Skeptisizm — sadəcə inanc və ya doqma kimi qəbul edilən bilik iddialarına qarşı sorğulayıcı münasibət və ya şübhə. Məsələn, əgər bir şəxs hökumətinin davam edən müharibə ilə bağlı iddialarına skeptik yanaşırsa, həmin şəxs bu iddiaların doğru olduğuna şübhə edir. Belə hallarda skeptiklər adətən inamsızlığı deyil, hökmü dayandırmağı tövsiyə edirlər, yəni iddianı nə təsdiq edən, nə də inkar edən neytral mövqeyi qorumağı. Bu münasibət çox vaxt mövcud sübutların iddianı dəstəkləmək üçün kifayət etmədiyi təəssüratından qaynaqlanır. Formal olaraq skeptisizm fəlsəfədə, xüsusilə epistemologiyada maraq doğuran bir mövzudur.

Daha qeyri-rəsmi mənada skeptisizm sorğulama və ya şübhə ifadəsi kimi siyasət, din və ya psevdoelm kimi istənilən mövzuya tətbiq oluna bilər. O, tez-tez məhdud sahələr daxilində tətbiq edilir, məsələn əxlaq (əxlaqi skeptisizm), ateizm (Tanrının mövcudluğu ilə bağlı skeptisizm) və ya fövqəltəbii anlayışlar. Bəzi nəzəriyyəçilər mövqeyi qəbul etməzdən əvvəl güclü sübut axtaran "yaxşı" və ya mötədil skeptisizmi, hökmü qeyri-müəyyən müddətə dayandırmaq istəyən "pis" və ya radikal skeptisizmdən fərqləndirirlər.

Fəlsəfi skeptisizm skeptisizmin bir formasıdır. O, sağlam düşüncə baxımından aydın görünən bilik iddialarını rədd edir. Fəlsəfi skeptisizmin radikal formaları "biliyin və ya rasional inancın mümkün olduğunu" inkar edir və fərdlərin bir çox və ya bütün mübahisəli məsələlər barədə hökm verməyi dayandırmasını təklif edir. Daha mötədil formalar isə yalnız heç nəyin tam əminliklə bilinməyəcəyini və ya Tanrının mövcud olub-olmaması, insanların azad iradəyə sahib olub-olmaması və ya axirətin mövcudluğu kimi qeyri-empirik məsələlər haqqında çox az və ya heç nə bilə bilməyəcəyimizi iddia edir. Qədim fəlsəfədə skeptisizm daxili sakitliklə əlaqələndirilən bir həyat tərzi kimi başa düşülürdü.

Skeptisizm elm və fəlsəfədə bir çox mühüm inkişaflara səbəb olmuşdur. O, həmçinin bir sıra müasir ictimai hərəkatlara ilham vermişdir. Dini skeptisizm ölümsüzlük, ilahi iradə və vəhy kimi əsas dini prinsiplərlə bağlı şübhəni müdafiə edir.] Elmi skeptisizm isə inancların etibarlılığını yoxlamağı, onları elmi metoddan istifadə etməklə sistemli araşdırmaya məruz qoyaraq empirik sübutlar aşkar etməyi müdafiə edir.

Antik skeptisizm Şübhəçilik Ellinizm və Roma dövrünün ən çox yayılmış fəlsəfi məktəblərindən biri idi. Onun ardıcılları obyektiv həqiqətin dərk olunmasının mümkünlüyünü şübhə altına alırdılarСофисты // Философия: Энциклопедический словарь / Под ред. А. А. Ивина. М.: Гардарики. 2004.. Skeptiklər hesab edirdilər ki, iki iddia yetərincə dəlillərlə əsaslandırılırsa, onda onlardan hansısa birinə üstünlük verərək onu qəbul etmək olmaz. Bu fikir də onların təliminin əsasını təşkil edirdi. İfrat şübhəçilik aqnostisizmə və nihilizmə (cəmiyyətdə qəbul edilmiş hər bir dəyərin inkar edilməsidir) yaxınlaşır, hətta onu onların bir növü kimi dəyərləndirmək də mümkündür.

Skeptisizm fəlsəfəsi ellinizm dövründə quldarlıq quruluşunun böhranı sonrası yaranmışdır. Onun iki böyük qolu olmuşdur. Onlardan biri m. ö. IV – III yüzilliklərdə Yunanıstanda Pirron, başqası isə miladi II yüzillikdə Roma imperiyasında Sekstus Empirikus tərəfindən yaradılmışdır. Skeptisizmin ideoloji əsasları daha da qədim təlimlərə əsaslanır. Məsələn, hələ ilk yunan məktəblərinin nümayəndələri hər şeyin nisbi, keçici və axıcı olduğunu iddia edirdilər. Bu kimi ideyalar sofistlərin, eleaçıların, eləcə də Platon və Demokritin fəlsəfəsində öz əksini tapmışdır. Ancaq, o zaman bu ideyalar tam formalaşmamış, təlim kimi yalnız ellinizm dövründə yaranmış və "skeptisizm" adlandırılmışdırLong, A. A., 2006, From Epicurus to Epictetus : Studies in Hellenistic and Roman Philosophy, Oxford: Oxford University Press, pp. 5–6..

Antik skeptisizmin ən tanınmış nümayəndələri aşağıdakılardır: Pirron Enesidemus Aqrippa Sekstus Emprikus

Orta əsrlər fəlsəfəsi və müasir fəlsəfədə skeptisizm XVI–XVII əsrlərdə antik skeptiklərin əsərlərinə marağın artması ilə birlikdə skeptisizm yenidən meydana gəlmiş, inkişaf etdirilmiş ("yeni pirronizm) və Avropada aqnostisizmin yaranması ilə nəticələnmiş. Həmin dövrdə istənilən sahədəki ehkamçılığın tənqid edilməsi ilə bağlı olan skeptisizm azad düşüncənin simvolu çevrilmişdir..

Əsas nümayəndəli: F. Sançez M. Monden P. Beyl D. Yum

Skeptisizmin tənqidi Skeptiklər hesab edirlər ki, bilik əminlik tələb edir. Lakin bunu necə müəyyən etmək olar? Teodor Şik və Luiz Von bu haqda yazırlar: "Əgər skeptiklər hesab edirlərsə ki, bilik əminlik tələb edir, bu zaman onlar bunun nə olduğunu bilə bilməzlər." Bu isə öz növbəsində "bilik əminlik tələb edir" ifadəsinin doğruluğunu şübhə altına salır. Məntiq qaydalarına uyğun olaraq, bu ifadəyə əsaslansaq, bütövlüklə skeptisizmi şübhə altına almaq mümkündür. Buna baxmayaq reallıq yalnız məntiqdən (həllolunmaz paradokslarla dolu və yuxarıda sadalanan fikirləri alt-üst edə bilən) ibarət deyil. Bu səbəbdən belə təndiqlərə ehtiyatla yanaşmaq tələb olunur(məsələn, mütləq skeptik olmur. Ona görə də skeptiklərin açıq-aşkar olanlara şübhəli ilə yanaşacağını gözləmək vacib deyil). Bundan başqa formal məntiqin skeptisizmə tətbiq edilməsi, özü-özlüyündə skeptisizmi inkar etmir, əksinə onun həqiqi və ya saxta olması ilə bağlı sualları cavabsız qoyur. Skeptisizmin və relyativizmin təndiqçiləri Yumun "radikal Skeptisizmini" məntiqi cəhətdən iknar olunmaz hesab edirlər.

Mənbə ("Antik skeptisizm" bölümü)

Ədəbiyyat Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 122–123. Wilson, Richard (2009-01-01). Don't Get Fooled Again: A Sceptic's Handbook. Icon. ISBN 9781848310520. Popkin, St Louis University (Emeritus) Professor of Philosophy Richard H. (2003-02-21). The History of Scepticism : From Savonarola to Bayle. Oxford University Press, USA. ISBN 9780198026716. Bury, Robert Gregg (1933-01-01). Sextus Empiricus: Outlines of Pyrrhonism. Harvard University Press. ISBN 9780674993013. Empiricus, Sextus; Annas, Julia; Barnes, Jonathan (2000-07-20). Sextus Empiricus: Outlines of Scepticism. Cambridge University Press. ISBN 9780521778091. Burnyeat, Myles (1983-01-01). The Skeptical Tradition. University of California Press. ISBN 9780520037472. В. П. Лега. Секст Эмпирик: Скептицизм как образ жизни // Mathesis. Из истории античной науки и философии. М., 1991, с. 210–219.

İstinadlar

Xarici keçidlər Septisizm, Erişim tarihi: 5 Haziran 2016. Klein, Peter. "Skepticism". Stanford Encyclopedia of Philosophy. Журнал "Скепсис"

Kateqoriya:Fəlsəfi cərəyanlar Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Epistemoloji nəzəriyyələr Kateqoriya:Fəlsəfi metodologiya Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Empirizm Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi