Molotov-Ribbentrop paktı və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi — Nasist Almaniyası ilə Sovet İttifaqı arasında neytrallıq barədə imzalanmış paktdır. Müqavilə 23 avqust 1939-cu ildə xarici işlər nazirləri İoahim fon Ribbentrop və Vyaçeslav Molotov arasında Moskva şəhərində imzalanmışdır.

Paktın maddələrinə əsasən hər partiya digərinə sülh zəmanəti verirdi və heç bir hökumətin öz müttəfiqi olsa belə, digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi. İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli protokol əsasında Polşa, Litva, Latviya, Estoniya və Finlandiyanın daxil olduğu ərazilər Sovet İttifaqı və Almaniya arasında nüfuz dairələrinə bölünürdü. Gizli protokolda Litvanin Vilnoya olan maraqları da tanınırdı, əlavə olaraq, Almaniya Bessarabiyaya marağının olmamasını elan edirdi. Gizli protokol Nürnberq proseslərində ictimai olaraq meydana çıxana qədər sadəcə şayiə olaraq qaldı.

Bundan sonra Almaniya 1 sentyabr 1939-cu ildə Polşanı işğal etdi. Sovet İttifaqı lideri İosif Stalin də 17 sentyabr tarixində Polşanın işğal edilməsi üçün əmr verdi. Bu hadisədən 1 gün sonra Xalxin Qolda Sovet-Yapon atəşkəsi qüvvəyə mindi. Polşanın bu iki dövlət tərəfindən işğal edilməsindən sonra əlavə Alman-Sovet Sərhəd razılaşması ilə yeni sərhədlər təsbit edildi. Qış müharibəsindən sonra 1940-cı ilin mart ayında Sovet İttifaqı Finlandiyanın Kareliya və Salla bölgələrinin bir hissəsini özünə ilhaq etdi. Bunun ardınca Estoniya, Latviya, Litva və Rumıniya (Bessarabiya, Şimali Bukovina və Hertza bölgəsi) da Sovet İttifaqı tərəfindən ilhaq edildi. Sovet İttifaqı Polşanı işğal etməsininə haqq qazandırmaq üçün Poşadakı etnik belaruslar və ukraynalılar barədə narahat olduqlarını bildirmişdi. Stalinin 1940-cı ildə Bukovinanı işğal etməsi, onun Berlin-Roma-Tokio oxu ilə razılaşdırılmış nüfuz dairələrini pozması demək idi.Brackman, Roman The Secret File of Joseph Stalin: A Hidden Life (2001) p. 341

1939-cu il Sovet İttifaqının Polşanı işğal etməsi zamanı ilhaq edilmiş torpaqlar (Kurzon xəttinin şərqi) İkinci Dünya müharibəsinin sonuna qədər Sovet İttifaqının əlində qaldı və hal-hazırda, Ukrayna və Belarusiyaya aiddir. Keçmiş polyak ərazisi Vilno isə hal-hazırda Litvanın ərazisidir və paytaxt Vilnüs orada yerləşir. Yalnız Belostok bölgəsi və Qalisiyanın kiçik bir hissəsi olan San çayının şərqi Przemysl ətrafı Polşa dövlətinə qaytarıldı. SSRİ tərəfindən 1939-1940-cı illərdə ilhaq edilmiş digər ərazilər olan Finlandiyanın Qərbi Kareliya, Petsamo, Estoniyanın Eston İnqiriyasl və Petseri və Latviyanın Abren bölgələri hətta, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra belə Rusiya Sovet Federativ Sosialist Respublikasının varisi olan Rusiya Federasiyasının ərazisi olaraq qalır. Rumıniyadan ilhaq edilmiş ərazilər də Sovet İttifaqına birləşdirilmişdi. Bu ərazilər əsasında Moldova SSR təşkil edilmiş, digər bölgələr isə Ukrayna SSR-ə verilmişdi. Hal-hazırda, Bessarabiyanın daxili torpaqları əsasında Moldova formalaşmışdır, Bessarabiyanın şimal hissəsi, Şimali Bukovina və Hertza isə birləşdirilmiş və Çernivtsi oblastı adı ilə Ukraynaya daxil edilmişdi. Cənubi Bessarabiya isə Ukraynanın Odessa oblastına birləşdirilmişdi.

Pakt 1941-ci ilin 22 iyununda, Nasist Almaniyasının Barbarossa əməliyyatı ilə Sovet İttifaqına hücum etməsi ilə qüvvədən düşdü. Beləcə, Lebensraumun ideoloji hədəflərindən biri həyata keçirildi. Müharibədən sonra fon Ribbentrop müharibə cinayətlərində ittiham edildi və edam edildi. Molotov Sovet İttifaqının süqut etməsindən 5 il əvvəl - 1986-cı ildə 96 yaşında vəfat etdi. İkinci Dünya müharibəsinin sona çatmasından az sonra Nasist arxivlərində paktın surətləri aşkar edildi və Qərbdə nəşr edildi. Sovet İttifaqı isə 1989-cu ilə qədər belə bir paktın olmasını rədd edirdi. Lakin 1989-cu ildə paktın vaxtilə imzalanması qəbul edildi və paktın imzalanması qınandı. Sovet İttifaqının son lideri Mixail Qorbaçov paktı qınamışdı. Rusiyanın hazırkı prezidenti Vladimir Putin paktı "əxlaqsızlıq" adlandırsa da, "lazımi şeytanlıq" olaraq da müdafiə etmişdi.Timothy Snyder, NYreview of books,putin nostalgia hitler stalin

Arxa plan thumb|Birinci Dünya müharibəsindən sonra Avropadakı ərazi dəyişiklikləri xəritəsi (1923-cü ilə kimi) thumb|İkinci Polşa Respublikasının xəritəsi (1937) Birinci Dünya müharibəsinin nəticəsi həm Alman Reyxi, həm də Rusiya imperiyası üçün fəlakətlə nəticələndi. 1917-ci ildə Rusiyada Bolşevik inqilabı olduqdan sonra vətəndaş müharibəsi başladı və yeni yaranmış Sovet Rusiyasının ilk rəhbəri Vladimir Lenin Finlandiya, Estoniya, Latviya, Litva və Polşanın müstəqilliyini tanıdı. Bundan əlavə, güclü alman hərbi hücumu ilə üzləşən Lenin və Trotski Rusiya imperiyasının qərb torpaqlarının bir çoxundan əl çəkməsi ilə nəticələnən Brest-Litovsk müqaviləsini imzalamağa məcbur oldu.. Almaniyanın məğlub edilməsindən sonra çox millətli müttəfiqlər ordusu Rusiya Vətəndaş müharibəsinə (1917-1922) müdaxilə etdi.

16 aprel 1922-ci ildə Sovet İttifaqı ilə Almaniya Rapallo müqaviləsini imzaladılar. Bu müqaviləyə əsasən hər iki dövlət bir-birilərinə qarşı olan maliyyət və torpaq iddialarından əl çəkdiklərini elan edirdilər.. 1926-cı ildə imzalanmış Berlin müqaviləsinə görə isə hər iki tərəf digərinə hücum olacağı təqdirdə tərəfsiz qalacağını bildirirdi.. Birinci Dünya müharibəsindən sonra iki ölkə arasındakı ticarət kəskin şəkildə azalsa da, 1920-ci illərin ortalarında imzalanan ticarət müqavilələri 1927-ci ilə qədər ticarətin ildə 433 milyon Reyxsmarka qədər artmasına kömək etdi.

1930-cu illərin əvvəllərində Nasist partiyasının Almaniyada hakimiyyətə gəlməsi Almaniya ilə Sovet İttifaqı arasındakı münasibətlərin gərginləşməsinə səbəb oldu. Səbəblərdən biri də Sovet İttifaqınnı əhalisinin böyük hissəsini təşkil edən və Almaniyada sərhəd ərazilərdə yaşayan slavyanların Nasist irqi ideologiyasına görə altinsan () hesab edilməsi idi. Bundan əlavə, anti-semit nasistlər düşmən olduqları yəhudiləri qarşı olduqları maliyyə kapitalizmi və kommunizm ilə əlaqələndirirdilər.. Nasist nəzəriyyəçiləri hesab edirdilər ki, Sovet İttifaqındakı slavyanlar "yəhudi bolşeviklər" tərəfindən idarə olunur.. 1934-cü ildə Hitler öz çıxışında panslavizm və neoslavizmə qarşı qaçınılmaz döyüşdən bəhs etmişdi. O, düşünürdü ki, bu döyüşdəki qələbə dünyanın gələcək taleyini həll edəcəkdi. Lakin, o, qeyd edirdi ki, "əgər ruslar onlara kömək edəcəklərsə, yolun geridə qalan hissəsini ruslarla gedə bilərlər.". Alman anti-bolşevizminin ortaya çıxması və Sovet İttifaqının xarici borclarının artması Alman-Sovet ticarətinin kəskin şəkildə azalmasına səbəb oldu. Almaniyaya sovet mallarının idxalı 1934-cü ildə 223 milyon reyx markasına düşdü, çünki daha təcridçi Stalinist rejim gücünü təsdiq etməyə çalışırdı və Birinci Dünya müharibəsindən sonrakı Versal hərbi nəzarət müqaviləsi Almaniyanın Sovet idxalına olan etimadını azaltmışdı.

1936-cı ildə Almaniya və İtaliya İspaniya Vətəndaş müharibəsində ispan millətçilərini dəstəkləsələr də, Sovet İttifaqı qismən sosialistlərin üstün olduğu İkinci Respublika tərəfdarlarını müdafiə edirdi.. Beləliklə, İspaniya Vətəndaş müharibəsi Almaniya və SSRİ arasında proksi müharibəyə çevrildi.. 1936-cı ildə Almaniya və Yaponiya Antikomintern paktına daxil oldular. Növbəti il pakta İtaliya da qoşuldu...

1939-cu ilin 31 martında Böyük Britaniya Polşaya ilə razılaşma əldə etdi. Bu razılaşmaya görə, Polşanın suverenliyinə hər hansısa açıq təhdid olardısa, Böyük Britaniya onu müdafiə edəcəyinə zəmanət verirdi. Bu Hitlerin qəzəbinə səbəb oldu. Bu razılaşma göstərirdi ki, Britaniya artıq Avropadakı maraqlarını daha qəti formada müdafiə edəcəkdir və artıq torpaq əldə etmə Almaniyanın Çexoslovakiyadan ərazi ilhaq edilməsi kimi asan olmayacaqdır. Hitlerin bu gedişə cavabı özünü çox gözlətmədi. Hitler Vilhelmshavendəki çıxışında buna cavab verdi. Çıxışında bildirdi ki, "dünyadaki heç bir qüvvə alman gücünün qarşısını ala bilməz. Əgər qərbli müttəfiqlər düşünürlərsə ki, onlar öz "satellit dövlətlərini" öz maraqlarına uyğun hərəkətə gətirərkən Almaniya sadəcə seyr edəcək, deməli onlar yanılırlar." Britaniya-Polşa yaxınlaşmasının baş tutması Hitlerin Moskvaya yönəlik siyasətini dəyişməsinə səbəb oldu. Alfred Rozenberq yazır ki, onun Herman Görinqlə Sovet İttifaqı ilə potensial müttəfiqlikləri ilə bağlı söhbəti zamanı Görinq "əgər Almaniyanın həyatı ortadadırsa, hətta Moskva ilə müvəqqəti ittifaq belə düşünülməlidir" demişdir. 1939-cu ilin may ayının əvvəllərində Hitlerin yaşadığı Berqofda Ribbentrop Hitlerə Sovet İttifaqının son hərbi paradında öz ordusunu seyr edən Stalinin videosunu göstərdi. Hitler Ribbentropun ideyası ilə maraqlanmağa başladı. Ribbentrop Hitlerə Stalinin "iş görülə biləcək adama oxşadığını" bildirmişdi. Sonda Hitler Stalinlə danışıqlara başlamaq üçün yaşıl işıq yandırdı.

Münhen sazişi

Hitlerin güclü formada Sovet İttifaqına qarşı olduğuna görə Fransa və Britaniya Çexoslovakiya ilə bağlı konfransa Sovet İttifaqını çağırmamışdılar. Onlar bunun mənasız və təhlükəli ola biləcəyini düşünürdülər.... Münhen sazışı 1938-ci ilin sonlarında imzalanmışdır və Çexoslovakiyanın ərazilərinin bir hissəsinin almanlar tərəfindən ilhaq edilməsi ilə nəticələnmişdir. Bu proses 1939-cu ilin martında sona çatdırılmışdır. Almaniyanın "şirnikləndirilməsi" və şərqə doğru yönləndirilməsi Nevill Çemberlen və Eduard Daladye hökumət kabinetlərinin siyasətləri ilə əlaqəli idi. Bu siyasət Hitlerin siyahısındakı növbəti qurbanın Sovet İttifaqı olub-olmaması sualını ortaya çıxardı.. Sovet rəhbərliyi inanırdı ki, Qərb Almaniyanın aqressiyasını şərqə doğru yönəldir və Fransa, Britaniya Almaniya tərəfindən başladılacaq müharibədə bitərəf qalacaqlar və döyüşən tərəflərin, yəni Sovet İttifaqı və Almaniyanın gücünün zəifləməsindən sonra öz siyasətlərini diktə edəcəklər.

Almaniya avtarkik iqtisadi modelə və Britaniya ilə ittifaqın qeyr-mümkünlüyünə görə Sovet İttifaqı ilə yaxınlaşmağa başladı. Bu prosesdə təkcə iqtisadi faktorlar rol oynamasa da, yaxınlaşma prosesinə Almaniyanın Sovet İttifaqından xammal ixrac etmək istəməsi də təkan vermişdi. Hər hansısa müharibə halında gözlənilən Britaniya blokadası Almaniyada bir neçə həyati əhəmiyyətli xammaddənin çatışmamasına səbəb olacaqdı. Münhen sazişindən sonra Alman hərbi təchizatında artan ehtiyac və Sovet İttifaqının hərbi texnika tələbləri iki ölkə arasında danışıqların başlamasına səbəb oldu. Danışıqlar 1938-ci ilin sonundan 1939-cu ilin martına qədər davam etdi. Üçüncü Sovet Beş İllik Planına görə Sovet İttifaqının yeni sənaye texnikalarına və alətlərinə ehtiyacı var idi. Almaniyada isə müharibə planlayıcıları hesablamışdılar ki, Sovet xammaddələri olmadan Almaniya müharibəyə girsə fəlakətlə üzləşə bilər.

31 mart 1939-cu ildə Almaniyanın Münhen sazişini kobud şəkildə pozaraq Çexoslovakiyanı tutmasına cavab olaraq Böyük Britaniya Polşanın, Belçikanın, Rumıniyanın, Yunanıstanın və Türkiyənin müstəqilliyinə zəmanət verdiyini elan etdi... 6 aprel tarixində Polşa və Britaniya zamənatə məsələsini hərbi ittifaqa çevirdilər və müqavilə imzaladılar.. 28 apreldə isə Hitler 1934-cü il Alman-Polyak hücum etməmə paktının və 1935-ci il Anqlo-Alman dəniz razılaşmasını ləğv etdiyini elan etdi..

thumb|right|1938-ci ilin oktyabr və 1939-cu ilin mart ayında qonşuları tərəfindən Çexoslovakiyadan alınmış ərazilər