir kvadrat metrdə isə 122 min ilmədən 160 min ilməyə təsadüf edilir.

"Ləmpə xalçaları"nda xovun hündürlüyü 7–9 mm-dir.

"Ləmpə xalçaları" Qarabağ xalçaçılıq məktəbinin yüksək kateqoriyalı xalçalarından sayılır.

İstinadlar

Kateqoriya:Azərbaycan xalçaları Kateqoriya:Qarabağ xalçaçılıq məktəbi