İrəvan xanlığı (; , Xānāt-e Iravān; , Yerevani xanutyun) — Azərbaycan xanlıqlarından biri, Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış və 1747–1828-ci illərdə mövcud olmuş tarixi feodal dövlət. İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxeti çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.
İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturdu.
Məhəmməd xandan sonra hakimiyyətə Hüseynqulu xan Qacar gəldi. Onun hakimiyyəti dövründə İrəvan Rusiya imperiyasının dağıdıcı yürüşlərinə məruz qaldı. Hüseynqulu xanın hakimiyyəti dövrü İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı dövrdür. İrəvandakı Göy məscid və Sərdərabad mahalındakı eyniadlı qala Hüseynqulu xanın əmri ilə tikilmişdir.
1827-ci il oktyabrın 6-da İrəvan xanlığı Rusiya İmperiyası tərəfindən işğal edilir və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmlənir. Bu müqavilənin 15-ci bəndinə əsasən Qacarlar və Osmanlı imperiyası ərazisində yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür.
Erkən dövr alt=|thumb|339x339px|Nadir şah
Mirmehdi xan
Nadir şahın 1747-ci ilin iyulun 19-dan 20-ə keçən gecə sui-qəsd nəticəsində öldürülməsi ilə Azərbaycanda güclü qarışıqlıq yarandı, hər tərəfdə taxt-taca iddialar irəli sürülməyə başladı. Bu mübarizədə müvvəqqəti olaraq Nadir şahın qardaşı oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyətə gətirildi. Lakin yeni şah müstəqil xanlıqların yaranmasının qarşısını ala bilmədi. Müstəqil olmağa çalışan Azərbaycan xanları taxt-tac iddiaçılarına qarşı mübarizə şəraitində öz kiçik feodal dövlətlərini yaradırdılar.
Təbriz hakimi Əmiraslan xan İrəvanda mərkəzi hakimiyyətə qarşı qalxmış üsyanı yatırtmaq üçün əfşar sərkərdələrindən olan Mirmehdi xanı qoşunla İrəvana göndərdi. Lakin Mirmehdi xan irəvanlılarla razılığa gələrək onlarla birləşdi və üsyana rəhbərlik etməyə başladı. Mirmehdi xan Muğan xanı Həsənəli xan ilə birləşərək çoxaylı ordu ilə Əmiraslan xana qarşı çıxdı. Birləşmiş qoşunlar Urmiya şəhərinə hücum edərək xanın burada yerləşən bütün xəzinəsini ələ keçirdilər və onu öz aralarında bölüşdürdülər. Bu hadisədən çox keçməmiş, Adil şahı taxtdan salaraq hakimiyyətə gələn İbrahim Mirzə Əmiraslan xanı məğlub edərək öldürdü. Beləliklə 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil İrəvan xanlığının əsasını Mirmehdi xan Əfşar qoydu.
Mirmehdi xan öz xanlığının ərazisini genişləndirmək siyasəti yeridirdi. O, bu məqsədlə 1748-ci ildə Urmiya xanlığına hücum etdi. Urmiya hakimi Fətəli xan Əfşar məğlub olaraq öz xanlığının müəyyən ərazilərini Mehdi xana güzəştə getməyə məcbur oldu.
Lakin 1749-cu ilin yayında İrəvan xanlığının özü digər Azərbaycan xanlığının – Qarabağ xanlığının hücumuna məruz qaldı. Qarabağlı Pənahəli xan 4 minlik qoşunla İrəvan xanlığının sərhədlərini keçərək Üçkilsə ətrafındakı torpaqlara yürüş etdi. İrəvan xanlığında azlıq təşkil edən gəlmə ermənilər bu hadisələrdən öz mövqelərini möhkəməndirmək üçün istifadə etdilər. Onlar guya "özlərini müsəlmanlardan qorumaq" məqsədilə, Kaxeti çarı II İrakliyə yardım üçün müraciət etdilər. II İrakli qoşun toplayaraq Pənahəli xana qarşı göndərdi. Döyüşdə ağır məğlubiyyətə uğrayan Pənahəli xan geri çəkildi.
Mirmehdi xan Kaxeti sarayı ilə gizli əlaqə saxlayan erməniləri cəzalandırmaq haqqında qərar vermişdi. Onun bu tədbiri Kaxeti sarayının narazılığına gətirib çıxardı. İrəvanın daxili işlərinə qarışmağa bəhanə axtaran çar Teymuraz ermənilərin müraciətindən istifadə edərək, 1749-cu ilin sentyabrında 25 minlik qoşunla İrəvana yürüş etdi. Müqavimət göstərmək iqtidarında olmayan Mirmehdi xan ermənilərə cəzalandırmağı dayandırdı və Teymurazla sülh bağladı. Noyabrın 22-də çar qoşunları xanlığı tərk edərək geri qayıtdılar.
Mirmehdi xanın hakimiyyətinin zəifləməsindən istifadə edən Fətəli xan Əfşar Azad xanın başçılığı ilə 30 min nəfər qoşunu 1751-ci ildə İrəvana göndərdi. Bu qoşunların ön dəstəsi İrəvan qalasını mühasirəyə aldı. Gürcü çarı İrəvanı qorumaq adıyla şəhərə doğru hərəkət etdi. İlk döyüşdə II İraklinin qoşunları qalib gəlsələr də, ikinci döyüşdə məğlub edildilər. Beləliklə Mirmehdi xan hakimiyyətdən salınaraq öldürüldü və yerinə Xəlil xan Özbək 1752-ci ildə İrəvana hakim təyin edildi.
Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların da güclü hücumuna məruz qalmışdı. 1754–1755-ci illərdə Avar xanı Nusal xanın başçılığı altında Dağıstan qoşunları Kartli-Kaxeti ərazisinə yürüş təşkil edərək, oradan İrəvan xanlığı ərazisinə hücum etdilər. Bu hücum zamanı Göyçə, Dərəçiçək, Qırxbulaq və Abaran mahallarının kəndlərinə böyük ziyan dəymişdi.
Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfuzunu xalq arasında xeyli aşağı salmışdı. 1755-ci ildə xalq arasında böyük nüfuza malik Həsənəli xan Qacarın başçılığı ilə üsyan qalxdı. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırıldı və onun yerinə Həsənəli xan Qacar hakimiyyəti ələ keçirdi.
Hüseynəli xan
thumb|257x257px|left|Hüseynəli xana məxsus "Məlayir" adlı Təbriz xalçası, Azərbaycan Tarix Muzeyi. Həsənəli xan çox az müddətdə hakimiyyətdə olmuşdu. Xanlıq taxtında əyləşərkən kor olmuşdu. Vaxtilə Nadir şah tərəfindən onun gözləri çıxartdırılmışdı. Dörd ilə qədər hakimiyyətdə olan Həsənəli xan 1759-cu ilin əvvəllərində vəfat etdi. Onun vəfatından sonra qardaşı Hüseynəli xan İrəvanda hakimiyyətə gəldi.
Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın dövründə olmuşdu. 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana növbəti yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çata bildilər. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxeti qoşunları qəflətən onlara hücum edərək məğlub etdilər. Bu hadisə Kartli-Kaxeti çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirdi.
Kərim xan Zənd Fətəli xan Əfşara qalib gəldikdən sonra Azad xanı təqib etməyə başladı. Təqibdən yayınan Azad xan Qazax sultanlığına qaçdı. Burada mövqe tutan Azad xan II İraklidən kömək almaq niyyətində idi. Lakin o, 1760-cı ildə II İrakli tərəfindən ələ keçirilərək Kərim xan Zəndə təhvil verildi. Bu xidmət müqabilində Kərim xan Zənd bir müddət Kartli-Kaxetinın İrəvan xanlığından təzminat almasına göz yumdu.
Lakin hakimiyyətini möhkəmləndirdikdən sonra Hüseynəli xan bac verməkdən imtina etdi. Bu da 1765-ci ildə II İraklinin böyük qoşunla İrəvana hücumuna səbəb oldu. Qüvvələrinin azlığı səbəbindən Hüseynəli xan yenidən sülh təklifinə razı oldu və bac verməyi qəbul etdi. II İrakli qoşunlarını İrəvandan çəkdikdən sonra Hüseynəli xan yenidən bac verməkdən imtina etdi. 1769-cu ildə II İrakli yenidən İrəvana hücuma keçsə də, məğlub olub geri çəkildi. Beləliklə II İraklinin İrəvan xanlığına hərbi yürüşləri heç bir nəticə vermədi. O, xanlığı özündən asılı hala sala bilmədi.
1779-cu ildə Kərim xan Zəndin ölümü Azərbaycanda ara müharibələrinin daha da kəskinləşməsinə səbəb oldu. Yaranmış əlverişli şəraitdən istifadə edən II İrakli Hüseynəli xandan yenidən bac tələb etdi. Hüseynəli xan isə buna rədd cavabı verdi. II İrakli 1779-cu ilin sentyabrında 20 minlik qoşunla yenidən İrəvan xanlığına yürüş etdi. Hüseynəli xan Osmanlı imperiyasının və müttəfiqləri olan Qarabağ və Xoy xanlıqlarının dəstəyinə arxalanaraq Gürcüstana köçürülmüş ailələrin geri qaytarılmasını tələb etdi. Axalsıxlı Süleyman paşanın vasitəçiliyi ilə Hüseynəli xanla II İrakli arasında sülh danışıqlarına başlandı.
1781-ci ilin noyabrında İrəvan xanlığı ilə Kartli-Kaxeti çarlığı arasında sülh müqaviləsi bağlandı. II İrakli ildə 30 min tümən almaqla Gürcüstana əsir olaraq aparılmış dinc əhalini geri qaytarmağa razılıq verdi. Bu sülh müqaviləsi İrəvan xanlığını həm də Rusiya ilə də yaxınlaşdırdı. Bu isə Osmanlıları narahat edirdi.
1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəstələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən, hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi. Hüseynəli xanın ölümü xanlıqda vəziyyəti kəskinləşdirdi. II İrakli fürsətdən istifadə edərək öz qaynı Baqrationu qoşunla İrəvana göndərdi. Lakin İrəvana yaxınlaşan Baqration artıq Hüseynəli xanın böyük oğlu Qulaməli xanın taxta çıxdığını eşidərək hücumu davam etdirməyib geri döndü.
Qulaməli xan
Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli var. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdi. Lakin üsyan mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı.
Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya arasında mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövləti ilə daha da yaxınlaşdı. Xanın cavan və təcrübəsiz olmasını nəzərə alan bəzi Osmanlı paşaları II İraklinin İrəvanı ələ keçirəcəyindən narahat olaraq onunla sıx əlaqə saxlayırdılar. Atasının ölümü ilə əlaqədar olaraq başsağlığına gəlmiş Ahalsıq, Ərzurum, Qars və Bəyazid paşalıqlarının nümayəndələri fürsətdən istifadə edərək Qulaməli xanla danışıqlar aparırdılar.
Qulaməli xan Çıldır valisi Salman paşaya yazdığı məktubda osmanlılarla həmrəy olduğunu bildirərək, Azərbaycanda baş verən hadisələr barədə ona qiymətli məlumat göndərmişdi. Məktublardan görünür ki, Osmanlı sultanı Qulaməli xanı öz tərəfinə çəkmək üçün onu bəylərbəyi vəzifəsi ilə təltif etmiş, eyni zamanda Osmanlı paşalarına zəruri vaxtlarda ona hərtərəfli yardım göstərmələri haqqında əmr vermişdi. Osmanlılarla əlaqələrin yaxınlaşması səbəbindən Qulaməli xan II İrakli ilə bağlanmış müqavilənin şərtlərinə əməl etmirdi.
Qulaməli xan 1784-cü ilin yayında sui-qəsd nəticəsində qətlə yetirildi. Qars mühafizi Mustafa paşanın məlumatına görə, "yaranmış real təhlükə qarşısında İrəvan xanının Osmanlı dövləti ilə yaxınlaşması nəticəsində bölgədəki ruslar və onların müttəfiqi olan gürcü çarının hiylələri nəticəsində Qulaməli xan qətlə yetirildi".
Məhəmməd xan
Sui-qəsddən dərhal sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı qardaşı Məhəmməd xanı hökmdar seçdilər. Məhəmməd xan İrəvan taxtında ən uzun müddət oturan hakimlərdən biri olmuşdur. O, azyaşlı olduğuna görə, hakimiyyətinin ilk illərində anasından, ona sadiq olan nüfuzlu əyanlardan asılı qalmış, Kartli-Kaxeti çarlığına təzminat vermək məcburiyyətində qalmışdı.
Məhəmməd xan ilk gündən ona müxalif olan qüvvələrin təzyiqi ilə üzləşdi. Qulaməli xanın ölümündən sonra İrəvan əhalisi iki dəstəyə bölünmüşdü. Birinci dəstə Məhəmməd xanın tərəfdarları idi. Bu dəstəni xoylu Əhməd xan dəstəkləyirdi. İkinci-müxalif qüvvənin başında isə makulu Əhməd Sultan dururdu. Əhməd Sultan İrəvan taxt-tacını ələ keçirmək üçün çoxdan fürsət axtarırdı. II İrakli isə Mirzə Gürgenə tapşırmışdı ki, Əhməd Sultana bildirsin ki, çar onun İrəvan xanlığının hakimi olmasına kömək edəcəkdir.
250px|thumb|right|İrəvan qalasının planı. Rəssam V. Potto (1827)