Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (əvəllər Dövlət Məşğulluq Xidməti, hazırda DMA olaraq da tanınır. Əhali arasında iş mərkəzi, məşğulluq mərkəzi kimi tanınır.) — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur. Qurumun Mərkəzi Aparatı Bakı şəhərində yerləşir.

Agentliyin Mərkəzi Aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti , eləcə də Agentliyin fəaliyyətini təmin edən tədris mərkəzləri və s. onun vahid sistemini təşkil edir.

Agentlik ölkə üzrə 13 Regional Məşğulluq filialı ilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində işləmək hüququ olan şəxslərin xidmətindədir. Agentliyin müəyyən olunmuş 23 fəaliyyət istiqaməti əsasında müraciətçilərə 16 fərqli xidmət göstərilir. Xidmətdən yararlanmaq istəyənlər Agentliyin filiallarına, DOST mərkəzlərinə, eləcə də, onlayn formada Agentliyin rəsmi saytı vasitəsilə müvafiq sahə üzrə müraciət edə bilərlər.

Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

Dövlət Məşğulluq Xidməti 2018-ci ilin avqustunda respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün “Aqri Kon” MMC və “Bis Co” MMC ilə müqavilələr bağlayıb. Konsorsiumun aparıcı təşkilatı olan “Aqri Kon” MMC ilə bağlanan bu müqavilənin 19 milyon 225 min 246 manatlıq dəyəri olub.

2019-cu ilin avqustunda da Dövlət Məşğulluq Xidmətinin özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi “Aqri Kon” MMC olub. Dövlət Məşğulluq Xidməti və “Aqri Kon” MMC arasında artıq müqavilə bağlanıb. Müqaviləyə əsasən, DMX “Aqri Kon” MMC-nin hesabına 27 milyon 698 min 780 manat köçürəcək.

7 may 2021-ci ildə Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “Aqri Kon” və “Agro Best” QSC konsorsiumudur. Qalib konsorsiuma 40,4 milyon manat ödəniləcək. Şirkətlərdən birinin - “Aqri Kon”nun 1,045 milyon manat vergi borcu var.

23 avqust 2021-ci ildə Dövlət Məşğulluq Agentliyi tenderin qalibini elan edib. Yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və mövcud peşə və kvalifikasiya standartlarının yenilənməsi xidmətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "Global Legal" MMC olmuşdur. DMA qalibə 920 min manat ödəyəcək.

Dövlət Məşğulluq Agentliyi 2021-ci ildə 100 milyon manata yaxın zərər edib.

Haqqında

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi, eləcə də məşğulluğunu təmin etmək məqsədilə müxtəlif tədbirləri həyata keçirən icra orqanıdır.

Agentlik Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsili məqsədi ilə müvafiq tədbirləri həyata keçirir, qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişinin təyin olunmasını və ödənilməsini, müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.

Agentlik işəgötürənlərdən boş (vakant) iş yerləri haqqında məlumat toplayır və bu məlumatdan istifadə edərək işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə aktiv məşğulluq tədbirləri (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Agentliyin fəaliyyəti  Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə tənzimlənir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsi, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamları və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi haqqında əsasnamə Agentliyin fəaliyyətini, strateji hədəflərini və xidmət prosesini formalaşdırır.

Tarixi thumb|DMA-nın loqosu

1991-ci il fevral ayında Azərbaycan Sovet Sosialist Respublikasnın Azərbaycan Respublikası adlandırılmasından sonra bir sıra yeni dövlət idarələrinin yenidən qurulması ilə yanaşı, 1 avqust 1991-ci il tarixindən Dövlət Məşğulluq xidməti də fəaliyyətə başladı. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarına əsasən)  Yeni yaradılmış Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti  Azərbaycan Respublikası Ali Sovetinin 27 iyun 1991-ci il tarixli 147-XII nömrəli Qərarı ilə "Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu Haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi.  Həmin Qanun 1 oktyabr 1991-ci il tarixdən qüvvəyə minmişdir.  Əmək və məşğulluğa dair Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər Beynəlxalq Təşkilatların normativ sənədlərinə uyğun olaraq 2001-ci ilin iyul ayında "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu yenilənmişdir.

Əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlərin maliyyələşdirməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin tərkibində respublika səviyyəsində Dövlət Məşğulluğa Kömək Fondu (Məşğulluq fondu, hazırda İşsizlikdən Sığorta Fondu) yaradıldı.

1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarının məşğulluğunun təminatı ilə bağlı hüquqi əsaslar təsbit olunmuşdur. Belə ki, Konstitusiyanın ayrı-ayrı müddəalarında vətəndaşların tam, azad və müstəqil surətdə məşğulluq növü seçmək və s. kimi mühüm hüquqlarının geniş əks olunmuşdur.

16 fevral 2011-ci ildə ARƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ARƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradılıb.

30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb.

13 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib.

30 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi" təsdiq edilib.

Agentliyin strukturu

Mərkəzi aparat Agentlik 2020-ci il 30 iyun tarixindən etibarən fəaliyyətini yeni korporativ strukturu üzrə davam etdirməkdədir. Lakin bu tarixə qədər Agentliyin aparatının əvvəlki strukturu 4 (dörd) ali rəhbər heyətindən - 1 nəfər rəis və 3 nəfər rəis müavinindən, 6 şöbə və hər bir şöbənin tərkibində 2 sektor olmaqla 12 sektor və bu 12 sektorla birlikdə 56 nəfər tam işçi heyətindən ibarət olmuşdur.

Burada digər vəzifələr şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi olaraq təsnif olunurdu. Agentliyin aparatı daha əvvəl Hüquq və daxili nəzarət, Maliyyə və mühasibatlıq, Peşə hazırlığı və sosial tərəfdaşlarla iş, Kadrlar və sənədlərlə iş, Əmək bazarının təhlili, statistika və yerli orqanlarla iş və Özünüməşğulluğun və işədüzəltmə tədbirlərinin təşkilinə kömək şöbələrindən, Hüquq, Daxili nəzarət, Maliyyə, Mühasibatlıq, Peşə hazırlığı və peşəyönümü məsləhətlərinin təşkili, Sosial tərəfdaşlarla iş, Kadrlarla iş, Maliyyə, Əmək bazarının təhlili və statistika, Yerli orqanlarla iş, Özünüməşğulluğun təşkili və İşədüzəltmə tədbirləri və işsizlikdən sığorta ödənişi məsələləri sektorlarından ibarət olmuşdur.

Mərkəzi filiallar ·   Mərkəzi Karyera filialı

·  Mərkəzi Mühasibatlıq və Təyinat filialı

·  Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı

Tabeli qurumlar: ·   Bakı PHM

·  Gəncə PHM

·  Göyçay PHM

·  Qarabağ PHM

Layihələri və xidmətləri

Layihələr

Agentlik tərəfindən bir sıra layihələr həyata keçirilir.

Rəqəmsal layihələr

Agentlik ölkədə işsizlik probleminin həlli, qeyri-formal məşğulluqla mübarizə və s. kimi məsələlərlə yanaşı bir sıra rəqəmsal layihələri həyata keçirir. Bu layihələr arasında “Əmək və məşğulluq” altsistemi (ƏMAS), “Məşğul şəxslərin reyestri”, məşğulluq xəritəsi,  BACAR virtual təlim platforması, elektron əmək birjası, ictimai işlər portalı, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatları sistemi və s. rəqəmsal layihələr yer alır.

ƏMAS - ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması.

Məşğul şəxslərin reyestrində - qanunvericilikdə məşğul hesab edilən şəxslərin məlumatları ilə yanaşı, digər gəlirli şəxslərin məlumatları, o cümlədən şəxslərin xərclərinin (kommunal, kredit və s.) strukturu öz əksini tapacaqdır.

Məşğulluq xəritəsi - iqtisadi zonalar, inzibati ərazi vahidləri (şəhər, rayon, qəsəbə, kənd) və məşğulluq mərkəzləri üzrə  əsas məşğulluq, əmək münasibətləri və demoqrafik göstəriciləri, əmək resursları və əmək və kadr ehtiyatı balansları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sekteral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti barədə məlumatlar, peşələrin atlası və bu qəbildən digər informasiyalar toplanacaq.

Sosial layihələr Agentlik tərəfindən həyata keçirilən sosial layihələr əsasən, şəxslərin peşə hazırlığı, özünüməşğulluq və s. bu kimi istiqamətlərdə həyata keçirilir. Layihələr arasında “Sosial Bağlar”, “ProGro”, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” və s. hesab olunur.

Məşğulluq marafonu Məşğulluq marafonu - Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təmin olunması məqsədi daşıyır. Layihəyə həm işəgötürənlər, həm də Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər qoşula bilər. 2021-ci ildə 602 işəgötürən tərəfindən layihə üzrə 3897 vakansiya verilmiş və həmin vakansiya üzrə 1418 nəfər işlə təmin edilmişdir.

İdeya qutusu 2021-ci ildən etibarən Agentliyin fəaliyyət istiqamətləri üzrə müxtəlif ideyaların vətəndaşlar tərəfindən təklif olunması üçün “İdeya qutusu” layihəsi başladılmışdır.  İdeyalar üç istiqamətdə qəbul edilir:

1.    Agentliyin işinin optimallaşdırılması məqsədilə yeni xidmətlər və ya mövcud xidmətlərin təkmilləşdirilməsi;

2.    Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi;

3.    Özünüməşğulluq zərflərinin təkmilləşdirilməsi. Xidmətlər

Xidmətlər

İşsizlikdən sığorta Agentlik işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması ilə yanaşı, işini itirmiş şəxslərə işsizlikdən sığorta ödəməsini təyin edən orqandır. İşsizlikdən sığorta ilə bağlı məsələlər Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” qanununu ilə tənzimlənir.

Aktiv Məşğulluq tədbirləri “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri aşağıdakılardır:

peşə hazırlığının təşkili; peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi; haqqı ödənilən ictimai işlərin təşkili; əmək yarmarkalarının və əmək birjalarının təşkili;