thumb|Şanxay, Çinin maliyyə mərkəzi

Çin iqtisadiyyatı 80-ci illərin sonunda Çin kollektiv cəmiyyət tipli bir çox digər dövlətlərin üzləşdiyi eyni problemlə üz-üzə qaldı. Qərb təkidlə bu dövlətlərə individual cəmiyyətə məxsus "demokratik" inkişaf yolu təklif edirdi. Bəzi postsovet dövlətləri bu təklifi qəbul etdilər və tarixən formalaşmış cəmiyyət tipini dəyişdilər. Çin isə Tyananmen meydanında bu yolun tərəfdarlarının qarşısını qətiyyətlə aldı və bu qüdrətli ölkədə xalq hakimiyyətini qoruyub saxladı. Bu tarixi əsasa söykənərək Çin dünya iqtisadi təcrübəsini fəal surətdə öyrənməyə və öz spesifikliyini nəzərə almaqla mütərəqqi texnologiyaları tətbiq etməyə başladı. Bununla belə, Çin, əksər keçmiş Sovet İttifaqı ölkələrində olduğu kimi ideologiyanın, iqtisadi və siyasi strukturun əsaslarını məhv etmədi. Nəticədə islahatlar dövründə Çində adambaşına düşən ÜDM 180-dən 1100 ABŞ dollarına qədər, yəni 6 dəfədən çox artdı. Yoxsulluq həddində olan insanların sayı 250 mln.-dan 25 mln.-dək (1,3 mlrd. əhaliyə nisbətdə) 10 dəfə azaldı, yəni 25%-dən 2%ə düşdü. Çin öz müəssisələrini özəlləşmə və azad bazarla dağıtmadı. Dövlət bazarı düzgün tənzimləmə yolunu tutdu və əmtəə istehsalını fəal surətdə artırdı. İstehsal olunan əmtəə və xidmətin həcminə görə Çin artıq dünyada 6-cı yerə, ÜDM inkişaf tempinə görə isə (ildə 10 %) birinci yerə çıxıb. Bu gün Çini "dünya emalatxanası" adlandırırlar. Onun məhsulları ilə ABŞ, Kanada, Avropanın olduğu kimi Azərbaycanın da mağazaları doludur. Kommunist Çin sərmayə qoyuluşunun cəlb edilməsinə görə dünyada birinci yerə çıxıb. Təkcə 2004-cü ildə oraya 60 mlrd. ABŞ dollarından çox pul qoyulub. Qızıl valyuta ehtiyatlarına görə Çin dünyada ikinci yerə çıxıb.

Ölkənin sosial-iqtisadi inkişaf perspektivlərini, eləcə də Çinin dünyada iqtisadi nüfuzunun güclənməsini təmin edən mühüm xarici faktorlardan biri də 2001-ci ilin noyabrında ÇXR-in ÜTT-yə daxil olmasıdır, bu da öz növbəsində xarici partnyorların Çinə məhsul idxalındakı gömrük maneələri və məhdudiyyətlərinin tədricən aradan qaldırılmasına gətirib çıxarır. Bununla belə, ÇXR-in ÜTT-na üzv olandan sonrakı dövrü göstərdi ki, ölkənin ÜTT-yə daxil olmasının əsas nəticəsi xarici ticarət həcminin – 2001-ci il üçün 510 mlrd. ABŞ dollarından, 2003-cü il üçün 851 mlrd. ABŞ dollarına qədər güclü artımıdır. Bu göstəriciyə görə Çin yalnız ABŞ, AB və Yaponiyadan sonra dünyada 4-cü yeri tutmuşdur. Burada əlavə etmək lazımdır ki, birbaşa xarici investisiyaların həcmi 2001-ci ildə 46,9 mlrd. ABŞ dollarından 2005-ci ildə 60 mlrd. ABŞ dollarınadək, ölkənin valyuta ehtiyatlarının həcmi 2001-ci ildə 212,2 mlrd. dollardan 2005-ci ildə 710 mlrd. dollaradək ardıcıl artmışdır. Hazırda Çin təkcə dünya iqtisadiyyatına daha sıx inteqrasiyanı həyata keçirmir, o, eyni zamanda, ÜTT-yə üzvlüyün ilk illərindən başlayaraq açıq dünya ticarət sisteminə daxil olması nəticəsində, ölkə iqtisadiyyatının inkişafı üçün mühüm irəliləyişlər əldə etməyə nail olur.

ÜTT-yə üzvlükdən iki il sonra – 2002–2003-cü illərin ÇXR iqtisadi inkişaf nəticələri göstərir ki, əvvəllər rəqabətə qabiliyyətsiz hesab edilən, məsələn, avtomobil sənayesi kimi bəzi sahələr daha yüksək artım templəri ilə inkişaf etməyə başladı. Misal üçün, ÇXR daxili bazarında avtomaşın satışının artım tempi 2002–2004-cü illərədə əvvəlki illərə müqayisədə 50%-ə çatmışdır. Çin hökuməti xaricdə satış bazarının genişləndirilməsi üçün bütün addımları atır. Axır onillikdə və xüsusən ÜTT-yə qoşulduqdan sonra o, bunu daha fəal surətdə etməkdədir. ÇXR xalq təsərrüfatının ÜDM-in illik 7,5% artımını nəzərdə tutan inkişaf planlarının yerinə yetiriləcəyi halda istehsal edilən məhsulun realizasiyası üçün həddən artıq tutumlu Çin bazarından əlavə, xüsusən sahilboyu rayonlarda, eksportun artırılması imkanları genişlənir. Çin bu yolda qətiyyətlə gedir. Çin bazar elemntlərinə malik bir ölkədir. Çinin bütün bank sistemi dövlətə aiddir, bütün iri korporasiyalara dövlət nəzarət edir. Qiymətlər yalnız əyalətlərin 1/3-də azaddır, qalan hallarda o, dövlət nəzarətindədir. Çin bütün sərhədlərində gömrük rüsumlarını azaltmışdır, lakin ölkə daxilində məhdudiyyətlər tətbiq etmişdir. Yəni kağız üzərində Çində liberalizmdir, əslində isə dövlət tərəfindən iqtisadiyyata məharətli və sərt nəzarət mövcuddur. ÜTT-nin köməyi ilə xarici dünyanı üzünə açan Çin ÜTT-nin tələblərini yerinə yetirməyə tələsmir və iqtisadiyyatının aqrar sektorunu maliyyələşdirməkdə davam edir.

Çin rəhbərliyi vətəndaşlarının daha varlı yaşaması probleminin qayğısına qalır, o, sahibkarlıq fəaliyyətinin inkişafı üçün şərait yaradır və sahibkarlara aşağı faizlə kreditlər verir. Əksər keçmiş Sovet İttifaqı ölkələrindən fərqli olaraq ÇXR-in qızıl ehtiyatları Çində saxlanılır.

İnvestisiyanın ölkəyə cəlb olunması üçün Çində bütün şərait yaradılmışdır.

Çin iqtisadiyyatı – bütün dünyadan sərmayə qoyuluşu cəlb edən özünəməxsus bir möcüzədir. Xarici kompaniyaların Çin iqtisadiyyatına sərmayəsi rekord sürətli templərlə artmaqdadır. Dünyanın Çin iqtisadiyyatına nəzərə çarpan və ardıcıl artan marağı son iyirmi beş ildə davam etməkdədir. XX əsrin 70-ci illərinin ortalarında bunu təsəvvür etmək belə mümkün deyildi. Hal-hazırda isə bir çox əlamətlərə görə, bu ölkənin yaxın perspektivdə artan xətt üzrə inkişaf edəcəyi aydın görünür. Çin Yaponiya və Cənubi Koreya təcrübəsini təkrarlamaq imkanına malikdir.

Den Syaopin tərəfindən 1978-ci ildə iqtisadi sistemdə başlanılan və eyni zamanda dövlətin siyasi açıqlığını da həyata keçirən islahatlar artıq 2000-ci ilə qədər çox böyük müsbət nəticələrə gətirib çıxarıtdı. Qısa zaman ərzində ümumdaxili məhsul (ÜDM) 4 dəfə artmış, bu da yüz milyonlarla insanın yoxsulluqdan çıxmasına imkan vermişdir. 2005-ci ildə isə alıcılıq qabiliyyəti paritetinə görə Çin dünyanın ikinci ölkəsi olmuşdur, hərçənd ki, əhalinin adambaşına düşən gəlirlərinə görə o, çox kasıb qalmaqdadır. Çində iqtisadi islahatlar bu gün də davam etməkdədir. ÇKP-nın XVI qurultayının sənədlərində qeyd olunduğu kimi Çin "üç addım" proqramının birinci və ikinci mərhələsinin tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlmişdir, bu da xalqı "isitmək və doydurmaq" vəzifəsini həll etməyə və əhalinin yaşayış səviyyəsini yüksəltməyi təmin etməyə imkan vermişdir. Proqramın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir səviyyəyə çıxmaq məqsədi daşıyan üçüncü mərhələsinin həyata keçirilməsinə başlanmışdır. Bu mərhələni müəyyən ardıcıllıqla reallaşdırmaq planlaşdırılır. Məsələn, 2020-ci ilə qədər ÜDM-u 2000-ci ilə müqayisədə 4 dəfə artırmaq nəzərdə tutulur. Başqa sözlə, rəsmi valyuta kursuna görə ÜDM 4 trln. ABŞ dollarından artıq təşkil etməlidir. Bu öz növbəsində ölkənin ümumi qüdrətini və beynəlxalq rəqabət qabiliyyətini xeyli gücləndirəcək və sənayeləşməni həyata keçirməyə, mükəmməl və azad bazar iqtisadiyyatı sistemi yaratmağa, şəhər əhalisinin xüsusi çəkisinin artmasına, sənaye və kənd təsərrüfatı, şəhər və kəndlər, ayrı-ayrı regionlar arasında fərqin dərinləşmə tendensiyasını aradan qaldırmağa, sosial təminat sistemini təkmilləşdirməyə, əhalinin gəlirlərini artırmağa və xalqın rifah halını qaldırmağa kömək edəcəkdir. 2050-ci ilə qədər Çində aşağıdakı strateji əqsədlərə nail olunmalıdır: — sosial-iqtisadi inkişafın kamilliyə çatması üçün hərtərəfli sosialist modernizasiyanı təmin etmək; — beynəlxalq arenada ölkənin statusunu əhəmiyyətli dərəcədə artırmaq və dövləti ümumi qüdrətinə görə dünyada birinci yerə çıxarmaq; — ölkənin, əhalinin adambaşına düşən ÜDM-un həcminə görə orta səviyyəli dövlətlərlə bir sıraya çıxmasını təmin etmək; — xalq üçün varlı, xoşbəxt həyat yaratmaq; — ölkəni yüksək maddi, hüquqi və mənəvi sivilizasiya səviyyəsi olan qüdrətli dövlətə çevirmək. Ölkənin inkişaf proqramına müvafiq olaraq ÇXR –də ÜDM-un orta illik artım tempi 2010-cu ilə qədər 7,5%, 2020-ci ilə qədər 6,5%, 2030-cu ilə qədər 5,5%, 2040-cı ilə qədər 4,5% və 2050-ci ilə qədər 3,5% təşkil etməlidir.

Son illər ÇXR-də iqtisadi siyasətin işlənib hazırlanmasında ümumi tələbin dəyişməsinə daha çox diqqət ayrılır, bu da ölkənin sosial-iqtisadi inkişaf tendensiyalarının formalaşmasının əsas faktoru olmuşdur. Bu cür yanaşma nəticəsində ÜDM-in orta illik inkişaf tempi 1979-cu ildən 2005-ci ilə kimi müqayisəli qiymətlərdə ildə 9,5%, 2000–2005-ci illərdəki son beş ildə isə — 8,0% təşkil etmişdir, bu da dünya iqtisadiyyatınln orta illik inkişaf templərindən xeyli yüksəkdir – 3,8%.

Beləliklə, Birləşmiş Ştatların ÜDM-in indiki artım tempi – 3,24% saxlanarsa və Çində 2050-ci ilə qədər nəzərdə tutulan ÜDM-in artım templəri yerinə yetirilərsə, XXI əsrin ortalarına Çin ÜDM-in həcminə görə ABŞ ötmək iqtidarında olacaq.

İqtisadi rayonların xarakteristikası 1978-ci ildən Çin hökuməti iqtisadi sistemi dəyişdirməkdə, və eyni zamanda ölkənin açıqlığı siyasətini planlı və ardıcıl həyata keçiməkdədir.

1980-ci ildən başlayaraq Çində 5 xüsusi iqtisadi rayon: Şençjen, Çjuxay, Şantou (Quandun əyaləti), Syamen (Futszyan əyaləti) və Xaynan (bütün Xaynan əyalətini əhatə edir) yaradılmışdır. 1984-cü ildə Çin hökuməti ölkənin xarici aləmə açılışı üçün daha yeni bir addım atdı: 14 şəhər – Dalyan, Tsinxuandao, Tyantszin, Yantay, Tsindao, Lyanyunqan, Nantun, Şanxay, Ninbo, Vençjou, Quançjou, Fuçjou, Çjantszyan və Beyxay açıq dənizkənarı şəhər statusu aldı.

1985-ci ildən Yantszı və Çjutszyanın deltalarında, Futszyan əyalətini cənubundakı iqtisadi üçbucaqda, Şandun və Lyaodun yarımadalarında, Xebey əyalətində və Quansi-Çjuan muxtar rayonunda açıq iqtisadi zonalar yaradılmağa başlandı. Nəticədə ölkənin dənizboyu ərazilərində açıq iqtisadi zolaq formalaşdı. 1992-ci ildən başlayaraq Dövlət Şurasının sanksiyası ilə bir sıra sahilboyu şəhərlər, həmçinin daxili əyalətlərin və muxtar vilayətlərin inzibati mərkəzləri xarici dünya üçün açıq zona statusu aldılar.

Ölkənin iri və orta şəhərlərində 15 rüsumsuz sona, 32 texniki-iqtisadi istismar zonası və 52 dövlət əhəmiyyətli yeni və yüksək texnologiyaların mənimsənilməsi zonası yaradılmışdır. Beləliklə, dənizkənarı bazada, Yantszının hövzəsində, ölkənin sərhədyanı və daxili rayonlarında Çinin xarici aləmə çoxpilləli və hərtərəfli açıqlığının strukturu əmələ gəlmişdir. Xarici dünya üçün açıq olan bütün bu rayonlar xarici bazara meyllənən iqtisadiyyatın inkişafı gedişində, valyuta gəlirlərinin artmasında, müasir xarici texnika və texnologiyaların idxalında "pəncərə" və vasitəçi rolunu oynayır. 5 xüsusi iqtisadi rayon xarici aləmə istiqamətlənən zonadır. Bu rayonlar, əsasən, ixrac məhsulları istehsal edən emal sənayesini inkişaf etdirir, həmçinin elmi tədqiqatları, istehsalatı və ticarəti bütöv kompleksdə birləşdirir. Onun ərazisində spesifik iqtisadi siyasət həyata keçirilir və iqtisadi idarəetmənin xüsusi sistemi tətbiq edilir. Xüsusi İqtisadi Rayonlar (XİR) Çinin xarici ticarətinin inkişafı üçün xarici sərmayənin cəlb edilməsində və beynəlxalq bazarların mənimsənilməsində böyük təcrübə yığmışdılar. Son illər XİR yenilik axtarışında, sənaye potensialının artırılmasında, xarici əlaqələrin genişləndirilməsində və digər sahələrdə öndə gedir, bununla da bütün ölkə üçün nümunə rolunu oynayır. 1998-ci iləd Şençjen bankların xarici kapitalın iştirakı ilə əməli qaydada jenminbi (Çinin pul vahidi) ilə əməliyyatlar apara biləcəyi ikinci eksperimental şəhər elan olundu. Avropa və Amerikanın transmilli korporasiyaları bir-birinin ardınca burada kapital qoyuluşu barədə danışıqlar aparır, bu da Şençjen XİR-ə yeni impuls verir.